vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
AKTUAL  
12:10 | 10 oktyabr 2019 | Cümə axşamı Məqaləyə 3882 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ştaynmayer diplomatiyası

Bəlkə bütün münaqişələri Almaniya prezidentinə həvalə edək?

Hüseynbala SƏLİMOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Mübaliğəsiz demək olar ki, Ukrayna-Rusiya proseslərinin sayəsində Ştaynmayer soyadı media dairələrində ən populyar və ən çox hallanan familiyadır.

Təsadüfi deyil, Almaniya prezidentinin Gürcüstana səfər etməsi haqqındakı xəbəri eşidər-eşitməz siyasi təhlilçilər bu qərara gəldilər ki, yəqin prezident F-V.Ştaynmayer bu dəfə də Abxaziya və Cənubi Osetiya münaqişələrini həll etmək üçün öz düsturunu təklif etməyi düşünür.

Amma nə qədər qəribə olsa da, Almaniya prezidenti özü kateqorik şəkildə bunu inkar etdi. Maraqlıdır ki, o, öz səfərini Gürcüstanın NATO-ya üzvlüyü məsələsi də bağlamadı, halbuki həmin günlər Şimali Atlantika Şurasının üzvləri də Gürcüstanda səfərdə idilər və bu, onların qonşu Gürcüstana sayca beşinci səfəri idi.

Düşünmək olardı, Almaniya prezidentinin səfəri qeyri-işçi və hətta bir qədər şəxsi xarakter daşıyırdı, amma məlumdur ki, heç də belə deyildi – bu, tamam rəsmi səfər idi, onun çox ciddi protokolu və qrafiki vardı və almaniyalı yüksək qonaq demək olar, gürcü siyasi isteblişmentinin bütün təmsilçiləri ilə görüşdü və bunu öz müsahibəsində təsdiq etdi.

Üstəlik, biz özümüz demək olar, əlçatan əksər məlumatları izlədik və bütün bu xəbərlərdə deyilirdi ki, almaniyalı qonaq Gürcüstan ərazisində mövcud olan münaqişə ocaqlarına da baş çəkməyə hazırlaşır.

Bunları oxuyandan sonra şübhə yeri qalmadı ki, ilkin mülahizələr həqiqətən də doğru imiş, Ştaynmayer özünün diplomatik bacarığını yeni bir müstəvidə, artıq Abxaziya və Cənubi Osetiya münaqişələrinə tətbiqən yoxlamaq və sülh üzrə Nobel mükafatı almaq üçün öz şanslarını sınamaq qərarına gəlibdir - əlbət ki, onun məşhur formulu Ukraynaya tətbiqən bir nəticə verərsə...

F-V.Ştaynmayerin öz səfərinin məqsədini gizlətməyə çalışmasına gəldikdə isə, prosesin başlanğıcında bütün diplomatlar belə edir və bu demək olar ki, diplomatiyanın “qızıl qaydası”dır: danışıqlar qapalı bir atmosferdə keçməlidir ki, diplomatlar öz mövqelərini yaxınlaşdıra və ortaq məxrəc formalaşdıra bilsinlər.

Hər şey dərhal açıqlansa, o halda yüzə - yüz demək olar ki, heç nə alınmayacaq, çünki siyasətdən fərqli olaraq diplomatiya səs-küyü sevmir, xüsusən də nəzərə alanda ki, hamının hər şeyi bilmək vaxtı gələndə onsuz da hay-küy olacaq. Siz Ukraynadakı son proseslərə baxın: danışıqların “Ştaynmayer formulu” əsasında aparıldığı açıqlanan kimi etiraz aksiyaları başladı və bəzi siyasi dairələr hətta prezident V.Zelenskini xəyanətdə belə ittiham etdilər...

Digər detallar da var ki, onlar da dolayı yolla işarə edir ki, gürcülər də Moskvayla danışmaq və anlaşmaq niyyətindədirlər ki, bəlkə Abxaziya və Cənubi Osetiya problemlərini “ölü nöqtə”dən tərpədə bildilər. Elə bu günlərdə Gürcüstanın xarici işlər nazirinin BMT Baş Məclisinin sessiyasında öz rusiyalı həmkarı ilə görüşməsi də bunun bir nişanəsi ola bilər.

Amma qeyd edək ki, hətta bu epizod Gürcüstanda böyük narazılıq doğurdu. İndi təsəvvür edin, gürcü hakimiyyəti və yaxud da Ştaynmayer özü durub niyyətini dərhal açıqlasaydı hansı mərəkə başlayardı!..

Məsələ bundadır ki, münaqişələrin dinc yolla çözümü zamanı kompromissiz keçinmək olmur. Bir çox hallarda isə onlar o qədər ciddi və qabarıq olurlar ki, hətta prosesi başa çatdırmaq mümkün olmur. Elə bu səbəbdən şəxsən biz Ukraynada hər şeyin rahat, necə deyərlər, ekssezsiz keçəcəyinə şübhə, özü də böyük şübhə ilə yanaşırıq, çünki söhbət Ukraynanın ciddi şəkildə federallaşmasından gedir. Amma burada bir rusiyalı politoloqun fikri mənə bir qədər inam verir. O, deyir ki, Rusiya dünyanın yarısını tutub, amma onu yedizdirmək iqtidarında deyil – bəli, ruslar açıq şəkildə işarə edirlər ki, necə deyər, bir səhv edib Krımı tutmuşuq, amma Şərqi Ukraynanı da yedirtmək halımız yoxdur...

Qonşu Gürcüstana gəldikdə, burada federallaşma-filan insanları qorxutmur, demək olar, hamı razıdır ki, mövcud etnik münaqişələri həll etmək üçün Gürcüstanın ciddi şəkildə federallaşması zəruridir. Hətta bir çoxu belə hesab edir ki, Gürcüstan konfederativ dövlət də ola bilər. Burada əsas problem başqadı: Rusiyanı danışıqlara razı salmaq mümkün olacaqmı? Axı Moskva Abxaziyanın və Cənubi Osetiyanın “müstəqilliyini” tanıyıbdır! Odur ki, qarşıda çox çətin proses gözlənir.

Aydındır ki, Gürcüstanın NATO-ya inteqrasiyası da bu məsələyə dirənibdir. Əvvəldə dedik, bu günlərdə NATO rəsmiləri yenə də qonşu Gürcüstanda səfərdə idilər. Son vaxtlar Gürcüstanın NATO-ya müəyyən şərtlərlə qəbulu müzakirə olunur – məsələn, elə bir qəbul ki, bu, Osetiya və ya Abxaziyaya şamil olunmasın.

F-V.Ştaynmayerin səfəri bu konteksdə də diqqətəlayiqdir, çünki Gürcüstanın NATO-ya üzv olmasında Almaniya mühüm amillərdən biri hesab olunur. Dəfələrlə qeyd olunub ki, Almaniya kansleri A.Merkel bu məsələdə heç də poztiv rol oynamır, prosesi tormozlayır. Amma Merkel erası da bitməzk üzrədir, əlbəttə, xanım kansler prezident olmaq fikrinə düşməsə...

Bir sözlə, qəliz vəziyyətdir. Amma yenə də bir az əvvəldə dediyimiz fikrə qayıtmaq istərdik: Rusiyaya qalsa, bütün dünyanı qamarlar, amma onu yedirtmək də lazımdır...

Bütün hallarda, düşünürük ki, Ştaynmayerin və gürcü siyasətçilərinin biri-birinə deyiləsi sözləri çox idi. Ən azı ona görə ki, ötən əsrin əvvəllərində Gürcüstan Demokratik Respublikasının formalaşmasında almanlar mühüm rol oynamışdılar –həqiqətən də tarix spiral üzrə hərəkət edir...