vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
MÜBAHİSƏ  
08:27 | 20 yanvar 2014 | Bazar ertəsi Məqaləyə 1643 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Bakıdan üç səfərin sirri»

Elxan Şahinoğlu: «Moskva Gömrük İttifaqı mövzusunda Bakıya təzyiqi artırdığından Azərbaycan hakimiyyəti təhlükəsizlik sahəsində Qərblə əməkdaşlığı qabağa aparmaq qərarına gəlib...»

KƏNAN

MÖVZU İLƏ ƏLAQƏLİ

«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Elxan Şahinoğlu ötən həftə Azərbaycan xarici siyasətində üç mühüm hadisəni qəzetimizə şərh edib.

- Ötən həftə Azərbaycan prezidenti Brüsselə, müdafiə naziri Parisə, Qafqaz Müsəlmanları İdarəsinin başçısı isə Türkmənistana səfər etdi. Bu səfərlərin üst-üstə düşməsi ilə nəsə əlaqə varmı?

- Bəli, var. İlham Əliyev prezident seçildikdən sonra Qərb ölkələrinə səfərlərlə bağlı rəsmi dəvətlərdən maksimum istifadə etməyə çalışır. Bu səfərlər onun legitimliyini artırır və beynəlxalq aləmin prezident seçkisiylə bağlı sərt ritorikasının yumşalmasına yol açır. İlham Əliyevin NATO-nun baş katibi Anders Foq Rasmussenlə görüşündən və mətbuat konfransında səsləndirdiyi açıqlamalardan bu qənaətə gəlmək olar ki, Bakı Şimali Atlantika Bloku ilə əməkdaşlığını genişləndirməkdə maraqlıdır. Bunu Rusiyanın Cənubi Qafqaz və Azərbaycana artan təzyiqi ilə də əlaqələndirmək olar. Moskva Gömrük İttifaqı mövzusunda Bakıya təzyiqi artırdığından Azərbaycan hakimiyyəti təhlükəsizlik sahəsində Qərblə əməkdaşlığı irəliyə aparmaq qərarına gəlib. 

- Qərbin təhlükəsizlik strukturlarına yaxınlaşmaq istəyi özünü nədə büruzə verir?

- Birincisi, İlham Əliyev müdafiə naziri postuna Zakir Həsənovu təyin etməklə orduda canlanma yaratmaq istəyir. Səfər Əbiyevin dövründə NATO ilə əməkdaşlığa müqavimət göstərən generallar digərləri ilə əvəz olunur. Ordunun ərzaqla təminatının da NATO standartlarına keçidi üçün müvafiq işlər görülür. İkincisi, NATO rəhbərliyi Azərbaycanın Əfqanıstandakı İSAF qüvvələri çərçivəsində əməkdaşlığını davam etdirməsindən məmnundur. İlham Əliyev Brüsselə səfəri günü NATO ilə əməkdaşlığı genişləndirmək baxımından önəmli jest etdi, əfqan ordusuna dəstək fonduna 1 milyon avro ayırdı. Azərbaycan hakimiyyəti bundan əvvəl də Əfqanıstana maliyyə yardımı edirdi, əfqan mütəxəssislərin, dövlət qulluqçularının Bakıda müxtəlif kurslara cəlb edirdi. Bununla Azərbaycan Əfqanıstanda sülh və təhlükəsizliyin bərqərar edilməsi prosesinə dəstəyini verir ki, bu Qərbin maraqları çərçivəsindədir. Çünki NATO qüvvələri bu il Əfqanıstanı tərk etsə də, bu ölkədə sabitliyin davamlı hal almasında maraqlıdır. Digər tərəfdən, rəsmi Bakının silah və döyüş sursatları olmayan yüklərin təqribən 40 faizinin Azərbaycan ərazisi ilə Əfqanıstana çatdırılmasında da önəmli rol oynayır. Bir başqa müsəlman ölkəsi Əfqanıstan məsələsində NATO-ya Azərbaycan qədər dəstək vermir və bu amildən İlham Əliyev Qərbdə imicini gücləndirmək üçün maksimum istifadə etməyə çalışır. Üçüncüsü, Bakı enerji yataqlarının və boru xətlərinin təhlükəsizliyi məsələsində də NATO ilə əməkdaşlığını, məsləhətləşmələrini genişləndirmək fikrindədir. 

- Sadaladığınız amillər Azərbaycanın NATO ilə yaxınlaşması üçün yetərlidirmi?

- Əlbəttə, yetərli deyil. Rəsmi Bakının NATO ilə fərdi əməkdaşlığı genişləndirməsi də vacibdir. NATO rəhbərliyi hələ ki, Bakını tələsdirmir. Ancaq Azərbaycan hakimiyyəti əvvəlki illərdə olduğu kimi İPAP proqramı çərçivəsində ləngliyi ortadan qaldırmalıdır. Keçmiş müdafiə naziri Səfər Əbiyev İPAP proqramının icrasında maraqlı deyildi. Yeni müdafiə naziri Zakir Həsənov bu prosesi sürətləndirməlidir. NATO baş katibinin «biz dialoq və əməkdaşlığımızı dərinləşdirə bilərik» sözləri də Brüsselin Azərbaycan hakimiyyətindən gözləntilərinin böyük olduğuna işarədir. Böyük ehtimalla NATO rəhbərliyi İlham Əliyevin ardından Zakir Həsənovu da yaxın müddətdə Brüsselə rəsmi səfərə dəvət edəcək. 

- İlham Əliyevin Brüsselə səfəri ilə eyni günlərdə müdafiə naziri Zakir Həsənov Parisdə səfərdə idi. Bu səfərin nəticələrini necə dəyərləndirmək olar? 

- Zakir Həsənovun Parisdə fransalı həmkarı ilə hərbi əməkdaşlıq haqqında texniki saziş imzalaması diqqəti çəkən amil idi. Maraqlıdır ki, Zakir Həsənov yeni posta təyin olunduqdan sonra onunla Bakıda ilk görüşənlərdən biri məhz Fransa Müdafiə Nazirliyinin nümayəndə heyəti olmuşdu. Bakı Parislə münasibətlərə xüsusi önəm verir. İlham Əliyev və xanımı Mehriban Əliyeva tez-tez Parisə səfər edir, əlaqələrin inkişaf etdirilməsi yollarını müzakirə edirlər. Avropa Birliyi ölkələri içərisində Azərbaycanın qeyri-neft sektoruna ən çox maraq göstərən də Fransa şirkətləridir. Fransa-Azərbaycan münasibətlərində yeganə zəif həlqə hərbi əlaqələrdir.

- Bu zəif həlqənin gücləndirilməsi mümkündürmü?

- Qərb ölkələri, o cümlədən Fransa Dağlıq Qarabağ münaqişəsinə görə, Azərbaycan və Ermənistana qarşı silah embarqosu tətbiq edirlər. Ancaq bu embarqonun elə bir əhəmiyyəti qalmayıb. Çünki Azərbaycan və Ermənistan onlara lazım olan silahları Rusiya, Ukrayna, Çin və İsraildən alırlar. Ona görə də, artıq Paris də anlayıb ki, tətbiq olunan embarqo işləmir. Əskinə bu embarqo Fransanın müdafiə sənayesinə zərər vurur. Embarqo olmasaydı, Azərbaycan başqa ölkələrdən aldığın silahları Fransadan ala bilərdi və Paris bu sazişlərdən milyardlarla dollar qazanardı. İndi isə bu qazanc əsasən İsrailə çatır. Ona görə də, Azərbaycanın müdafiə naziri Parisə səfəri zamanı bu ölkənin Azərbaycana silah satmaq istəyini də müəyyənləşdirməyə çalışıb. 

- Fransa Azərbaycana silah sata bilərmi?

- Əlbəttə, Fransanın embarqo qərarından imtina edib tezliklə Azərbaycana İsrail kimi müasir silahlar satacağını gözləmək çətindir. Ancaq Fransa birinci mərhələdə ABŞ-ın nümunəsindən yararlana bilər. ABŞ Azərbaycana böyük miqdarda silah satmasa da, Azərbaycanın quru və dəniz sərhədin qorunması məqsədilə Bakıya hərbi-texniki avadanlıqlar, katerlər göndərir. Fransa-Azərbaycan hərbi əməkdaşlığı da kiçik addımlarla başlaya, Azərbaycanın müdafiə sənayesi sektoruna maraq göstərə bilər. 

- Bəs Paris erməni lobbisinin mümkün təzyiqinə necə reaksiya verər?

- Aydındır ki, Fransanın Azərbaycanla geniş hərbi əməkdaşlığa başlaması bu ölkədəki erməni lobbisini hərəkətə keçirəcək, onlar bu əməkdaşlığa mane olmaq üçün Parisə təzyiq etməyə çalışacaqlar. Ancaq Fransa Azərbaycanla hərbi əməkdaşlıqdan milyardlar qazanacaqsa, erməni lobbisinin maneəsi nəzərə alınmaya da bilər. Rusiya da Fransa-Azərbaycan hərbi əməkdaşlığına mane ola bilməz. Çünki özü də qarşı duran tərəflərdən birinə silahı satır, digərinə silahı peşkəş verir. Paris Azərbaycana silah satmağa qərar verərsə, bu Fransanın həm siyasi və hərbi oyunçu kimi Cənubi Qafqazdakı rolunu artıracaq, həm də Azərbaycanla strateji tərəfdaşlığı yeni mərhələyə qaldıracaq. 

- Allahşükür Paşazadənin Aşqabada qəfil səfərinin arxasında hansı səbəblər dayanırdı?

- Paşazadə Aşqabada İlham Əliyevin təlimatıyla gedib. Bu səfər Bakı üçün Brüssel və Paris səfərləri qədər əhəmiyyətli idi. Çünki Azərbaycanın Türkmənistanla münasibətlərini inkişaf etdirməyə ehtiyacı var. Azərbaycanla Türkmənistan arasındakı yaxşı münasibətlər Qərbin də maraqlarına cavab verir. Qurbanqulu Berdiməhəmmədov Türkmənistan prezidenti seçildikdən sonra Aşqabad-Bakı münasibətlərində nisbətən yumşalma qeydə alındı. Türkmənistan prezidenti 2008-ci ildə Bakıya rəsmi səfər etdi. Bu səfər çərçivəsində iki ölkə arasında Xəzərin statusu məsələsinə və mübahisəli «Kəpəz» yatağına aydınlıq gətirilməsə də, hər halda hər iki tərəf bir-birlərinin mövqelərinin əleyhinə addım atmayacaqlarını qərarlaşdırdılar. Ancaq 2012-ci ilin iyul ayında iki ölkə arasında münasibətlər yenidən gərginləşdi. Ona görə də Paşazadənin qəfil Aşqabada səfər etməsi «münasibətlər normallaşa bilərmi» sualını yenidən gündəmə gətirdi. Nə Bakı, nə də Qərb Aşqabadın Moskva və Tehranın əlində alət olmasını istəyir. Ona görə də, hazırda ən vacib məsələ Türkmənistanı Azərbaycanla və Azərbaycan üzərindən Qərblə əməkdaşlığa sövq etməkdir. 

- Rəsmi Bakı və Qərb Türkmənistanın dəyərini yüksək qiymətləndirdiyi kimi, Aşqabad da bu əməkdaşlıqda maraqlıdırmı?

- Bölgənin enerji resursları Azərbaycan üzərindən Avropaya daşınır. TAP və TANAP boru xətlərinin çəkilişi Aşqabadın da diqqətini çəkib. Türkmənistan da öz qazını Azərbaycan üzərindən Avropaya daşınmasında, o cümlədən TAP və TANAP boru xətlərinə qoşulmaqda maraqlıdır. Bunun üçün Xəzərin dibi ilə 300 kilometrlik boru xətti çəkilməlidir. Maliyyə baxımından bu elə də problemli layihə deyil. Əsas problem Rusiya və İranın maneəsidir. Hər iki dövlət Xəzərin statusunun müəyyənləşməməsini və ekologiyasını bəhanə edərək, Xəzər dənizinin dibi ilə boru xəttinin çəkilişinə mane olur. Ancaq əgər Türkmənistan və Azərbaycan öz aralarında Xəzər dənizindəki sərhədlərini müəyyənləşdirərlərsə, Moskva və Tehran Aşqabadla Bakının ortaq qərarına mane ola bilməyəcəklər. Allahşükür Paşazadənin ardınca yaxın müddətdə İlham Əliyevin də Aşqabada səfəri reallaşa bilər. Ən önəmlisi Azərbaycan-Türkmənistan yaxınlaşmasına Qərbin real dəstək verməsidir.