«Qışqırırdı ki, «çəkmişəm»»
Müğənninin konsertindəki qətlin təfərrüatları
Musiqi klubundakı mübahisə dava ilə bitib. Mübahisə edənlərdən biri aldığı bir yumruq zərbəsi ilə canından olub. Qətlin təfərrüatları məhkəmə prosesində məlum olub. Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Fərhad Musayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.
İlk şahid kluba müştəri kimi gələn Cavidan Yusifova olub. Hadisə günü qətlin baş verdiyi kafedə qonaq olduğunu deyən C.Yusifov bildirib ki, dünyasını dəyişən Telman Məmmədov içkili olub.
Şahid mərhumun və yanında olan dostu Rahilin söyüş söydüklərini də deyib: «Özlərini apara bilmirdilər. Onlar həmişə kafeyə birlikdə gəlirdilər. Çox vaxt bizə maneçilik yaradırdılar. Fərhad Telmana yaxınlaşıb sakit olmasını istəyəndə mübahisə düşdü. Sonra Telmanla Fərhad birlikdə kafedən çölə çıxdılar. Çöldə olanları bilmədim, amma sonra Telman içəri girdi. Onun halı pis idi. Bir müddət sonra Telman çıxıb getdi. Səhər kluba qayıdanda Telmanın öldüyünü eşitdim».
Növbəti şahid Diana Zeynalova olub. O, hadisənin baş verdiyi klubda barmen işlədiyini bildirib. Onun sözlərinə görə, mərhum Telman və Rahil kafeyə gələndə müştəriləri narahat edən hərəkətlər ediblər: «Səs-küy salmağa başladılar. Telman qışqırırdı ki, «çəkmişəm». Özünün dediyindən və hərəkətlərindən məlum olurdu ki, onların hər ikisi içkilidir və çəkiblər. Fərhad onlara yaxınlaşıb sakitləşdirmək istədi. Birlikdə kafedən çölə çıxdılar. Bir qədər sonra Telman içəri qayıtdı. Onun içəri gəldiyini gördüm, amma səhəri günü Telmanın öldüyü eşitdi».
Hadisənin baş verdiyi klubda ofisiant işləyən Kamil Rəşidov da şahid qismində ifadə verib. O, da digər şahidlər kimi mərhum Telman və Rahilin klubda olarkən içkili olduqlarını söyləyib. Əlavə edib ki, bir müddət sonra Fərhadla Telman çölə çıxıblar: «Mən dəhlizin qabağına çıxdım. Telman yerə uzanmışdı. Fərhad onu yerdən qaldırdı. Telmanın halı pis idi. Onu divana uzatdıq ki, özünə gəlsin. Fərhad da tez-tez ona yaxınlaşıb halını soruşurdu».
Həbs edilən Fərhad Musayevin dostu Ceyhun Abdullayev şahid kimi dindirilərkən deyib ki, hadisə günü o da klubda olub: «Ora dostlarımı görməyə gəlmişdim. Bir az sonra kafeyə iki nəfər gəldi. Biri stolu qaldırıb, səs-küy salırdı. Həmin zaman Fərhad onlara yaxınlaşıb, sakitləşdirmək istədi. Sonra onları çölə çıxardı. Hər iki şəxs də zaldan çölə çıxıb, tualetə tərəfə getdi. Orada həmin şəxslərdən biri Fərhada əl-qol atdı. Telmanla Fərhad bir-birini çəkişdirəndə o, yerə yıxıldı. Fərhad Telmanı yerdən qaldırdı. Onun üzünə su vurub ayıltdılar. Fərhadın onu vurduğunu görməmişəm. Telmanın da üzərində heç bir zorakılıq əlaməti yox idi».
Məhkəmədə sualları cavablandıran şahid bu dəfə fərqli fikir bildirib. O, sonradan təsdiqləyib ki, təqsirləndirilən F.Musayev mərhum Telman Məmmədovun sifətinə yumruq vurub.
Hadisənin əsas şahidi olan Rahil Məlikov da ifadə verib. O, mərhumun yanında olan dostudur. R.Məlikov bildirib ki, hadisə günü kluba mərhum Telmanla bir yerdə gedib.
Telmanla qardaş münasibətlərinin olduğunu deyən şahid bildirib ki, klubda pivə içdikdən sonra Telman stolu yuxarı qaldırıb. Bu zaman Fərhad onlara yaxınlaşaraq sakit olmağı tələb edib: «Bizi çölə çıxardı. Fərhad bizi tualet tərəfə apardı, orada söhbət etdik. Telman orada özünü apara bilirdi. Tualetin yanında üçümüz idik. Söhbət zamanı Fərhad söyüş söyürdü. Qəflətən Fərhad Telmanın üzündən yumruqla vurdu. Telman yerə yıxılanda başı yerə dəydi. Telmanın burnundan qan gəldi. Qanı təmizlədik. O, özünə gələndə çölə çıxardıq. Nə qədər dedik, həkimə getmədi. Fərhad da ona təklif etdi, amma Telman razı olmadı. Getdik çayxanada çay içdik. Fərhad da ora gəldi. Evə getdik. Telman üşüdüyünü dedi. Əynimdəki paltarı ona verdim».
Hadisə bu il mart ayının 26-da Nəsimi rayonu, Bül-Bül prospektindəki, «Do Re Mi» klubunda baş verib. Klubda inzibatçı işləyən Bakı şəhər sakini Fuad Musayevlə müştərilərdən Telman Məmmədov arasında mübahisə yaranıb.
Mübahisə zamanı Fuad Telmana bir yumruq zərbəsi vurub. T.Məmmədovun başı yerə dəydiyindən halı pisləşib. Onun vəziyyətinin ağır olduğunu görən F.Musayev onu Xırdalandakı evinə gətirib. Bir neçə saat ağır vəziyyətdə qalan T.Məmmədov orda dünyasını dəyişib.
F.Musayev barəsində Cinayət Məcəlləsinin 126.3-cı (qəsdən sağlamlığa ağır zərər vurma, bu Məcəllənin 126.1-ci və 126.2-ci maddələrində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham olunur. Bildirək ki, hadisə baş verən gün müğənni Elvin Babazadənin klubda solo proqramı var imiş.
Növbəti məhkəmə iclası avqustun 25-nə təyin edilib.