vaxtlı-vaxtında oxuyun! Bazar, 5 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
GÜNEY  
17:44 | 21 yanvar 2014 | Çərşənbə axşamı Məqaləyə 2456 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Jurnalistlər iranlı məmuru aldatdı

«Yalandan dedik ki, bizi Ağayi Xudayi göndərdi, o da cavabında «gedin durbininizi gətirin» dedi»

Pərviz Əzimov, Fotolar: Orxan Əzim

Qaynar.info «Tarixi izlər - fotolarda» layihəsi çərçivəsində Pərviz Əzimovla Orxan Əzimin Təbriz reportajını təqdim edir:

Pərviz Əzimov, Fotolar: Orxan Əzim- «Tarixi izlər» foto layihəsi təsdiqlənəndən sonra dostlarla layihənin icrası məsələsində məsləhətləşmələrə başladıq. Layihə çərçivəsində səfər ediləcək 3 yer var idi: Dərbənd, Borçalı vilayəti və Təbriz. 
Səfər ediləcək yerlərə baxan insanların ilk sualı bu olurdu: «Hansı ağılla Təbrizi yazmısız? Orada çəkiliş aparsanız tutacaqlar sizi, hələ-hələ səni mütləq... (Pərviz Əzimov olaraq məni nəzərdə tuturdular)».
Əslində, Orxan Əzimlə özümüz də narahat olmağa başlamışdıq. İlk əvvəllər bu sözləri ciddiyə almasaq da, sonralar narahatlıq istər-istəməz yaranmağa başladı. Təbriz səfərimizdən sağ-salamat qayıda biləcəyimiz müəmmalı olduğu üçün ilk səfərləri Dərbəndə və Borçalı vilayətinə etdik. Düşündük ki, heç olmasa, əvvəl bu əraziləri çəkək, sonra gedək Təbrizə.
İlk 2 səfərdən sonra Təbriz səfəri üçün gün müəyyənləşdirdik - 9 dekabr tarixində yola düşməli idik. Qərarlaşdırdıq ki, bununla bağlı İranın Azərbaycandakı səfirliyinə rəsmi müraciət edək və rəsmi şəkildə icazə alaq. Etdiyimiz müraciətə çox gec cavab verildiyinə görə, planlaşdırdığımız vaxtda Təbrizə gedə bilmədik. İranın Azərbaycandakı səfirliyi isə bütün cəhdlərimizə baxmayaraq etdiyimiz müraciətə heç bir cavab vermədi. 
Sadəcə bunu dedilər: «Gedin Təbrizə, orada İran Xarici İşlər Nazirliyinin Təbriz nümayəndəliyinə gedərsiz. Nümayəndəlikdə Ağayi Neməti var. Ona deyin ki, bizi Bakıdakı konsulluqdan Ağayi Mövlai göndərdi və məqsədinizi deyin. Sizə çəkiliş üçün icazə verəcəklər. Nəsə problem olsa, mənimlə əlaqə saxlasınlar. Mən onlara deyərəm, icazə verərlər». 
9 dekabr tarixi artıq keçdiyi üçün səfərin vaxtını dəyişib 24 dekabr tarixinə bilet aldıq. Hava limanına getdik. Bu dəfə yenə səfərimiz alınmadı. Təyyarənin uçuş vaxtı gəlsə də, hələ də qapılar açılmamışdı. Nəhayət, AZAL-ın nümayəndələrinə yaxınlaşıb, «1 saatdır padvalda gözləyirik. Təyyarə niyə uçmur?» sualını verdik. AZAL nümayəndəsi isə Təbrizdə havanın buludlu olduğunu və təyyarənin 2 saat sonra uçacağını dedi. 2 saat keçdi yenə təyyarə uçmadı və beləliklə, 5-6 saat gözlədik. Nəhayət, bu gün uçuş olmayacaq dedilər. Geri qayıtdıq, biletin vaxtını dəyişib 7 yanvar tarixi ilə əvəzlədik. 
Nəhayət, 7 yanvarda 3-cü dəfə cəhd edib, Təbrizə yola düşdük...

İlk həyəcan

«Təbrizdə havanın temperaturu mənfi 1 dərəcədir». Bu sözləri eşidəndə, əlimdəki jurnala oxumaqdan başımı qaldırıb, ətrafa baxdım. Artıq çatmışdıq.
Təyyarədən enib gömrük keçidində, pasport yoxlaması üçün növbəyə dayandıq. Demək olar ki, sırada ən axırıncı yerlərdə mənimlə Orxan idi. Bir neçə dəqiqədən sonra əlində bir vərəq olan enli kürəkli adam gömrüyün o tərəfindən gəlib sıraya baxmağa başladı və «Burada Pərviz Əzimov kimdir?» deyə soruşdu. Hamı geri çönüb bizə, mən isə Orxanla bir-birimizə baxdıq. Orxanın ilk reaksiyası alt dodağını dişləmək oldu. Mən isə soyuqqanlı olmağa çalışıb: «Mənəm», - dedim. 
Enlikürəkli adam: «Mənimlə gələcəksən», - dedi. Pasportumu alıb, gömrüyə verdi. Heç bir şey anlamadım. Yoxlamasız gömrüyü keçdikdən sonra arxaya baxdım. Gördüm ki, Orxan çox narahatdır. «Cəhənnəmə gedən özünə yoldaş axtarar» misalı ilə düşünüb: «Mən tək deyiləm», - dedim. 
Məndən öndə yeriyən və bayaqdan arxaya baxmayan adam, birdən geri dönüb soruşdu: 
- İkinci kimdir?
- Orxanı çağırdım: 
- Sən də gəl. 
Onun da pasportunu alıb gömrüyə verdilər. 
Orxan da gəlib bizə qoşulandan sonra, adam bizə «Burada gözləyin gəlirəm» deyib gömrüyə tərəf getdi. O gedəndən sonra Orxan danışmağa fürsət axtarırmış kimi yarızarafat, yarıciddi: «Mənim adımı niyə verdin?», - deyə soruşdu. Cavab verməyimə macal tapmamış, adam qayıtdı:
- Siz nə işlə məşğulsuz?
- Biz jurnalistik (Mən cavab verdim və Orxan əsəbi mənə baxıb, üz ifadəsi ilə «Niyə jurnalist olduğumuzu dedin?» sualını verdi və düzəliş etmək üçün özü dialoqa müdaxilə etdi)
- Ağa, yəni əksazıq. Foto çəkirik özümüzçün.
- Nə fotolar? - adam soruşdu.
- Belə gəzdiyimiz yerləri çəkirik. 
- Siz kimsiz? - mən soruşdum.
- Mən AZAL-ın burdakı nümayəndəsiyəm. Tapşırıblar ki, sizi qarşılayım. 
Birdən ikimizi də möhkəm gülmək tutdu. Ancaq özümüzü güclə saxladıq. Yadımıza düşdü ki, Orxan AZAL-da işləyən bir tanışından xahiş etmişdi ki, Təbrizdə bizi qarşılasınlar. Qarşılayan adam Orxanın tanışı olsa da, nədənsə siyahıda mənim adım olub. Əslində, bizi çaşdıran da bu idi. Hava limanında birbaşa Təbrizdəki Azərbaycan Konsulluğuna yola düşdük...

«Burada hər şey qadağandır, yaşamaq da»

Təbrizə yola düşməzdən əvvəl Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayevlə əlaqə saxlamışdıq. Elman Abdullayev bizə Konsulluğun Nəriman adlı əməkdaşının əlaqə nömrəsini vermişdi ki, gedəndə ona zəng edək. Nərimana zəng çatmadığına görə, birbaşa Təbrizdəki Azərbaycan Konsulluğuna yola düşdük. Konsulluğa çatıb, Nərimanı soruşduq və bizi Elman Abdullayevin göndərdiyini dedik. Bir az gözlədikdən sonra isə bizi konsulluğun mətbuat işləri ilə səlahiyyətli şəxsi qarşıladı və gəlmə səbəbimizi soruşdu. Hər şeyi izah etdikdən sonra bu barədə baş konsul Əli Əlizadəyə məruzə olundu və baş konsul bizi qəbul etdi. 
Konsula da eyni qayda ilə Təbrizə gəlmək məqsədlərimizi və İranın Bakıdakı konsulundan bizə deyilənləri dedik. Konsul İran XİN-in Təbriz nümayəndəliyi ilə əlaqə saxlayandan sonra bizə bildirdi ki, sabah saat 11-də Ağa Nemətinin qəbuluna gedək. Sonra isə konsulluğun əməkdaşlarına tapşırdı ki, əlaqə nömrələrini bizə versinlər, nəsə lazım olsa, onlarla əlaqə saxlayaq. 
Qeyd: İran qaydalarına görə, rəsmi dövlət idarələri ancaq səhər saat 9-dan, günorta saat 14:00-a qədər işləyir. Ona görə XİN-ə getməyimiz növbəti günə qaldı.
Taksiyə minib bizi Təbrizin mərkəzi hissələrində bir otelə aparmağını xahiş etdik. Otelə gəlib çatanda «Bir gecəlik qalmaq neçəyədir?» deyə soruşduq. Resepsionda oturan xanım, 1 gecəlik adama 9 manata deyəndə ikimiz də təəccübləndik: 9 manata hotel?
Bir az tərəddüd edib, otaqlara baxmaq istədiyimizi dedik. Düşündük ki, yəqin, otaqlar çox bərbaddır deyə qiymət bu qədər ucuzdur. Amma düşündüyümüzün əksi oldu. Bakıdakı 4 ulduzlu otellərin otaqları səviyyəsində bir otaq idi. 
Əşyalarımızı yerləşdirəndən sonra, otelin işçilərindən adəti üzrə «wi-fi» parolunu soruşduq. Parol verildi, internetə daxil olduq, ancaq sosial şəbəkələrə aid heç bir sayt açılmadı. Bunun səbəbini soruşduqda isə dedilər ki, burda elə saytlar qadağandır:
- Xanım, bəs necə edək? Biz sosial şəbəkələrdən, elektron poçtlardan istifadə etməliyik.
- Mümkün deyil, qadağandır axı.
- Bir yolu olmamış olmaz...
- Bizim oteldən girmək olmur...
Kənarda duran bir oğlan bizə yaxınlaşıb söhbətə qoşuldu: 
- Ağa biz proqramla giririk.
- Bizə də proqram verin, biz də girək. 
- Proqram bizdə olmur. telefon və kompüter dükanlarında olur. Onlar da ancaq tanıdıqları adamlara verirlər. Hər ehtimala qarşı gedib soruşun.
Oteldən çıxıb telefon dükanı axtarmağa getdik. Nəhayət, bir dükan tapdıq və «Biz facebook-a girmək üçün proqram istəyirik» dedik.
Mağazada işləyən adam «Ağa bura Bakı deyil, burada qadağandır.»
- Bilirik qadağandı. Ancaq dedilər proqramla olur.
- Ağa burda hər şey qadağandı. Bura İrandır. Yaşamaq da qadağandır.
Orxana dönüb, əsl bizim axtardığımız adamdı dedim.
- Ağa bir köməklik elə, qadağalara qarşı çıxaq, sosial şəbəkələrdən istifadə edə bilək.
- Doktora gəlmisiz?
- Yox turistik, gəzməyə gəlmişik.
- Verin kompüterinizi yazım.
Proqram yazılandan sonra, nə qədər ödəyəcəyimizi soruşduq. Dükan işçisindən qəribə cavab aldıq: «Doktora gəlsəydiniz sizdən pul alardım (Onlar bizdən həkimə gedənlərə belə deyir - P.Ə.) hətta, bəlkə, proqram da yazmazdım. Amma gəzməyə gəlmisizsə, pulsuz yazdım. Sizdən gələnlər ancaq doktora gəlir. Elə bil Təbriz xəstəxanadır. Nəhayət, kimsə gördüm ki, dolanmağa (gəzməyə) gəlib».

Rəsmi süründürməçilik

Səhəri gün hazırlanıb, İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin Təbriz nümayəndəliyinə yola düşdük. Nümayəndəliyə çatıb Ağayi Neməti ilə görüşmək istədiyimizi dedik.
Qısa qeyd: Yazıda Ağayi Neməti kimi adı keçən şəxs, bir zamanlar İran İslam Respublikasının Azərbaycandakı səfirliyində işləyən Əhməd Neməti adlı adamdır.
Nümayəndəliyin əməkdaşları niyə gəldiyimizi, haradan gəldiyimiz, nə zaman gəldiyimizi soruşdular. Dəniz səyahətçisi Sindibadın nağılında olduğu kimi «Allahdan gizlin deyil, bəndədən nə gizlin?!» deyə yenidən lap əvvəldən başladıq danışmağa. 
Bizi dinlədikdən sonra gedib Əhməd Nemətiyə məruzə olundu. İçəridən çıxan adamın ifadəsindən vəziyyətin yaxşı olmadığını anladıq. Adam bizə yaxınlaşıb, «Ağayi Neməti dedi ki, biz onlara icazə verə bilmərik. Gedib Bakıdakı konsulluqdan icazə alsınlar». 
Yenidən Bakıya dönməyimizin vaxt alacağını, Bakıda konsulluqdan bizə belə deyildiyini, konsulun nömrəsini verdiyini dedikdən sonra, adam yenidən içəri getdi. 5 dəqiqə çəkmədi ki, geri döndü və hansı oteldə, hansı otaqda yatdığımıza qədər hər şeyimizi soruşub, «Mümkün deyil, Bakı ilə danışdıq. Ağayi Mövlai bizə dedi ki, mən onlara elə bir söz deməmişəm. Biz də icazə verə bilmərik».
Anladığınız İranın Bakıdakı konsulu bizi aldatmışdı. «Bizə gedin, sizə kömək edəcəklər, problem yaransa mənə zəng eləsinlər, mən deyərəm» desə də, ora çatdıqda hər şeyi boynundan atdı. 
XİN-in nümayəndəliyində uzun müzakirədən sonra, nəhayət, bizə dedilər ki, Turizm və Din idarəsinə gedək. Getdik, bizi bir nəfər qəbul etdi. Yenidən məşhur nağılda olduğu kimi başımıza gələnləri danışdıq. Dedilər mümkün deyil, biz sizə icazə verə bilmərik. İcazəni İranın Bakıdakı konsulluğundan almalısız. Belə özbaşına çəksəniz problem olacaq. «Sizi Bakıda qonaq edəcəyik... siz bizim qardaşlarımızsız... o qədər yolu gəlmişik, qayıda bilmərik...» kimi ifadələrdən sonra bizə bir ünvan verildi ki, bu ünvana gedək. Ünvan Təbriz Ostandarlığının yerləşdiyi yer idi. 
Dedim ki, mən bura gedə bilmərəm. Sonra idarədəki adam bizi Turizm İnformasiya Mərkəzinə yolladı. Deyilən yerə çatdıqda «Orxan, bu dəfə yalan danışaq, yoxsa bunlar bizə icazə verməyəcəklər» deyə iranlı məmuru aldatmaq qərarına gəldim:
- Ağa, biz turistik, gəzmək istəyirik. Bizi sizin yanınıza Ağayi Xudai (Turizm və Din idarəsindəki şəxs) göndərdi. Dedi ki, turistləri yaxşı gəzdirirsiniz.
Adamı bir az tərifləyəndən sonra və rəsmi şəxs adı verdikdən sonra «Canla başla gəzdirərəm sizi. Gedin durbinlərinizi (fotoaparatları) götürün gəlin», - dedi. 
Nəhayət, Təbriz rəsmi idarələri müşahidələrini bitirib möhtəşəm tarixin və cəmiyyətin müşahidəsinə başladıq. 
İlk çəkiliş və müşahidəni 1100 il yaşı olan məşhur Təbriz bazarından başladıq... (qaynar.info)