vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 11 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
TÜRK DÜNYASI  
13:15 | 8 mart 2025 | Şənbə Məqaləyə 110 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Naxçıvanın təhlükəsizliyi ...

... Azərbaycan və Türkiyənin ortaq taleyinin simvolu

Cavid VƏLİYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

Naxçıvanın enerji təhlükəsizliyinin şaxələndirilməsində strateji əhəmiyyətə malik İğdır-Naxçıvan Təbii Qaz Boru Kəmərinin açılışı Türkiyənin Naxçıvanla bağlı uzun illərdir davam edən həssas dövlət siyasətinin nümunəsidir.

Azərbaycan Prezidenti İlham Əliyev 2025-ci il martın 5-də Türkiyəyə səfər edib və prezident Rəcəb Tayyib Ərdoğanla görüşüb. Bu səfəri vacib edən iki məqam var idi. Birincisi, qlobal qeyri-müəyyənliyin artdığı bir vaxtda iki müttəfiq ölkənin liderlərinin regional və ikitərəfli məsələləri müzakirə etməsi idi. İkinci mühüm məsələ İğdır-Naxçıvan Təbii Qaz Kəmərinin açılışı oldu. Azərbaycanın muxtar bölgəsi olan Naxçıvan Azərbaycanla Türkiyəni birləşdirən yeganə quru əlaqəsi olmaqla yanaşı, həm də türk dünyasının qovuşduğu yerdir. Naxçıvanın enerji təhlükəsizliyinin şaxələndirilməsində strateji əhəmiyyətə malik İğdır-Naxçıvan Təbii Qaz Boru Kəmərinin açılışı Türkiyənin Naxçıvanla bağlı uzun illərdir davam edən həssas dövlət siyasətinin nümunəsidir. Bu məqamda prezident Ərdoğanın boru kəmərini “Naxçıvanla ortaq taleyimizin simvolu” kimi xarakterizə etməsi vacibdir.

 

Naxçıvanın tarixi fonu

 

1920-ci ildə Qərbi Zəngəzurun Ermənistana verilməsi ilə Naxçıvan Muxtar Respublikası Azərbaycan əsas hissəsindən ayrıldı və türk dünyası coğrafi baxımdan iki yerə bölündü. 1921-ci ildə Türkiyə ilə Rusiya arasında imzalanan Moskva müqaviləsi və daha sonra üç Cənubi Qafqaz Respublikası ilə Türkiyə arasında imzalanan Qars müqaviləsi ilə Naxçıvan Azərbaycanın suverenliyi altında qaldı və Türkiyəyə Naxçıvan üçün qarantiya hüququ verildi.

Sovet İttifaqı dövründə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat və rabitə çətin şəraitdə hazırda danışıqlar aparılan Zəngəzur dəhlizi marşrutu ilə təmin edilirdi. Azərbaycandan Ermənistan üzərindən Naxçıvana daşınan yük və sərnişin qatarları davamlı olaraq hücuma məruz qalıb.

1991-ci ildə Ermənistanın Naxçıvana artan hücumları qarşısında Naxçıvan Muxtar Respublikası Parlamentinin o zamankı sədri Heydər Əliyev Qars və Moskva müqavilələrində Türkiyənin hüquqlarını gündəmə gətirdi və Türkiyə bu prosesdə fəal iştirak etdi.

Ermənistan Qarabağ və Türkiyənin şərq vilayətləri kimi Naxçıvanı da “böyük” Ermənistanın bir hissəsi hesab edərək, onu işğal etməyə cəhd edirdi. Türkiyənin Naxçıvanla bağlı qətiyyəti bu hücumların dayanmasına səbəb oldu. Bu kontekstdə Prezident İlham Əliyev də Türkiyənin İğdır-Naxçıvan Boru Kəmərinin açılış mərasimində oynadığı rolu təsdiqləyərək, “Türkiyədən gələn yardım Naxçıvanın qorunmasına mühüm töhfə verdi”, – deyib.

Türkiyənin dəstəyi təkcə hərbi və təhlükəsizlik baxımından deyil, həm də Naxçıvanın iqtisadi blokadadan azad edilməsinə töhfə verdi. Heydər Əliyevin təşəbbüsü ilə Araz çayı üzərində Ümid Körpüsü tikildi və bununla da Ermənistanın Naxçıvana qoyduğu iqtisadi embarqonu qırdı.

Türk dünyasının qapısı olan Naxçıvan gələcəkdə də Azərbaycan-Türkiyə münasibətlərində həssas mövzulardan biri olmaqda davam edir. Məsələn, Türkiyə Naxçıvanda yaşayan insanlara xüsusi yaşayış icazəsi verib və orada istehsal olunan məhsullara güzəştli gömrük tarifləri tətbiq edir. Digər tərəfdən, 2009-cu ildə Naxçıvanda Türk Dövlətləri Təşkilatının (TDT) təsis müqaviləsinin imzalanması türk dövlətlərinin bölgəyə verdiyi xüsusi önəmi göstərir.

 

İğdır-Naxçıvan Təbii Qaz Boru Kəmərinin açılışına aparan proses

 

Ermənistanın tətbiq etdiyi embarqolar nəticəsində Naxçıvan uzun illər təbii qazsız qalıb. Ermənistan Azərbaycanı Naxçıvanla birləşdirən dəmir yolu xətlərini və təbii qaz kəmərlərini söküb satdı.

2005-ci ildə, yəni 15 il sonra Azərbaycanla İran arasında 25 illik müqavilə imzalanaraq İran üzərindən Naxçıvana təbii qaz nəql edilib. Müqavilə bir növ dəyişiklik, svop müqaviləsi idi. Müqaviləyə əsasən, SOCAR Astaradan İrana qaz ötürəcək, İran da Culfadan Naxçıvana qaz verəcəkdi. Lakin bunun müqabilində İran beynəlxalq səviyyədə qəbul edilmiş təbii qazın 5 faizini deyil, 15 faizini alırdı. Enerji mütəxəssislərinin fikrincə, bu faiz dərəcəsi kifayət qədər yüksək idi və buna görə də alternativ enerji mənbəyinə ehtiyac duyulurdu. Bu məqamda təbii qazın İğdırdan Naxçıvana çatdırılması müəyyən mənada Naxçıvanın enerji təhlükəsizliyinin şaxələndirilməsi deməkdir.

İğdır-Naxçıvan Təbii Qaz Boru Kəməri üzrə ilk müqavilə SOCAR və BOTAŞ arasında 2010-cu ildə imzalanıb. Azərbaycan qazını Türkiyəyə daşıyan Cənubi Qafqaz Boru Kəməri genişləndirildikdən və nəql imkanları artırıldıqdan sonra 2020-ci ildə təbii qazın Türkiyə üzərindən Naxçıvana çatdırılması məsələsi yenidən gündəmə gətirilib. Əslində, prezident Ərdoğan 2020-ci ilin fevralında Azərbaycana səfəri zamanı İğdır-Naxçıvan Təbii Qaz Kəmərinin tikintisini prezident Əliyevlə də müzakirə etdiyini və təbii qaz kəmərinin tikintisinin enerji təhlükəsizliyi baxımından bir növ diversifikasiya ola biləcəyini bəyan edib. Bu səfərdən sonra 30 iyun 2020-ci ildə Türkiyə tərəfində xəttin tikintisi üçün tender keçirilib.

2020-ci il dekabrın 15-də İğdır-Naxçıvan təbii qaz kəməri ilə bağlı anlaşma memorandumu imzalanıb. İmzalanma mərasimində çıxış edən Türkiyə Respublikasının o zamankı energetika naziri Fatih Dönməz layihənin BOTAŞ-SOCAR ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcəyini və Azərbaycan qazının Naxçıvana çatdırılması üçün Türkiyənin vasitəçilik edəcəyini açıqlayıb. Eyni zamanda, Dönməz də açıqlamasında demişdi ki, naxçıvanlı qardaşlarımız öz təbii qazından istifadə edəcəklər. Daha sonra İğdır-Naxçıvan Boru Kəmərinin təməli prezident Ərdoğanın 2023-cü il sentyabrın 25-də Naxçıvana səfəri zamanı iki ölkə liderləri tərəfindən qoyulub.

 

Boru kəməri ilə nə qədər təbii qaz nəql olunacaq?

 

İğdırdan Naxçıvanın Sədərək rayonuna qədər uzanan 16 düymlük boru kəmərinin uzunluğu 97,5 kilometr, o cümlədən Azərbaycan hissəsində 17,5 kilometr, Türkiyə hissəsində isə 80 kilometrdir. Bu boru kəməri Şərqi Anadoludan İğdıra qədər uzanan magistral qaz kəmərinin davamıdır.

Gündəlik 2 milyon kubmetr, illik 730 milyon kubmetr qaz nəqletmə gücünə sahib olması planlaşdırılan İğdır-Naxçıvan təbii qaz kəmərinin daha sonra kiçik əlavələrlə 1,8 milyard kubmetrə qədər artırıla biləcəyi düşünülür. Naxçıvanın illik qaz istehlakı 260-300 milyon kubmetr civarındadır. Gücün artırılmasından sonra qalan qazla elektrik enerjisi istehsal etmək və ya əlavə qazın qonşu ölkələrə ixracı imkanları nəzərdən keçirilir.

 

Yeni layihələr üzərində işlənilir

 

Azərbaycan və Türkiyə arasında Naxçıvanda nəqliyyatın təhlükəsizliyini təmin edəcək daha bir layihə hazırlanır. Qars-Naxçıvan Dəmir Yolu Layihəsi üzrə tender keçirilib və tikinti mərhələsinə başlanması planlaşdırılır. Beləliklə, Türkiyə ilə Naxçıvan arasında dəmir yolu nəqliyyatı mümkün olacaq. Bundan əlavə, kritik vəziyyətlərdə Azərbaycan Bakı-Tiflis-Qars dəmir yolu xətti ilə Naxçıvana daşımaları təmin edə biləcək. Naxçıvanı hədəf alan layihələr həm də Zəngəzur dəhlizində israrlı olan Ermənistana Azərbaycan və Türkiyənin alternativlərinin olduğunu göstərmək baxımından mənalı mesajdır.

İki dövlətin ortaq ağlının məhsulu olan bu layihələr həm də Türkiyə ilə Azərbaycanı daha da yaxınlaşdırır. Naxçıvanın və Türkiyənin Şərqi Anadolu Bölgəsinin iqtisadi inkişafına xidmət edəcək bu layihələr təkcə müttəfiqlik münasibətlərini deyil, həm də hər iki ölkə üçün strateji bütövlük təşkil edən Cənubi Qafqaz və Şərqi Anadolunun coğrafiyalarını, insanlarını və iqtisadiyyatlarını bir-birinə bağlayır. Beləliklə, Naxçıvan Türkiyənin, Şərqi Anadolu isə Azərbaycanın təhlükəsizliyinin bir hissəsinə çevrilir.