vaxtlı-vaxtında oxuyun! Cümə, 29 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
GÜNDƏM  
19:00 | 19 sentyabr 2017 | Çərşənbə axşamı Məqaləyə 1856 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Nalbəndyanın köhnə fəndi

Ermənistan XİN rəhbəri Azərbaycan cəmiyyətini «yalançı ümid»ə kökləmək istəyir

MÖVZU İLƏ ƏLAQƏLİ

MÖVZUYA AİD VİDEO

  • «... Hər bir addım bizim üçün məqbuldur»
  • «Əslində ortada yeni heç nə yoxdur»

Rusiyanın «İnterfax» agentliyinin yazdığına görə, Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyan deyib ki, İrəvan Qarabağ tənzimlənməsi çərçivəsində Bakıyla «Qarabağa təhlükə təşkil etməyən ərazilər»in qaytarılmasını müzakirə edir. Onun sözlərinə görə, söhbət «təhlükəsizlik baxımından nə Qarabağ, nə də münaqişənin qızışması üçün hədə təşkil etməyəcək» ərazilərin qaytarılmasından gedir. Bəs «təhlükəsiz» ərazilər hansılardır?

Rəsmi Bakı hələlik Ermənistanın xarici işlər nazirinin açıqlamasına münasibət bildirməyib.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Rasim Musabəyov deyir ki, hələlik tərəflər arasında heç nə müzakirə olunmur, indiki məqamda sadəcə həmsədrlər danışıqları ölü nöqtədən tərpətmək üçün səfərlər edir, təkliflər verirlər. Ancaq masa üzərində konkret layihə yoxdur.

O ki qaldı Ermənistanın xarici işlər nazirinin dediyi «təhlükə yaratmayacaq» torpaqların qaytarılmasına, Musabəyov deyir ki, söhbət Dağlıq Qarabağ ətrafındakı ərazilərdən gedə bilər.

«Mən prosesləri izlədiyim qədər, onlar Kəlbəcərdən, Laçından əl çəkmək niyyətində deyillər. «Madrid prinsipləri»nə görə də, birinci mərhələdə beş rayon azad olunmalıdır», – Musabəyov bildirir.

İndiki mərhələdə beş rayonun qaytarılması Azərbaycanı qane edirmi? «Birinci addım kimi qane edir», – deputat cavab verir: «Ermənilərin işğal edilmiş torpaqlardan geriyə çəkilməsi ilə bağlı hər bir addım bizim üçün məqbuldur».

Amma dərhal da əlavə edir ki, Azərbaycan nəinki Laçını, Kəlbəcəri, heç Dağlıq Qarabağı ermənilərə güzəşt etməyəcək: «Cənab prezident də dəfələrlə deyib və bununla xalqın iradəsini ifadə edib ki, bizim ermənilərə veriləsi torpağımız yoxdur, öz ərazimizdə ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəyik».

 

***

 

«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə deyir ki, erməni nazirin açıqlamasından sonra bəziləri sosial şəbəkələrdə və ya mediada bundan «sensasiya» yaratmağa çalışırlar və bu da Azərbaycan cəmiyyətini «yalançı ümid»ə kökləyə bilər.

Siyasi şərhçinin sözlərinə görə, əslində ortada yeni heç nə yoxdur. O, Ermənistan rəsmilərinin, o cümlədən prezident Serj Sərkisyanın da onların nə vaxtsa Dağlıq Qarabağ ətrafındakı bəzi rayonları boşaltmalı olacaqları barədə açıqlamalarını yada salır. E.Şahinoğlunun qənaətincə, indiki halda erməni nazirin dediklərindən ruhlananlar yanlışa yol verirlər, çünki söhbət torpaqları dərhal boşaltmaqdan yox, referendumla bağlı təminat aldıqdan sonra boşalda biləcəklərindən gedir.

«Onsuz da əvvəldən deyilirdi ki, ilkin olaraq Dağlıq Qarabağ ətrafındakı beş rayon azad olunmalıdır, bunu Azərbaycan cəmiyyəti də bilir, erməni cəmiyyəti də. Amma bunlar beş rayonun əvəzində nə istəyirlər? Nalbəndyanın sözlərinə görə, bunun müqabilində referendum keçirilməsi ilə bağlı təminat əldə etmək niyyətindədirlər. Bununla da biz beş rayonu alsaq da, Dağlıq Qarabağı itirə bilərik. İkincisi, nazir «təhlükəsizlik yaratmayan» ifadəsindən istifadə edir, onun cümləsindən belə başa düşülür ki, Şuşa, Laçın, Kəlbəcərin boşaldılmasından söhbət belə getmir. Biz isə işğal altındakı bütün rayonların boşaldılmasını istəyirik. Beş rayon, üstəgəl Şuşa, Laçın, Kəlbəcər. Amma həmin üç rayon kənara qoyulub. Özü də Nalbəndyan say da demir, bəlkə də beş yox, iki rayondan söhbət gedir. O, Xankəndi üçün, Dağlıq Qarabağın erməni əhalisi üçün təhlükə yaratmayan rayonların boşaldılmasını nəzərdə tutur», – E.Şahinoğlu belə deyir.

Onun qənaətincə, Bakı bu deyilənlərə gecikmədən reaksiya verməli, Azərbaycanın işğal altındakı bütün rayonların boşaldılmasını, azərbaycanlı köçkünlərin qaytarılmasını tələb etdiyini və yalnız bundan sonra statusla bağlı müzakirələrə başlaya biləcəyini bəyan etməlidir.