vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
PROBLEM  
19:32 | 10 oktyabr 2017 | Çərşənbə axşamı Məqaləyə 3355 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Kupça»sız mənzillərin sonu görünməyən aqibəti

Bakıdakı yeni binaların 80 faizini dövlət qeydiyyatına almırlar

Gülşən RAUFQIZI

MÖVZU İLƏ ƏLAQƏLİ

Paytaxt Bakıda inşa edilmiş yeni çoxmərtəbəli yaşayış binalarının əksəriyyətində mənzillər dövlət qeydiyyatına götürülməyib. Bu səbəbdən də vətəndaşlar böyük vəsait hesabına aldıqları evin mülkiyyət hüququnu əldə edə bilmirlər. Yeni tikilmiş çoxmərtəbəli binalardakı mənzillərin dövlət qeydiyyatına alınması yalnız həmin binaların istismara qəbulundan sonra mümkündür.

Bəs, istismara qəbula mane olan kimlərdir yaxud hansı qurumlardır?

Modern.az vətəndaşın evinin mülkiyyətçisinə çevrilməsinə mane olan səbəbləri aydınlaşdırmağa çalışıb.

İqtisadçı Vüqar Bayramovun bildirdiyinə görə, Bakıdakı yeni tikililərin 80 faizi dövlət qeydiyyatına alınmayıb: «İnşa edilən binaların əksəriyyəti kommunal xidmətlərlə təmin edilməsinə, yaşayış olmasına baxmayaraq, həmin binaların mənzil sertifikatında və «kupça»ların verilməsində problemlər var. Xüsusilə paytaxt Bakıda inşa olunan binaların sakinləri «kupça» ilə təmin edilməyib. İlkin olaraq binaların istifadəyə götürülməsinə ehtiyac var. Bundan sonra mənzillər reyestrə daxil edilə bilər. Problem sözügedən binaların rəsmi olaraq istifadəyə götürülməməsilə bağlıdır. Onların reyestri yoxdur və nəticə etibarilə vətəndaş həmin binalarda «kupça» alınması üçün müraciət etmək hüququna malik deyil».

Ekspert təklif edir ki, 2014-cü ilə qədər tikilmiş və bütün kommunal xidmətlərlə təmin olunmuş binalar rəsmi olaraq istifadəyə götürülsün: «Daha məqsədəuyğun olar ki, istifadəyə verilmiş binalar elektron bazaya daxil edilsin. Vətəndaş özü «ASAN Xidmət»ə və Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət etməklə «kupça» ala bilsin. Bu isə 2014-cü ilə qədər tikilmiş və istifadəyə verilmiş binaların «kupça» ilə təmin edilməsinə səbəb olacaq. Qeyd edim ki, yeni tikilmiş binaların 80 faizi rəsmi qeydiyyata götürülməyib və vətəndaşlar «kupça»sız evlərdə yaşayırlar.

Problemin həlli ilə bir tərəfdən vətəndaşlar mənzili üzərində mülkiyyət hüququna malik olacaq, digər tərəfdən isə dövlət büdcəsinə ödənişlər həyata keçiriləcək. Vətəndaş mülkiyyətə sahib olduğu üçün gələcəkdə maliyyə və kredit resurslarına çıxış imkanlarını artıracaq. Eyni zamanda, mənzilindən girov olaraq istifadə edə biləcək ki, bu da iqtisadi aktivlik baxımından olduqca vacibdir».

V.Bayramov bildirib ki, problemin kökü Fövqəladə Hallar Nazirliyindədir: «Bu, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən yaradılan problem deyil. Yəni bina əvvəlcə Komitənin balansına verilməlidir ki, vətəndaş da «kupça» ala bilsin. Binanı tikən şirkət indiki halda Fövqəladə Hallar Nazirliyinə müraciət edir. FHN binanın qəbul edilməsi üçün qəbul aktı verməlidir. Əsas problem Fövqəladə Hallar Nazirliyi tərəfindən binanın balansa alınması ilə bağlıdır. Yalnız bundan sonra yaşayış binası Əmlak Məsələləri Dövlət Komitəsinin balansına götürülə bilər».