vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
PROBLEM  
15:19 | 9 noyabr 2017 | Cümə axşamı Məqaləyə 3382 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Tələbələrin mənzil dərdi...

Oğlanlara kirayə vermirlər, əsasən qızlara və ailəlilərə

Nəzrin CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Ali məktəbə qəbul olan tələbələrin kirayə mənzil problemi hər zaman aktualdır. Ümumilikdə tələbə üçün yataqxana həm maddi, həm də vaxt itkisi baxımından əlverişlidir. Azərbaycanda yataqxanalar üçün illik ödəniş 300-600 manat arasında dəyişir ki, bu da mənzil kirayələyib, aylıq ödəniş etməkdən daha sərfəlidir. Hazırda ali məktəblərin yataqxanalarında yerlərin azlığı ciddi məsələdir.

Kirayə mənzil axtaran tələbələr öz ciblərinə uyğun rahat şəraiti olan mənzil tapmaqda çətinlik çəkirlər. Kirayə evlərin qiyməti, adətən, 300 - 400 manat arasında dəyişir ki, bu da bölgələrdən Bakıya üz tutmuş tələbələrin cibinə uyğun deyil. Dəllallar qeyd edirlər ki, universitetlərə yaxın ərazidə yerləşən kirayə mənzillərin qiyməti isə daha baha olur. Modern.az saytı tələbələrin mənzil problemi ilə bağlı sorğu aparıb.

Bakı Dövlət Universitetin 4-cü kurs tələbəsi Nəzrin Abdullayeva bildirib ki, iki otaqlı kirayə ev axtarır. Amma 300 manata normal şəraiti olan ev tapa bilmir.

«Bunun qiyməti 300-400 manat arasında dəyişir, buna isə imkanım çatmır. Ev yiyəsi ilə problemimiz onda yaranır ki, ev yiyəsi əvvəldə verdiyi sözlərə sonradan əməl etmir. Kirayə qalanların sayı artsa da, ödənişi azaltmır. Evi biz kirayələmişiksə, ev daha bizim məsuliyyətimizdədir. Hər gün gəlib yoxlaması, nəzarət etməsi bizi narahat edir».

Ekspertlər qeyd edirlər ki, əksər hallarda mənzili kirayələyərkən kirayəyə verənlə kirayəçi şifahi razılığa gəlirlər. Lakin bu hal sonradan hər iki tərəf üçün müəyyən problemlərin yaranmasına gətirib çıxara bilər. Qısa müddətdə isə uyğun qiymətə mənzil tapmaq elə də asan deyil. Kirayəyə verən növbəti aydan kirayə haqqının qiymətini birtərəfli qaydada artırdığını deyə və ya təcili olaraq evi boşaltmağı tələb edə bilər. Bu kimi problemlərlə üzləşməmək üçün mütləq şəkildə mənzil kirayəsi müqaviləsi imzalanmalıdır.

Tibb Universitetinin 1-ci kurs tələbəsi Təranə Əliyeva qeyd edib ki, ümumi anlamda əsas təmizliyə riayət etməmək ,məsuliyyətsizlik , bir-birinə bəzi məsələlərdə anlayış göstərməmək kimi problemlər olur.

«Daha çox problem isə onda yaranır ki, otaq yoldaşın ev yiyəsi olur. Belə olan halda o dominantlıq edir. Hər xırda şey üçün icazə almaq məsuliyyəti olur sanki. Ümumiyyətlə isə kirayə mənzillərin qiyməti bahalaşıb deyə 4-5 nəfər qız yığışıb birgə qalırlar. Hər il də qızların sayı daha da artır, təbii ki qızların sayı artdıqca problemlər də çoxalır».

Ümumiyyətlə isə ev axtaran tələbə oğlanlar daha çox problemlə üzləşir. Çünki ev sahiblərinin əksəriyyəti oğlanlara ev verməkdən imtina edirlər. Səbəb kimi isə onların evi səliqəsiz saxladığı göstərilir.

Azərbaycan Texniki Universitetinin 4-ci kurs tələbəsi Malik Qasımov deyir ki, kirayə mənzil tapmaqda əsas çətinlik evi uyğun qiymətə tapmamaqdır.

«Ümumiyyətlə çox vaxt  oğlanlara ev vermirlər. Elə ev sahibi olur, danışıb inandırırsan ki, xoşagəlməz hallar olmayacaq. Amma elələri də var, ümumilikdə ev verməkdən imtina edirlər. Ev sahibləri ümumiyyətlə oğlanlara güvənmirlər, həm evin səliqəsi ilə bağlı, həm də bəzi başqa məsələlərdə.

Kirayəçilər qeyd edirlər ki, ev sahibləri özləri müqavilə imzalamaqdan imtina edirlər. Buna səbəb kimi isə gəlirdən vergi ödəmək üçün pullarının yetmədiyini göstərirlər.

Evini artıq 7 ildir ki kirayəyə verən 54 yaşlı Mənsurə Sadıqova deyir ki, kirayəçi ilə hər hansısa bir müqavilə imzalamaq lazım olduğunu bilmir.

«Evimi ancaq tələbə qızlara və ailələrə verirəm. Başqa heç kimə verməyə risk etmirəm. Amma bir şeyi də deyim ki, kirayəçilər də məndən bu vaxta qədər müqavilə tələb etməyiblər».

İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayə verən kirayəçiyə icarəyə götürdüyü obyektdən istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir.

İcarəçi əmlak sahibinə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Evini vergi orqanında qeydiyyatda olmayan fiziki şəxsə kirayə verdiyi halda isə özü yaşadığı yer üzrə vergi orqanına ərizə ilə müraciət etməli və əldə etdiyi gəlirdən dövlət büdcəsinə ödəniş etməlidir. Buna görə də, bəzi vətəndaşlar müqavilədən imtina edir, bəziləri isə ümumiyyətlə kirayə mənzil müqaviləsindən və müqavilə imzalandıqdan sonra atılacaq addımlardan, bunun məsuliyyətindən xəbərsizdirlər.