vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
TƏBİƏT, İQLİM, FƏLAKƏT  
17:26 | 17 noyabr 2017 | Cümə Məqaləyə 2866 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Yerin əkizləri»

Qonşuluqda yeni planet varmış

Alimlər yaxın qonşuluqda yetərincə isti, bərk səthi olan planet kəşf etdiklərini deyirlər. «Ross 128» adlı tutqun qırmızı cırtdan ulduzun ətrafında dövr edən bu ekzoplanet Yer kürəsindən 1.35 dəfə böyükdür. Alimlər «Astronomy and Astrophysics» dərgisində onun Yerdən cəmi 11 işıq ili uzaqlıqda yerləşdiyini yazırlar.

«Ross 128 b» adlandırılan bu yeni tapılmış dünya «sakit», ölümcül radiasiya saçmayan ulduzun ətrafında dövr edən, əlverişli temperatura malik ən yaxın planetdir.

Görünür, onun həm də həyat üçün vacib bəzi əsas xüsusiyyətləri var. Səthinin bərk olduğu ehtimal edilir. Planetin ulduzunun Günəşdən daha soyuq və daha tutqun olduğu bildirilir. «Ross 128 b»də bir il cəmi 9.9 gündür. Planet Yer kürəsindən 38% artıq radiasiya alır. Səthindəki temperatur -60 və +20 dərəcə Selsi arasındadır. Ancaq bu ehtimal planetdə Yerinkinə bənzər atmosferin mövcudluğu halında doğrudur. Alimlər bu ehtimalın böyük olduğunu deyirlər.

 

«İsti planet»

 

Alimlər «Ross 128 b»ni «isti planet» adlandırsalar da, onun mütəxəssislərin «Goldilocks» zonası adlandırdığı, həyata yararlı zonaya düşüb-düşmədiyi tam aydın deyil. Başqa sözlə, planetin temperaturunun suyun maye halında mövcudluğundan ötrü yetərincə isti olub-olmadığı bilinmir.

Mövcud teleskopların heç biri planetdən gələn işıq dalğalarının uzunluğunu təhlil etməyə qadir deyil. Ona görə də planetin atmosferinin və həyat potensialının olub-olmadığını müəyyən etmək çətindir. Ancaq 2024-cü ildə 39-metrlik güclü Son Dərəcə Böyük Teleskop işə düşəndən sonra bu planet onun əsas hədəflərindən biri olacaq.

Bundan başqa, «Ross 128» ulduzunun hazırda bizə tərəf hərəkət etdiyi bildirilir. Cenevrə Universitetinin astronomu, sözügedən tədqiqatın həmmüəllifi Nikola Astudillo-Defru  (Nicola Astudillo-Defru) deyir ki, ulduzun orbiti onu Yerə istiqamətləndirib və 71 min ildən sonra o, ən yaxın qonşumuz, «Ross 128 b» isə bizə ən yaxın isti planet olacaq.

«Ross 128 b» Çilidəki La-Silya rəsədxanasının HARPS proqramı tərəfindən aşkarlanıb. Əksər ekzoplanetlər çox uzaq və çox tutqun olduqlarından birbaşa görünmür. Buna görə HARPS ulduzun ətrafında dövr edən kiçik planetlərə fokuslanır.

 

Planet ulduz ətrafında dövr etmir

 

Əslində, planet ulduzun ətrafında dövr etmir, planetlə onun günəşi hər ikisinin qravitasiya güclərinin tarazlandığı ümumi kütlə mərkəzinin ətrafında dövr edirlər. Ancaq ulduzlar planetlərdən nəhəng olduqlarından, kütlə mərkəzi onlara planetdən qat-qat daha yaxın olur. Amma həmin kütlə mərkəzi ulduzun mərkəzi demək deyil. Nəticədə xarakterik «yırğalanma» baş verir. Bu yırğalanma ulduzdan gələn radiasiyaya təsir edir. Bu zaman işıq tezliyi dəyişir. Bu, bir növ səs mənbəyi hərəkət etdiyi zaman səsin gücünün dəyişməsini xatırladır. Bu fenomen elmdə Dopler effekti kimi tanınır.

La-Silya rəsədxanasının alimləri bu planeti məhz Dopler effektinin köməyi ilə aşkarlaya biliblər.

Xatırladaq ki, «Ross 128» ulduzu bizə ən yaxın ulduz deyil. Günəşə ən yaxın ulduz cəmi 4.2 işıq ili məsafədə yerləşən «Proksima Sentavra»dır (Proxima Centauri). Ancaq «Ross 128» yaxın qonşuluqdakı ən sakit, hər hansı həyat izlərini məhv edəcək qədər radiasiya şüalandırmayan ulduzdur.

 

3550 ekzoplanet

 

«Sakit olsa belə, onun rentgen və ultrabənövşəyi şüaları Günəşinkindən 10 dəfə yüksək ola bilər», – Merilenddəki «NASA Goddard» Kosmik uçuş mərkəzinin astrofiziki Vladimir Airapetian deyir. Onun sözlərinə görə, radiasiyanın həcmi planetin atmosferini məhv etməyə qadir ola bilər.

«Ross 128 b»nin bu vaxta qədər aşkarlanmış minlərlə ekzoplanetdən biri olduğunu xatırladan Astudillo-Defru deyir ki, onların arasında heç biri onun qədər yaxın və əlverişli görünmür. «Bu planet xüsusidir», – o deyir.

Hazırda NASA-nın Ekzoplanet Arxivində 3550 ekzoplanet var. Onların arasında öz günəşlərinin ətrafında çox yaxın məsafədə dövr edən nəhəng «Qaynar Yupiterlər», səthi ulduzun özü qədər qaynar cəhənnəm planetləri, sıxlığı karbonu almaza çevirəcək qədər sıx planetlər, hər hansı ulduza bağlı olmayan, qalaktika daxilində gəzən «asi» qaz kürələri var. Hətta Yer kürəsinə bənzəyən planetlər də var. Alimlər onları «Yerin əkizləri» adlandırırlar.

Qeyd edək ki, 11 işıq ili astronomik mənada qısa məsafə olsa da, insanların səyahət edə bildiyi ən uzaq məsafədən qat-qat uzaqdır. Müqayisə üçün deyək ki, bu günədək insanların ayaq basdığı ən uzaq məkan olan Ay Yerdən 1.3 işıq dəqiqəsi məsafədə yerləşir.