vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
BANK, BİRJA, SIĞORTA  
22:56 | 4 dekabr 2017 | Bazar ertəsi Məqaləyə 3250 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bank kartları üzrə kobud və kütləvi qanun pozuntusu

Əmək haqqı, pensiya və s. kartlar niyə bank hesabı açılmadan buraxılır, çirkli pulların yuyulmasına rəvac verilir?

Əkrəm HƏSƏNOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanda əmək haqqı, pensiya, müavinət və təqaüd kartları həm milli qanunvericiliyin, həm də beynəlxalq aləmdə qəbul edilmiş sağlam bank praktikası tələbləri baxımdan misli görünməyən hüquq pozuntusu ilə buraxılır. Belə ki, Mərkəzi Bankın «Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları»na əsasən belə kartlar üzrə hər bir vətəndaşla bank ayrıca bank hesabı müqaviləsi bağlamalı və kart həmin hesaba bağlanmalıdır. Lakin reallıqda müqavilə bağlanmır, kart isə işəgötürənə və ya pensiya/müavinət/təqaüd buraxan təşkilata mənsub olan vahid bank hesabına bağlanır. Vətəndaşlara sadəcə kartlar paylanır, vəssalam! Nəticədə sözügedən Qaydalarla yanaşı bir neçə qanunun da tələbləri pozulur.

Belə ki, Mülki Məcəllənin 6.1.2-ci maddəsinə əsasən mülki hüquq subyektlərinin iradə sərbəstliyi mülki qanunvericiliyin prinsiplərindən biridir. Heç bir xidmət sahəsində müqavilə bağlamadan müştəri olmaq mümkün deyil. Sözügedən halda isə biz məhz bunun şahidiyik. Vətəndaşlar məcburi olaraq müvafiq bankın müştərisi edilir.

«İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Qanunun 3-cü maddəsinə uyğun olaraq malların (işlərin, xidmətlərin) və onların istehsalçısının, icraçısının və satıcısının sərbəst seçilməsi istehlakçıların hüquqlarından biridir. Sözügedən halda isə istehlakçı seçim imkanından məhrum olur.

Nəhayət, «Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında» Qanunun 9-cu maddəsinə əsasən bank müştərisinin eyniləşdirilməsi və verifikasiyası üçün tədbirlər görməlidir. Lakin sözügedən halda bu baş vermir (bank kart istifadəçilərini heç tanımır da və beləliklə, «Müştərini tanı!» prinsipi pozulur) və, deməli, çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi riski yaranır. Eyni zamanda ölkəmiz beynəlxalq aləmdə reputasiya riskinə məruz qalır.

Başqa mühüm problem də yaranır. Məlumdur ki, belə kartları emissiya edən banklar kart istifadəçilərinin onlara borcu olduğu təqdirdə həmin borcu kartdakı vəsaitdən tutur. Halbuki həmin vəsaitin sahibi kartın istifadəçisi (məsələn, əmək haqqı alan, yəni işçi) deyil, kartın sahibidir (məsələn, əmək haqqı ödəyən, yəni işəgötürən), çünki kart sonuncunun bank hesabına bağlıdır. Bu isə öz növbəsində kart istifadəçisi tərəfindən kart sahibinə qarşı ona çatası olan pul vəsaitinin ödənilməməsi haqda iddia irəli sürməsi riskini yaradır.

Buna görə də borca görə kartından pul tutulan vətəndaşlara məsləhətim budur. Əmək haqqı alan bu halda maaşını işəgötürəndən, pensiya alan isə Dövlət Sosial Müdafiə Fondundan tələb etsin! O cümlədən məhkəmə yolu ilə. Çünki pulun sizin kartınıza otuzdurulması onun sizə verilməsi demək deyil. Kart sizin hesaba bağlı deyil, pulu sizə ödəyənin hesabına bağlıdır. Deməli, bankın onu tutmaq hüququ yoxdur! Tutursa belə, bu, sizin deyil, pulu sizə ödəyənlə bankın problemidir. Haqqınızı tələb edin!

Burada başqa risklər də yaranır. Məsələn, belə çıxır ki, işçinin kart hesabı vasitəsilə həyata keçirdiyi xərclər formal olaraq onun işəgötürəninin xərcləridir. Deməli, həmin işəgötürənin vergi və s. problemləri yarana bilər (görəsən, vergi orqanları indiyədək niyə bu məsələyə göz yumub?). Digər tərəfdən, işəgötürənin karta bağlı olan bank hesabına həbs qoyulduqda, işçi kartdakı vəsaitdən istifadə edə bilməyəcək və s. …

Bir sözlə, bank sistemimizdə savadsızlıq, özbaşınalıq və dərəbəylik baş alıb gedir. Buna görə də sözügedən problemlə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət göndərmişəm (dərc edirəm). Konkret heç bir şəxsə ünvanlamamışam, çünki oradakı daxili hərc-mərclik nəticəsində başı ilə ayağı bilinmir. Hər bir halda Palata sistemə etimadı bərpa etmək istəyirsə, qanunçuluğu təmin etməlidir!


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)