Hansı fəsil yaxşıdır?
(Hekayə)
Tutdu xəbər bir zaman, Qış yetişib, ay aman! Yayı keçirmiş hədər, Yox daha güldən əsər. (İvan Krılovun “Cırcırama və Qarışqa” təmsilindən)
***
Qonşumuz Əsəd kişi ilin sərin-soyuq fəsillərində məni görən kimi yapışır yaxamdan:- Ala məllim, mən ölüm düzünü de, hansı fəsil yaxşıdır?
Deyirəm, “qışın soyuğu, şaxtası, sazağı canımızı qızmağa qoymur. Yazda allergiya başlayır, asqıraq-öskürəkdən nəfəs ala bilmirəm, bronxit, astma oluram. Yayda da bürkünün, tərin, ağcaqanadın əlindən gözümə yuxu getmir. Özümü azdan-çoxdan normal hiss etdiyim fəsil payızdır”.
Narazı-narazı üzümə baxıb başını bulayır:
- Payız nədir a kişi? Sən də fəsil tapdın bəyənməyə!? Xəzrli-gilavar nəfəsimizi, yağışlı, gölməçəli-palçıqlı küçələr əhədimizi kəsir. Çölə-bayıra da çıxmaq olmur. Heyif deyi yay!?
Söhbətin uzanacağını bildiyimdən, üstəlik də tələsdiyimdən dinmirəm. Elə bir ayağımı qaçaraq qoyub, aradan çıxmaq istəyirəm ki, qarşımı Ağsu çayının üzərinə əyilən Kəpəz kimi kəsir.
- Qonşu bilirsən niyə? Çünki, meyvə-tərəvəz ucuz olur, qiyafə-libas sadələşir. Eləcə şalvar, köynək, şəp-şəplə gününü yola verirsən, vəssalam. Evsiz-eşiksiz də harada istəsə, çöldə, səkidə, skamyada gecələyə bilir. Day kasıba da bundan artıq nə lazımdır?
Bu söhbətdən sonra, bir xeyli qarşılaşmadıq Əsəd dayıyla. Dünən isə yaşadığım binadan çıxıb, yaxınlıqdakı dayanacağa tərəf addımlayırdım. Avqust olmasına baxmayaraq, xəzri səmanı, alçaqdan sürünən yağış ərəfəli qara buludlarla doldurmuşdu. Nəfəs kəsən isitlər səngimiş, havalar azacıq sərinləmişdi.
Bir də gördüm ki. Əsəd kişi yolun kənarında dayanıb mənə baxır. Sözlü adama oxşayırdı. Mən söhbət məsafəsində yaxınlaşıb onun həndəvərinə çatan kimi, gözlərini gözümə zilləyib qəfil işə düşən avtomat kimi açıldı:
- Yay gəldi, sevindim. Fikirləşdim, hər şey yaxşı olacaq. Fəqət, əvvəl qəza baş verdi, bütün şəhər qaranlığa qərq oldu, metro-filan işləmədi. İşıqlar söndü-yandı, vurdu soyuducumla, kondisionerimi də xarab elədi.
Sonra, nəqliyyatda gediş qiymətləri birdən-birə 50 faiz qalxdı. İndi yayın ortası, guya tərəvəzin bol vaxtı, qarpızın kilosu 80 qəpik olub. Gülməlidir e a kişi, səksən qəpiyə qarpız olar? Bəs qışda kommunal xidmətləri, benzini zadı da qaldırsalar nə edəcəyik?
O gün saytlarda oxuyuram ki, bizimlə sərhəd ölkələrdə kəskin devalvasiya baş verib, dolların iti qılıncı yerli pulun quluncunu qırıb. Bəs oradakı proseslər burada da təkrar olsa necə!?
Kişi sözünə ara verdi. Təngənəfəs, alnından puçur-puçur tər damlaları axa-axa, köynəyinin döş cibindən çıxardığı siqareti alışqana tuş edib çəp-çəp mənə baxdı:
- Müəllim görürsən də başımıza gələnləri? Bax dözə bilmirəm, sinəm göynəyir, ürəyim sancır. Ay oğul, bəh-bəhlə, səbirsizliklə gözlədiyimiz yay belədirsə, gör bizi qışda nə gözləyir?
Mən isə Molla Nəsrəddinin “kişinin sözü bir olar” prinsipiylə, dediyimin üstündə duraraq cavab verdim:
- Əsəd dayı sizə deyirdim axı, gözləyin, ən yaxşısı payızdır, ona da ki, lap az qalıb. Darıxmayın və əsəbiləşməyin, ürəyinizi qoruyun.