vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 12 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
AKTUAL  
13:10 | 25 iyun 2019 | Çərşənbə axşamı Məqaləyə 2542 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ekssentrik yazıçının arzuları...

Yer üzərində 7 dəfə dövrə vuran, 3 dəfə də Nobelə namizəd olan Yukio Misima

Vüsal BAĞIRLI

MÖVZU İLƏ ƏLAQƏLİ

“Afanasiy Ivanoviç bilirsinizmi, yaponlarda belə bir ənənə var, incidilən insan incidənin yanına gedir və deyir: “Sən qəlbimi yaraladın, məni təhqir etdin, buna görə də, gözlərinin qarşısında öz qarnımı yırtacam”. Bu sözlərdən sonra, o, həqiqətən də qarnını doğrayır, özünə qəsd edir və artıq qisas aldığını zənn edərək, məmnun qalır. Dünyada qəribə xarakterlər var, elə deyilmi Afanasiy Ivanoviç?!” (F.M. Dostoyevskiy. “İdiot”)

Yukio Misimanın yaxınlarda  oxuyub bitirdiyim “Qızıl Məbəd” əsəri, məni onun barəsində bəzi qeydlər aparmağa sövq etdi.

İntihar edən yazıçılar çox olub (Kavabata Yasunari, Ernst Heminquey, Akutaqava Rinöske, Cek London, Stefan Sveyq və s.). Amma heç birisinin ölümü məşhur yapon yazıçısı Yukio Misimanınkı qədər dramatik olmayıb.

Onun əsərləri soyuq, üzücü, iztirab dolu ola bilər. Orada zorakılıq, qan, xəstəlik, müharibə dəhşətləri bütün çılpaqlığı ilə təsvir edilə bilər. Fəqət bütün bunlar,  Misima yaradıcılığına, yazıçının həyat prinsiplərinə, iradəsinə və ölümünə olan heyranlığımızı əsla azaltmır.

Yukio Misima intihar edəndə cəmi 45 yaşı vardı.

Bu kiçik həyat möhləti ərzində o, qırx roman, hansı ki, 15-i ekranlaşdırılıb, 18 pyes, hansı ki, dünya teatrlarında uğurla səhnələşdirilib, cildlərlə hekayələr, esselər yazıb.

Onun həyata olan rəngarəng baxışı yalnız bununla bitmir. Bu istedadlı, qəribə insan bir yerdə dayanmayıb, dincəlməyib. Yukio rejissorluq edib, aktyorluq, orkestr dirijorluğu ilə məşğul olub.  Bundan başqa, ağır atletika, kendo, karate ustası olub, hətta təyyarə də sürüb. O, 7 dəfə yer kürəsi ətrafında  dövrə vurub. Bütün bu keyfiyyətlərə malik olan yazıçı üç dəfə də ədəbiyyat üzrə Nobel mükafatına namizəd göstərilib.

O, yazdığı hər yazıya görə, yaratdığı hər əsərə görə təsvir edilməsi mümkünsüz olan sevinc hissi keçirib.

O, yazırdı: “Yaradıcılıq işləri yaxşı gedir. Bunu necə ifadə etmək olar?  Sanki, Yer kürəsini əhliləşdirib, ram etmişəm, onun belinə minmişəm. Onu ayaqlarım arasında möhkəm sıxaraq, irəliyə, uçuruma, qara dəliyə doğru dördanla çapıram.  Yanımdan sürətlə ötən ulduzlar isə üzümü cızır, yanaqlarımı yaralayır...”

Onun ölümü çox dəhşətli olub. Amma Yukio bu aqibəti əvvəlcədən, bilərəkdən seçib. O, özünü addım-addım, yavaş-yavaş bu inithara, onun ağuşuna  hazırlayıbmış.

O, “Kiokonun evi” əsərində sanki özündən bəhs edir: “Biz onun haqqında yalnız bunu bilirik və nə vaxtsa çətin ki, daha çoxunu bilək – ölüm onun həmişə ən böyük arzusu olmuşdu. Ölüm onun qarşısında həmişə üzünə çoxlu maskalar taxmış birisi kimi dayanırdı. O, isə maskaları bir-birinin ardınca sıyırıb çıxarır, cəld öz üzünə taxırdı. Nəhayət o, sonuncu maskanı çıxaran zaman, ölüm əsl, gerçək üzü ilə onun qarşısında dayandı. Bu onu heç həyəcanlandırmadı da. Yadda saxlayın, gözəl görünmək istəyi, qadınlardan fərqli olaraq, kişilərdə bir qayda olaraq, ölüm arzusunda gizlənir”.

Yukio,  ölümdən yazmaqda davam edirdi: “Yenə də, qarşısıalınmaz, böyük bir qüvvəylə mən öz ölüm arzularıma qapılıram. Mən Ölümdə əsl həyat məqsədimi görürəm.”

Ölüm onu maqnit kimi cəzb edirdi, tilsimə salırdı, ovsunlayırdı. Yuxarıda sadaladığım məşğuliyyətləri o, ölümdən qaçmaq üçün, azacıq da olsa uzaqlaşmaq üçün edirdi.

“Maskanın etirafları” romanının qəhrəmanı,  ekssentrik Misimanın öz arzularını dilə gətirirdi: “Mən, mütləq oldürməliyəm kimi dəli bir hissə qapılıram. Mən al qan şırnağı görmək arzusuyla alışıb yanıram. Bəziləri, qadınlar yanındakı uğursuzluğunu  sevgi yazıları ilə ört-basdır etməyə çalışır, mən isə romanları ölümdən uzaqlaşmaq naminə, baş qatmaq naminə yazıram”.

Yukio Misimanın yaradıcılığı, həyatı ilə paralel, sanki, öz ölümünün estetik konsepsiyasıdır.

Sonda, Yukio Misimanı oxumağa başlamaq istəyənlər üçün onun “Vətənpərvərlik” hekayəsini məsləhət görürəm.

https://vaxt.az/?name=xeber&xeber_id=17610


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)