vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
MÜBAHİSƏ  
09:19 | 2 mart 2014 | Bazar Məqaləyə 1808 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Krıma dəstək verməliyik»

Elxan Şahinoğlu: «Deputatlarımız Rusiyadan çəkinərək Krım tatarlarına dəstək verməkdən ehtiyat edirlərsə, bu işə müxalif siyasətçilər qoşula bilərlər»

Aygün MURADXANLI

MÖVZU İLƏ ƏLAQƏLİ

«Yeni Müsavat»ın müsahibi «Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Elxan Şahinoğludur.

- Rəngli inqilablar 2000-ci ilin əvvəllərində də Ukraynadan başladı, ancaq Gürcüstan və Qırğızıstanla məhdudlaşdı. Bəs bu dəfə necə olacaq? İnqilabın trayektoriyası genişlənə bilərmi? Ukraynadakı hadisələrin Ermənistan və ya Azərbaycanda təkrarlanması mümkündürmü?

- Azərbaycandan fərqli olaraq Ukrayna və Ermənistan 2013-cü ilin noyabr ayında Avropa Birliyi ilə assosiativ anlaşma imzalamağa yaxın idilər. Son ana qədər İrəvan və Kiyevin Brüssellə saziş imzalayacağı proqnozlaşdırılırdı. Kreml bunun baş verməməsi üçün həm İrəvana, həm də Kiyevə təzyiqlərini artırdı. Birinci İrəvan təslim oldu - Moskvadan qayıdan Ermənistan prezidenti Serj Sərkisyan Avropa Birliyi ilə assosiativ saziş imzalamaya bilməyəcəyini açıqladı. Ancaq Ukraynadan fərqli olaraq bu qərar Ermənistanı silkələmədi, insanlar kütləvi olaraq meydanlara çıxmadılar, sadəcə bir neçə yüz nəfər İrəvanın mərkəzində yürüş etmək istədi və polis onları dağıtdı.

 

- Niyə Ermənistanda kütləvi etiraz olmadı, Sərkisyanın Avropa Birliyi əvəzinə Gömrük İttifaqını seçməsinə qaşı müxalifət niyə fəallaşmadı?

- Ukraynadan fərqli olaraq Ermənistanda ona görə etiraz başlamadı ki, bu ölkənin həm siyasəti, həm də iqtisadiyyatı tamamən Rusiyadan asılıdır. Rusiyanın siyasi, iqtisadi və hərbi dəstəyi Ermənistanın varlığını qorumaq üçün başlıca şərt sayılır. Aydındır ki, Ermənistan Avropa Birliyi ilə assosiativ saziş imzalasaydı, Brüssel Moskva qədər İrəvana dəstək və yardım vədi verməyəcəkdi. Digər tərəfdən İrəvan Brüsselə saziş imzalayacağı halda Rusiyanın indiki yardımından da məhrum olacaqdı, Ermənistana satılan qazın qiyməti artırılacaqdı. Buna görə də, Sarkisyan Avropa Birliyi ilə sıx əməkdaşlıqdan üz çevirərkən xalqın sərt reaksiyası ilə üzləşmədi. Ermənistan əhalisi mövcud Rusiya reallığını qəbul edir.

 

- Yəni hələlik Ermənistanı inqilab «təhlükəsi» gözləmir...

- Durum dəyişə bilər. Ermənistan Ukrayna sindromundan qurtulmayıb. Əgər İrəvan Gömrük İttifaqına üzv olduqdan sonra Ermənistanda iqtisadi və sosial vəziyyət normallaşmayacaqsa, erməni ictimaiyyəti indiki hakimiyyətə qarşı mübarizəsini sərtləşdirəcək. Bunun əlamətləri indi də görünür. Narazı vətəndaşlar Rusiya ilə iqtisadi ittifaqın Ermənistana xeyir vermədiyini, buna görə də Avropa Birliyi ilə yaxınlaşmanın zərurətini gündəmə gətirəcəklər. Elə Ukraynada olduğu kimi yaxın gələcəkdə Ermənistan müxalifətinin də əsas şüarı «Avropa Birliyi ilə inteqrasiya» ola bilər. Ancaq Ermənistanda avrointeqrasiya tərəfdarlarının mövqeyi yalnız o zaman güclənəcək ki, Ukrayna-Avropa Birliyi əməkdaşlığı uğurla inkişaf etsin və bu, başqa dövlətlər üçün də yaxşı nümunəyə çevrilsin. Bu amil Brüsselin özü üçün də vacibdir. Əgər Brüssel Ermənistan və Azərbaycanın da yaxın gələcəkdə Avropa Birliyi ilə assosiativ saziş imzalamasını istəyirsə, Ukraynanın inkişafı üçün bütün imkanlarını hərəkətə gətirməlidir. Kiyevlə Brüssel arasındakı sıx əlaqələr Ukraynanın inkişafına və Rusiyadan asılılığını azaldacaqsa, bu faktor Ermənistan və Azərbaycandakı siyasi qüvvələri və cəmiyyəti fəallaşdıracaq. Əks halda, yəni Kiyev Avropa Birliyi ilə assosiativ saziş imzaladıqdan sonra da Ukraynanın iqtisadi və sosial durumu ağır olaraq qalarsa, bu, Moskvanın Yerevan və Bakı ilə dialoqda arqumentini gücləndirəcək.

 

- Krımda baş qaldıran separatçılıq necə, Ermənistan hakimiyyətinin işinə yaraya bilərmi?

- İrəvan dünyanın istənilən nöqtəsində baş qaldıran separatimzdən hər zaman öz məqsədləri üçün istifadə etməyə çalışır. Kosovo müstəqillik qazandıqda çox sevinmişdilər. Bircə, Rusiyanın Abxaziya və Cənubi Osetiya separatçılığına dəstəyinə münasibət bildirməkdən qaçdılar ki, qonşu Gürcüstanla münasibətləri tamamən korlamasınlar. Ancaq Krımdakı separatçılıq İrəvanın «işinə» yaraya bilər. Ermənistan hakimiyyəti Kremlin Ukraynadakı separatçılara verdiyi dəstəkdən öz məqsədləri üçün istifadə etmək istəyəcək. Kreml Ukrayna uğrunda mübarizədə məğlubiyyətlə üzləşdi və indi Kiyevdəki məğlubiyyətinin əvəzini Krımda almaq istəyir. Ona görə də Krımdakı rus separatçılarına hər cür dəstək verirlər. Öz növbəsində İrəvan Kremlin Krım separatizminə dəstək siyasətindən yararlanaraq Moskvanın Dağlıq Qarabağ separatçılarına da eyni dəstəyin verməsini istəyəcək.

 

- Krımda baş verənlərə rəsmi Bakının münasibəti necə olmalıdır?

- Krımda baş verənlərlə bağlı rəsmi Bakının mövqe bildirməsinə zərurət var. Azərbaycan Xarici İşlər Nazirliyi Kiyev üçün bu ağır dövrdə açıqlama yayaraq ölkəmizin birmənalı olaraq Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan etməlidir. Ukrayna Azərbaycanın strateji tərəfdaşdır və deməli, bu ölkədə baş verənlərə biganə qala bilmərik. Ukraynanın ayrılmaz hissəsi olan Krımda separatçı meyllərin baş qaldırması və bu separatçılığa kənardan verilən dəstək, o cümlədən Rusiya vətəndaşlarının yarımadanın hakimiyyət strukturlarında yerləşdirilməsi bizi narahat etməyə bilməz. Separatizm Azərbaycan üçün həssas mövzudur. Azərbaycan XİN-nin belə bir bəyanatına tərəfdaşımız Ukraynanın ehtiyacı var. Bəli, rəsmilərimiz ayrılıqda Ukraynanın ərazi bütövlüyünü dəstəklədiklərini vurğulayırlar, ancaq bu kifayət deyil, bu açıqlamaların bəyanat halına gətirilməsinə ehtiyac var ki, hamı görsün ki, Azərbaycan hakimiyyəti, siyasi dairələri və ictimaiyyəti birmənalı olaraq Ukraynanın bölünməsinin əleyhinədir.

 

- Ukraynadakı inqilab ssenarisinin Azərbaycanda təkrarlanma ehtimalı haqqında nə düşünürsüz?

- Bu, Azərbaycan üçün ən təhlükəli ssenari ola bilər. Ukraynada kənardan dağıdıcılıqla məşğul olan bir ölkə - Rusiya var. Azərbaycanı qarışdırmaq istəyən isə 3 dövlət sırada dayanıb - Rusiya, İran və Ermənistan. Bu 3 ölkə Azərbaycanı daxildən qarışdırmaq üçün pusquda dayanıblar, fürsət gözləyirlər, istənilən planı işə sala bilərlər, erməni separatizm ilə yanaşı şimal və cənub bölgələrimizdə keçmiş təxribatlarını da hərəkətə gətirə bilərlər. Ona görə də Azərbaycanda inqilab yolu ilə deyil, təkamül yoluyla dəyişikliyə ehtiyac var. Bu isə şəffaf və ədalətli seçkilərdən, azad məhkəmələrin varlığından, insan haqlarına sayğıdan keçir. Bu olmazsa, Ukraynadakı hadisələrdən də biz də sığortalanmamışıq. Azərbaycan hakimiyyəti bu haqda ciddi düşünməlidir.

 

- Ukraynanın ərazi bütövlüyünün qorunması məsələsində daha hansı addımlar atmaq olar?

- Rusiya Krıma siyasi desant çıxarıb. Liberal-demokrat Jirinovski Krımda ruslara dəstək verir, Kiyevə barmaq silkələyir. Bu baxımdan Krım tatarlarına da dəstək lazımdır. Onlar rus separatizmi, üstəgəl Moskvanın təxribatları ilə təkbətək qalıblar. Odur ki, ilk növbədə Türkiyədən bir qrup millət vəkilinin Krıma səfər etməsinə ehtiyac var. Həmin qrupa azərbaycanlı millət vəkilləri də qoşulsaydı, lap yerində olardı. Yox, əgər, azərbaycanlı millət vəkilləri Rusiyanın əsəbi reaksiyasından çəkinərək Krıma gedib qardaş tatarlara dəstək verməkdən ehtiyat edirlərsə, bu işə müxalif siyasətçilər qoşula bilərlər. Krım tatarlarının lideri Mustafa Cəmiloğlu dəfələrlə Bakıda olub, yüksək səviyyədə qəbul olunub, onun Azərbaycan xalqına qardaş münasibəti var. Demək, biz də qardaşlıq borcumuzu yerinə yetirməli, onlara mənəvi dəstəyimizi ifadə etməliyik.

 

- Bir ara xəbər yayıldı ki, rəsmi Bakı Qərb dövlətləri ilə birgə Ukraynanın yeni hakimiyyətinə maliyyə yardımı ayırmağa qərar verib. Prezident İlham Əliyevin belə bir addım atması mümkündürmü?

- Niyə də yox? Əgər İlham Əliyev Belarusun ağır günündə bu ölkənin prezidenti Aleksandr Lukaşenkoya maliyyə yardımı ayırdısa, Ukraynaya niyə ayırmasın? Onu da nəzərə almaq lazımdır ki, Əliyevin Lukaşenkoya maliyyə yardımı ayırması həmin vaxt Moskvanın xoşuna gəlməmişdi. Çünki, Moskva Belarusa maliyyə yardımını dayandırmaqla həmin dönəmdə Lukaşenkoya şərtlərini diktə edirdi. Əlbəttə, Əliyevin Ukraynaya yardım ayırmaq qərarı da Kremlin xoşuna gəlməyəcək. Ancaq onsuz da biz Rusiyanın təzyiqi altındayıq. Rusiyanın işğalçı Ermənistana verdiyi hərbi, siyasi dəstək Azərbaycana təzyiqin bir formasıdır.

 

- İlham Əliyev Moskvanın təzyiqlərini necə neytrallaşdıracaq?

- Azərbaycan prezidenti hələ ki nə Avropa Birliyi ilə assosiativ anlaşma imzalayır, nə də ki, Moskvanın istəyi ilə Gömrük İttifaqına maraq göstərir. Ancaq bütün hallarda Əliyevə uzun müddət bu ikisinin arasında manevr etmək çətin olacaq. Məncə, dövlət başçısı bu vəziyyətdə daha çox Avropa Birliyinə üstünlük verir. Əliyevin Avropa Birliyi ilə strateji saziş imzalaması istəyini dilə gətirməsi də bundan xəbər verir. Əliyev düşünür ki, Kreml Gömrük İttifaqı ilə bağlı Yerevan və Kiyevə təzyiq etdiyi kimi, gələcəkdə Bakıya qarşı da eyni siyasəti yürüdə bilər. Digər tərəfdən, Rusiya prezidenti Vladimir Putin Ukraynanı itirdikdən sonra öz ideyası olan Gömrük İttifaqı və Avrasiya İqtisadi Birliyinin uğur qazanması üçün digər ölkələrə, o cümlədən Azərbaycana təzyiqi artıracaq. Bakıya təzyiq nəticə verməsə Kreml Azərbaycanla sərhəddəki qaydaları sərtləşdirəcək, idxal-ixrac əməliyyatlarını məhdudlaşdıracaq. İlham Əliyev isə qeyri-neft sektorunun inkişafına, yerli malların xarici bazara çıxarılmasına çalışır. Əgər Rusiya bazarı Azərbaycan üçün qapanacaqsa, demək, mallar üçün alternativ bazar axtarılacaq. Azərbaycan malları üçün ən münbit bazar isə Avropa Birliyi bazarıdır. NATO ilə əməkdaşlıq istiqamətində də yeni addıma hazırlıq gedir. Səfər Əbiyevin nazir olduğu illərdə NATO ilə əməkdaşlıqda ləngimə var idi, Azərbaycan NATO-nun eyni IPAP (Fərdi Əməkdaşlıq üzrə Əməliyyat Planı) proqramını 3 dəfə təkrarlamışdı, yenisinə keçmək istəmirdi. Yeni müdafiə naziri Zakir Həsənov isə Azərbaycan və NATO arasında İPAP-ın dördüncü mərhələsinin bu ilin aprel-may aylarında razılaşdırılmasına dair qərar verib. Bu, əslində İlham Əliyevin qərarıdır.