«Mən onunla danışacam»
Berti Foqts: «Abışovun «Rubin»də az oynamasına ürəyim ağrıyır»
Sabah Filippin yığmasına qarşı keçiriləcək yoldaşlıq görüşü ərəfəsində bu gün təşkil edilmiş mətbuat konfransında millimizin baş məşqçisi Berti Foqts jurnalistlərin suallarını cavablayıb. Futbolinfo.az almaniyalı mütəxəssisin fikirlərini diqqətinizə çatdırır:
- Ötən həftə püşkatmaya dair mətbuat konfransı olmalı idi. Ancaq nədənsə, baş tutmadı. Məndən nə qədər xal toplamağı nəzərdə tutduğumuzu soruşdular. Əgər bu, normal sualdısa, onda jurnalistikada nəyisə dəyişmək lazımdı.
- Futbolçuların hazırlığı necədi?
- Fiziki hazırlıq normaldı. Müsbət məqamlar var. Psixoloji nöqteyi-nəzərdən də hər şey yaxşıdı. İstək görürəm. Biz «Qarabağ» - «Neftçi» və «Xəzər Lənkəran» - «Bakı» oyunlarına baxmışıq. Yaxşı oyunlar idi.
- Nə üçün yığmada «Qəbələ»dən iki qapıçı var?
- Mənə elə gəlir ki, bir klubda yığmanın iki qapıçısı oynamamalıdır. Kamran «Qəbələ»yə Anardan sonra gəlib. Mən ona müqavilədə şərt qoymağı təklif etdim ki, o, birinci nömrə olsun. Ancaq o, bunu etmədi. Anarda günah görmürəm. Hər ikisi yığmanın qapıçısıdır.
- Oyunçuları öz strategiyanıza nə qədər öyrədə bilmisiz?
- Hər bir oyunçu digərindən fərqlənir. Ancaq vacibdi ki, onlar bir-birini yaxşı anlasınlar. Mən həmişə futbolçulara demişəm ki, sürətlə oynamaq lazımdı. Mən Rəşad, Mahir və Elnurdan çox şey tələb edirəm.
- Kimlə işləmək asandı - yerlilər, yoxsa milliləşənlərlə?
- Futbol komanda oyunudur. Hər futbolçunun öz anlayışı var. Hər şey sadədi. Biz hamımız futbolçuya nə etmək lazım olduğunu deyirik. Mənim üçün hansı dildə və ya tərcüməçi vasitəsilə danışmağın heç bir fərqi yoxdu. Bizim futbolun problemi ondadır ki, oyunçular topsuz qaçmır. Mən bunu çempionatda həmişə görürəm. Çempionatın son oyununda «Qarabağ»ın futbolçuları məhz belə oynayırdı. Yeri gəlmişkən, əksəri əcnəbilər idi.
- Nə üçün Mahir Şükürov toplanışda yoxdu?
- Mahir öz jestindən sonra toplanışı buraxmalı idi. Mən Mahirə düşünmək üçün vaxt vermişəm. O, azarkeşlər üçün oynadığını anlamalıdır. Mən onunla danışacağam. Azarkeşlərə belə münasibət göstərmək olmaz. Siz də düşünün. Axı o, gənc futbolçulara nümunədi.
- Rəşad Sadıqov oynaya biləcəkmi? Əgər yox, bu halda, kapitan kim olacaq?
- Sabah səhər onun oynayıb-oynamayacağı aydın olacaq. Sadıqov bizə yüz faiz hazırlıqlı lazımdı. Rəşadın zədəsi ilə bağlı vəziyyətdən nə mən, nə də o, razı deyilik.
- Ruslan Abışovun «Rubin»də az oynaması sizi narahat etmir?
- Ruslan çox istedadlı oyunçudu. Çox təəssüf ki, Rusiyaya köçəndən sonra, o, əvvəlki deyil. Çünki o, az oynayır. Buna görə mənim ürəyim ağrıyır. O, özü də başa düşür ki, az oynayır. Mən onu çox sevirəm və onunla danışdım. Ruslan dedi ki, yaxınlarda qərar qəbul edəcək. Əgər Ruslanın xarici klubda oynamaq imkanı olsa, o, bundan yararlanmalıdır. Oynamaq lazımdı, skamyada oturmaq yox. (azerisport.az)