vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 11 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
ƏDƏBİYYAT  
13:52 | 25 fevral 2025 | Çərşənbə axşamı Məqaləyə 266 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Salam Sarvanın gözlərindəki kod ...

... Yaxud üst fəzada ekstaz mahiyyəti müşahidə edə bilmək

Emil RASİMOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Demək, bir müddət öncə bir yaradıcı ortamda ədəbiyyat müzakirəsi edirdik. Söz Salam Sarvandan düşdü... Xüsusən də bu mövzuda şair Seyran İsmayılla polemikamdan gəldiyim bir qənaət oldu və onu istərdim sizlərlə yazılı şəkildə də bölüşüm...

Məqsədim Salamın yaradıcılığını şərh etmək yox, onun ədəbiyyat, sənət düşüncələrini, energetik halını xarakterizə etməkdir.

Salamla dialoqda da olmuşam, yaradıcılıqla bağlı fikirlərini də oxumuşam, dinləmişəm... və onun yazdığı şeirlərə münasibətimi də öncəki dönəmlərdə bildirmişəm. Dediyim kimi, bu dəfə mövzu tamam başqa!

Gəlim mətləbə...

Yaradıcı adamlar belə demək mümkündürsə, spesifik prinsipli bir transformatordur. Həmin transformatorun daxilində bütün nəsnələr var;

İdrak... tərkidünyalıq... dünyagörüş... ədəbi təfəkkür... İlahi ünsiyyət dalğaları... fövqəl enerji və s.

... Ancaq burada incə bir detal mövcuddur:

Özünün transformator mahiyyətini görə bilən yaradıcı şəxslər qrupu...Və o mahiyyətin fərqində olmayanlar, o mahiyyəti görə bilməyənlər qrupu.

... Sənətkar olaraq özünün transformator mahiyyətini görmək üçün sən müəyyən dünyəvi — idraki qatların (kodların) köməyi ilə həmin transformatordan çıxıb, üst fəza hissəsinə qalxıb, öz ruhsal – energetik – idraki mahiyyətinin transformator olmasının fərqində olmalısan.

... Bu məqamda istərdim fikirlərimi bir az da konkretləşdirim. Məsələn, Musa Yaqub, Əlisəmid Kür və Salam Sarvan.

Musa Yaqub, (eləcə də Əlisəmid Kür) özünün transformator mahiyyətinin fərqində ola bilmirdi... bilmir. Çünki onların həmin transformatorun daxilindən çıxıb (oranı tərk edib), Üst fəza hissəsinə qalxmaq kodu yox idi... yoxdur. O kodu bir az da fövqəl icazə kodu adlandırmaq olar.

Amma Salam Sarvanda (özünün qərarı ilə) hər zaman bu halın əksi baş verib. Salam öz transformator mahiyyətindən çıxıb, üst fəzada o ekstaz mahiyyəti çox gözəl şəkildə müşahidə edə bilib...

Əslində Salamın burada ən böyük uğuru da sonradan öz transformator funksiyasına, mahiyyətinə qayıtmasıdır, qayıda bilməsidir.

Çünki yaradıcı adamın transformator mahiyyətindən çıxması, o mahiyyəti tərk etməsi əksər hallarda sonradan o mahiyyətə qayıda bilməməklə nəticələnir. Səbəb də budur ki, öz transformator funksiyanı, mahiyyətini müşahidə etmək qədər bəlkə də dəhşətli mənzərə, an... yoxdur.

... Tanrı qorusun balıqların səsindəki Salam Sarvanı!