«Qeyd etmək istərdim ki,...»
İlham Əliyev: «Sürətli inkişaf, tərəqqi, əhalinin rifahının yüksəlməsi, ictimai-siyasi sabitlik, milli həmrəyliyin möhkəmlənməsi ...»
İnformasiya şöbəsi
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Sülh müqaviləsi 80 faiz razılaşdırılıb”
Prezident İlham Əliyev: “AB Komissiyası Azərbaycanı Avropanın etibarlı tərəfdaş adlandırır”
-
Prezidentin BƏƏ-nə səfəri
BMT TŞ-da dəstək, Makron-Paşinyan cütlüyünə cavab, İran əleyhinə...
-
Qərbi Azərbaycanda dəyişdirilən türk mənşəli toponimlər
Vaxt gələcək, tarixi yer-yurd adlarımız bərpa olunacaq...
-
Hədəf 15 milyarddır
Türk dövlətləri ilə ticarət rekord həddə
-
Sadəcə, İlham...
Səbirli, heç nəyi əvvəldən açıqlamayan və nəyi nə vaxt edəcəyini bilən ...
-
Azərbaycanda lüks hotellərin daha bir brendi
“The Ritz-Carlton Baku” hotelinin açılışı olub
-
270 yaşlı tarixi abidə
Şəki Xan məscidi kompleksi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub
-
Dünya İrsi Siyahısındakı “Yuxarı Baş”
Qoruqdakı təmir-bərpa işləri sayəsində Şəkinin tarixi mərkəzi bütün zənginliyi ilə göz oxşayacaq
-
Aİ ilə Fransanın fərqi ...
Avropa separatizmdən yarasa işıqdan qorxan kimi qorxur
-
Bakı Vaşinqtonu inandıra bilsə, ...
İranın vurulması Zəngəzurdan başlamalıdır
-
Putin narahatdır
Doqquz gündə üçüncü zəng nələrinsə plan üzrə getmədiyini göstərir
-
Prezidentdən mühüm mesajlar
Brüssel görüşündən imtina, İrana gözdağı, Zəngəzur dəhlizi ilə bağlı yekun fikir
-
O tayın və bu tayın lideri
İlham Əliyev Helmut Kolun yolunu gedir – hamını inandırmaq
-
Əliyev açıq danışdı
İran təxribatlarından sonra ilk dəfə hər şeyi öz adı ilə adlandırıldı
-
Gərgin mərhələyə qədəm qoyuruq
“Güney azərbaycanlıların hüquqları məsələsi İranın daxili işidir” dövrü geridə qaldı
-
Görüş baş tutumayacaq
Əliyev Makronu “oyundan kənar vəziyyətdə” saxlayır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev «The Business Year» nəşrinə müsahibə verib. Vaxt.az həmin müsahibəni oxucularına təqdim edir.
- Siz ötən ilin oktyabr ayında
keçirilmiş prezident seçkilərində inamlı qələbə qazandınız. Qələbənizi
şərtləndirən başlıca amillər barədə nə deyə bilərsiniz və növbəti prezidentlik
dövrünün prioritetləri nədən ibarət olacaq?
- 2013-cü il prezident seçkiləri
Azərbaycanın ictimai-siyasi həyatında mühüm hadisə olmuş və son 10 ildə həyata
keçirilən siyasi kursa cəmiyyətimizin münasibətini nümayiş etdirmişdir. Keçən
illər ərzində biz ümummilli lider Heydər Əliyevin siyasətini davam etdirməklə
dövlətimizin və cəmiyyətimizin qarşısında duran mühüm məsələlərin həllinə nail
olduq. Azərbaycan iqtisadi inkişaf göstəricilərinə görə dünyanın lider
ölkələrindən birinə çevrildi və daha da gücləndi. Düşünülmüş proqramlar
əsasında həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində ümumi daxili məhsul
3,4 dəfə, iqtisadiyyatın qeyri-neft sektoru 2,6 dəfə, büdcə gəlirləri 16 dəfə
artdı, strateji valyuta ehtiyatlarının həcmi isə 50 milyard dolları keçdi. Ölkə
iqtisadiyyatına qoyulan investisiyaların həcmi isə 170 milyard dolları ötmüşdür.
Sürətli inkişaf həm də vətəndaşların
sosial rifahının yüksəlməsinə səbəb olmuşdur. Son 10 ildə əhalinin gəlirləri
6,5 dəfə, orta aylıq əməkhaqqı 5,5 dəfə artmışdır. Hesab edirəm ki, yoxsulluğun
səviyyəsinin 49 faizdən 5,3 faizə düşməsi, habelə işsizliyin iki dəfə azalaraq
cəmi 5 faiz təşkil etməsi bizim ölkənin mühüm uğuru hesab oluna bilər. 10 ildə
respublikada genişmiqyaslı quruculuq işləri həyata keçirilmiş, şəhər, qəsəbə və
kəndlərimiz müasirləşmiş, bütün sahələrdə ən müasir standartlar və qabaqcıl
texnologiyalar tətbiq olunmuşdur.
Azərbaycanın uğurları aparıcı beynəlxalq
təşkilatlar, nüfuzlu reytinq agentlikləri tərəfindən də yüksək
qiymətləndirilir. Dünya İqtisadi Forumunun «Qlobal Rəqabət Qabiliyyəti İndeksi
2013-2014» hesabatına əsasən, dünya ölkələrinin rəqabət qabiliyyətliliyi
reytinqində Azərbaycan 39-cu yeri tutmuşdur.
Bu illər ərzində dünyada mövqelərimiz
möhkəmlənmiş, Azərbaycan beynəlxalq münasibətlər sistemində öz layiqli yeri
olan, rəyinə hörmətlə yanaşılan ölkə kimi böyük nüfuz qazanmışdır. Bizdə
keçirilən çoxsaylı beynəlxalq tədbirlər əyani şəkildə təsdiq edir ki, ölkəmiz
artıq regionun siyasi, iqtisadi və mədəni mərkəzi kimi qəbul edilir.
Hazırda dünyada sosial gərginliyin,
işsizliyin və yoxsulluğun artması fonunda Azərbaycanda tam əks proseslərin
müşahidə olunması - sürətli inkişaf, tərəqqi, əhalinin rifahının yüksəlməsi,
ictimai-siyasi sabitlik, milli həmrəyliyin möhkəmlənməsi və s. düşünürəm ki,
2013-cü il prezident seçkilərinin taleyini həll edən başlıca amillər olmuşdur.
Seçkiləri müşahidə edən AŞPA, Avropa Parlamenti, ATƏT PA, İslam Əməkdaşlıq
Təşkilatı, MDB və digər mötəbər təşkilatlar seçki prosesini birmənalı olaraq
yüksək qiymətləndirmiş, onun azad, ədalətli və şəffaf keçdiyini bəyan etmişlər.
Bu da onu göstərir ki, seçki və onun nəticəsi ilə bağlı Azərbaycan xalqının və
beynəlxalq birliyin rəyləri üst-üstə düşmüşdür. Azərbaycan xalqı öz seçimi ilə
həm bu günədək həyata keçirilən siyasətə, həm də gələcək fəaliyyətimizə öz
dəstəyini ifadə etmişdir.
Qarşıda həlli vacib olan mühüm məsələlər
vardır. Azərbaycanın mövcud potensialının daha da gücləndirilməsi, rəqabətə
davamlı iqtisadiyyatın formalaşdırılması, müasir cəmiyyət quruculuğu, əhalinin
sosial rifahının yüksəldilməsi, xarici siyasət prioritetlərinə uyğun olaraq
beynəlxalq aləmdə mövqelərimizin möhkəmlənməsi, ölkə daxilində korrupsiyaya,
rüşvətxorluğa və digər mənfi hallara qarşı sistemli mübarizənin
gücləndirilməsi, vətəndaş cəmiyyətinin inkişafı və digər sahələr üzrə tədbirlər
bundan sonra da ardıcıl şəkildə davam etdiriləcəkdir.
- 2013-cü il Azərbaycanda
«informasiya-kommunikasiya texnologiyaları ili» elan edilmiş və ölkəniz İKT
sektorunun inkişafında böyük nailiyyətlərə imza atmışdır. İrəliyə baxarkən,
Azərbaycanın inkişafında müasir texnologiyalar hansı rol oynayacaq?
- Azərbaycanda həyata keçirilən iqtisadi
siyasətin üstün cəhəti ondan ibarətdir ki, bütün tədbirlər ölkənin real
potensialı, dünya iqtisadiyyatının inkişaf meylləri nəzərə alınmaqla və konkret
proqramlar əsasında reallaşdırılır. Təcrübə göstərir ki, rəqabətə davamlı
iqtisadiyyatın formalaşdırılması üçün müasir texnologiyaların tətbiqi başlıca
şərtlərdən biridir. Buna görə də ölkəmizdə təkcə iqtisadi deyil, bütün digər
sahələrdə də innovasiyalardan geniş istifadə olunur.
İnformasiya-kommunikasiya texnologiyaları
sürətlə inkişaf edən və böyük perspektivi olan sahədir. 2003-cü ildə İKT üzrə
Milli Strategiyanın, sonrakı illərdə isə «Elektron Azərbaycan Dövlət
Proqramı»nın qəbul edilməsi və icrası bu sahənin inkişafına güclü təkan
vermişdir. Müstəqillik illərində Azərbaycanda İKT-nin inkişafına bütövlükdə 3
milyard dollardan artıq sərmayə yatırılmışdır. Bunun nəticəsidir ki, son 10
ildə informasiya və rabitə sahəsinin inkişafı 8,2 dəfə artmışdır. 2013-cü ildə
Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə çıxarılması, kosmik
sənayenin əsasının qoyulması ölkəmiz üçün tarixi əhəmiyyət kəsb edən hadisə
olmuşdur. Növbəti illərdə daha iki peykin orbitə çıxarılması üçün müvafiq
tədbirlər görülür.
Bununla yanaşı, Azərbaycanda son illərdə
internet sürətlə inkişaf edir. Ümumdünya Telekommunikasiya Təşkilatının
hesabatına əsasən, bu gün ölkə əhalisinin 70 faizi internet istifadəçisidir.
Artıq respublikanın hər bir şəhərinə genişzolaqlı internetin çəkilişi
başlanmışdır.
Azərbaycanın gələcək inkişafında yüksək
texnologiyaların roluna gəldikdə, qeyd etmək istərdim ki, hazırda
iqtisadiyyatın dinamik inkişafının təmin edilməsi və rəqabət qabiliyyətinin
artırılması üçün müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan İKT
sahələrinin genişləndirilməsi, tətbiqi elmi tədqiqatların aparılması, bu
sektora yerli və xarici investisiyaların cəlb edilməsi, müvafiq kadr bazasının
yaradılması və digər istiqamətlər üzrə tədbirlər həyata keçirilir. Qarşıda
duran vəzifələri səmərəli şəkildə həll etmək məqsədi ilə Yüksək Texnologiyalar
Parkı və İnformasiya Texnologiyalarının İnkişafı Fondu təsis edilmişdir.
İnnovasiyalara, yüksək texnologiyalara əsaslanan güclü iqtisadiyyatın
formalaşdırılması bizim əsas hədəflərimizdən biridir və bu məqsədə doğru
ardıcıl şəkildə irəliləyirik.
- 2014-cü il Azərbaycanda «Sənaye ili»
elan edilib. Qarşıdan gələn dövrdə bu istiqamətdə hansı tədbirlərin həyata
keçirilməsi nəzərdə tutulur?
- Əvvəllər əsasən aqrar respublika hesab
olunan Azərbaycanda ötən əsrin 70-80-ci illərində sənayenin inkişaf etdirilməsi
məqsədi ilə mühüm addımlar atılmış, ümumittifaq səviyyəli yüzlərlə yeni sənaye
müəssisəsi işə salınmış və müttəfiq respublikalar üçün müxtəlif çeşidli
məhsullar istehsal edilmişdir. Lakin SSRİ-nin süqutu ilə keçmiş respublikalar
arasındakı iqtisadi əlaqələr pozulmuş və ümumilikdə planlı iqtisadiyyat
tənəzzülə uğramışdır. Eyni zamanda, Ermənistanın Azərbaycana qarşı təcavüzü,
ölkədə hökm sürən hərc-mərclik şəraiti, mövcud müəssisələrin fiziki və mənəvi
cəhətdən köhnəlməsi və s. nəticəsində iqtisadiyyat getdikcə aşağı düşmüş,
istehsal prosesi pozulmuşdur. Odur ki, yalnız ümummilli lider Heydər Əliyevin
səyləri nəticəsində 2000-ci ilin əvvəllərində istehsalın həcmini 1990-cı ilin
səviyyəsinə çatdırmaq mümkün olmuşdur.
Son 10 ildə Azərbaycanda neft-qaz
istehsalından əldə olunmuş gəlirlərin bir qismi məqsədyönlü şəkildə və xüsusi
proqramlar çərçivəsində qeyri-neft sektorunun inkişafına, yüksək texnologiyalı
yerli sənaye müəssisələrinin yaradılmasına və milli iqtisadiyyatın
şaxələndirilməsinə yönəldilmişdir. Məhz bunun nəticəsidir ki, bəhs etdiyimiz
dövrdə qeyri-neft sektorunda orta hesabla 10 faiz illik artım müşahidə
olunmuşdur. Bundan başqa, milli sahibkarlığın hərtərəfli dəstəklənməsi, nəhəng
investisiya proqramlarının icrası, sosial-iqtisadi infrastrukturların bərpası və
yenidən qurulması, qabaqcıl texnologiyalara əsaslanan, rəqabət qabiliyyətli
yeni istehsal müəssisələrinin tikintisi Azərbaycanda sənaye istehsalının
həcmini 2,7 dəfə artırmışdır.
Hazırda qarşımızda duran əsas
vəzifələrdən biri mövcud potensiala əsaslanaraq Azərbaycanı güclü sənaye
dövlətinə çevirməkdir. Artıq sənayenin şaxələndirilməsi və modernləşdirilməsi
istiqamətində müəyyən işlər görülmüşdür. Biz mövcud təbii və iqtisadi
resursları istehsalat dövriyyəsinə cəlb edirik, yeni istehsal sahələri və sənaye
parkları yaradırıq, innovasiyaların tətbiqini sürətləndiririk. Buna görə də
2014-cü il «Sənaye ili» elan olunmuş, cari ildə həyata keçiriləcək tədbirlərin
ümumi planı hazırlanmış və təsdiq edilmişdir. Eyni zamanda, «Sənayenin
inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı»nın hazırlanması və
təsdiq olunması nəzərdə tutulur.
Hesab edirik ki, toplanmış təcrübə və
ölkəmizin ümumi iqtisadi potensialı qarşıda duran vəzifələrin uğurla həll
edilməsinə imkan verəcəkdir.
- Keçən ay regionların 2014-2018-ci
illərdə sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramı təsdiq olundu.
Əvvəlki iki proqramın icrası nəticəsində nəyə nail olunmuşdur və üçüncü
proqramın icrasından nə gözlənilir?
- 2004-cü ildə birinci Dövlət Proqramını
qəbul edərkən əsas məqsədimiz regionların hərtərəfli inkişafını təmin etmək,
bölgələrlə paytaxtın inkişaf səviyyəsi arasındakı kəskin fərqi aradan qaldırmaq
olmuşdur. Mən hələ 2003-cü ildə prezident seçkiləri ərəfəsində bəyan etmişdim
ki, əgər etimad göstərilərsə, ilk növbədə Azərbaycanın regionlarının inkişafı
ilə məşğul olacağam, bu məqsədlə xüsusi proqram qəbul ediləcəkdir. Belə də
oldu.
2003-2008 və 2009-2013-cü illəri əhatə
edən iki Dövlət Proqramının qəbul edilməsi, həmin proqramlara əlavə olaraq
250-yə yaxın sərəncamın imzalanması və icrası bölgələrdə böyük dönüş yaratmış,
regionların sosial-iqtisadi mənzərəsini tamamilə dəyişmişdir. Nəticədə
bölgələrdə kommunal xidmətlərin və sosial infrastrukturların keyfiyyəti
yüksəlmiş, sahibkarlıq mühiti yaxşılaşmış, investisiya qoyuluşu artmış,
minlərlə yeni müəssisə fəaliyyətə başlamış, 900 mini daimi olmaqla 1,2
milyondan çox iş yeri yaradılmışdır. Son 10 il ərzində regionlarda ümumi məhsul
buraxılışı 3,2, sənaye istehsalı 3,1 dəfə artmışdır. Azərbaycanın bölgələri,
bütün yaşayış məntəqələri abadlaşmış və müasirləşmişdir. Deyə bilərəm ki,
regionların inkişafında, ümumiyyətlə, Azərbaycanın iqtisadi potensialının
gücləndirilməsində bu proqramların çox böyük rolu olmuşdur.
Bizim qarşımızda duran strateji vəzifə
Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirmək və bütün sahələr üzrə onu
dünyanın inkişaf etmiş, rəqabətədavamlı ölkələri sırasına çıxarmaqdır. Buna
görə, müasir dövrün çağırışları da nəzərə alınmaqla, regionlarımızın dinamik
inkişafı istiqamətində həyata keçirilən tədbirlər davam etdiriləcəkdir. Hesab
edirəm ki, yeni təsdiq olunmuş «Azərbaycan Respublikası regionlarının
2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın icrası
qeyri-neft sektorunun davamlı inkişafını, infrastrukturların və sosial
xidmətlərin daha da yaxşılaşmasını, dünyada mövcud olan ən yüksək standartlar
səviyyəsinə çatdırılmasını təmin edəcəkdir.
- Son illər Azərbaycan xarici siyasət
sahəsində də mühüm uğurlar əldə etmişdir. Ölkənizin BMT Təhlükəsizlik Şurasında
fəaliyyəti, xarici siyasətin yeni prioritetlərinin müəyyənləşdirilməsi və
həyata keçirilməsi və s. məsələləri bu sıraya daxil etmək olar. Qarşıdan gələn
dövrdə Azərbaycanın xarici siyasətinin əsas istiqamətləri hansılar olacaq?
- Azərbaycanın hərtərəfli inkişafı,
iqtisadi potensialının güclənməsi, həyata keçirilən fəal xarici siyasət
ölkəmizin nüfuzunun yüksəlməsini, beynəlxalq aləmə daha sıx inteqrasiyasını,
ikitərəfli və çoxtərəfli əlaqələrin möhkəmlənməsini təmin etmişdir. Bu gün
Azərbaycan müstəqil siyasət yürüdən, qlobal siyasi proseslərə və beynəlxalq
münasibətlər sisteminə öz baxışı olan, mövqeyi nəzərə alınan bir dövlət hesab
olunur. 2011-ci ildə sərt rəqabət şəraitində BMT Təhlükəsizlik Şurasına
qeyri-daimi üzv seçilməyimiz xalqımızın tarixi nailiyyəti, xarici siyasətimizin
böyük uğuru olmaqla yanaşı, həm də ölkəmizin beynəlxalq aləmdə yüksək nüfuz
qazandığını göstərmişdir. Göründüyü kimi, beynəlxalq aləm dövlətimizin
mövqeyini dəstəkləyir, addımlarımızı təqdir edir. Çünki Azərbaycan bütün
beynəlxalq təşkilatlarda özünü ləyaqətlə aparır, prinsipial mövqeyini və öz
milli maraqlarını hər şeydən üstün tutur. BMT Təhlükəsizlik Şurasında iki illik
fəaliyyəti dövründə, xüsusilə quruma sədrliyi müddətində Azərbaycan qlobal
təhlükəsizliyə, dünyada sülhün bərqərar olmasına, sivilizasiyalar və
mədəniyyətlərarası dialoqun inkişafına öz layiqli töhfəsini verərək, xüsusi
fəallığı ilə seçilmişdir.
Azərbaycan həm də qlobal transmilli və
çoxsaylı regional layihələrin əsas təşəbbüskarı kimi çıxış etmişdir. Ölkəmizin
həyata keçirdiyi enerji siyasəti təkcə bizim üçün deyil, həm də regionumuz və
dünya üçün mühüm əhəmiyyət kəsb edir. Məlum olduğu kimi, 2013-cü il dekabrın
17-də Bakıda Xəzər dənizinin Azərbaycan sektorundakı zəngin qaz ehtiyatlarının
hasilatı və dünya bazarlarına çıxarılması üzrə «Şahdəniz-2» beynəlxalq yekun
investisiya layihəsi imzalanmışdır. Hesab edirəm ki, «Şahdəniz-2» dünyanın
enerji xəritəsində yeni vəziyyətin yaranmasına səbəb olacaq və tarixə «XXI
əsrin kontraktı» kimi düşəcəkdir.
Hazırda Azərbaycan Cənubi Qafqaz
regionunun siyasi, iqtisadi və humanitar mərkəzinə çevrilmişdir. Bakı şəhərinin
mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməsi artıq ənənə halını almışdır.
2013-cü ildə İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Fələstinə yardım məqsədilə
beynəlxalq konfransın, III Beynəlxalq Humanitar Forumun, İkinci
Mədəniyyətlərarası Dialoq Forumunun, Davos Dünya İqtisadi Forumunun və digər yüksək
səviyyəli qlobal tədbirlərin keçirilməsi buna sübut ola bilər.
Bizim aparıcı beynəlxalq təşkilatlarla
və başqa ölkələrlə çoxtərəfli və ikitərəfli münasibətlərimiz də inkişaf
etmişdir. Azərbaycan ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı və digər
nüfuzlu beynəlxalq qurumların çərçivəsində səmərəli fəaliyyətini davam
etdirmişdir. Keçən il Avropa İttifaqı ilə vizaların sadələşdirilməsi
istiqamətində önəmli saziş imzalanmışdır. Bu, bizim Avropa İttifaqı ilə olan
münasibətlərimizin göstəricisidir. Əminəm ki, əməkdaşlığın daha da inkişaf
etdirilməsi üçün Avropa İttifaqı ilə Azərbaycan arasında qarşılıqlı strateji
tərəfdaşlığın ən səmərəli formatını yaratmağa nail olacağıq.
Biz region ölkələri, dünyanın aparıcı
dövlətləri ilə qarşılıqlı etimada əsaslanan münasibətlərimizi inkişaf
etdirməklə yanaşı, xarici siyasətimizin yeni vektorlarına uyğun olaraq, həm də
qeyri-ənənəvi istiqamətlər üzrə fəal diplomatiya nümayiş etdirdik. Bu mənada
Avropa və Asiya ölkələri ilə ənənəvi tərəfdaşlıq münasibətlərimizi davam etdirməklə
yanaşı, həm də üzv olduğumuz Qoşulmama Hərəkatı ölkələri, Latın Amerikası və
Afrika dövlətləri ilə siyasi, iqtisadi və humanitar əməkdaşlığın
gücləndirilməsini xarici siyasətimizin prioritetləri sırasına daxil etmişik.
Təsadüfi deyil ki, son dövrlərdə Latın Amerikasının bir sıra ölkələri
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı
mövqeyinə dəstək vermişlər. Artıq dünyanın 10 ölkəsi 1992-ci ildə erməni
silahlı birləşmələri tərəfindən Xocalıda törədilmiş qətliamı soyqırımı aktı
kimi tanımış, həmin dövlətlərin parlamentləri müvafiq qərarlar qəbul etmişlər.
Qarşıdan gələn illərdə ölkəmizin siyasi
və iqtisadi potensialının daha da gücləndirilməsi, beynəlxalq nüfuzunun
artırılması, beynəlxalq təşkilatlarla, ayrı-ayrı ölkələrlə tərəfdaşlıq
əlaqələrinin genişləndirilməsi istiqamətində səylər davam etdiriləcəkdir.
Xarici siyasətimizin təməlində Azərbaycanın milli maraqlarının qorunması
dayanır ki, bu istiqamətdə bütün lazımi addımlar atılacaqdır.
Təəssüflə qeyd etməliyəm ki, xarici
siyasətimizin əsas məsələsi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həlli işində bu günə kimi ciddi bir irəliləyiş olmamışdır.
Ermənistan tərəfi danışıqlar prosesini müxtəlif bəhanələrlə uzatmaqda davam
edir və mövcud status-kvonun saxlanmasına çalışır. Düzdür, ötən ilin sonunda
danışıqlar prosesində nisbi canlanma müşahidə edilmişdir. Buna görə də, güman
etmək olar ki, 2014-cü ildə bu proses davam etdiriləcəkdir. Ermənistan
rəhbərliyi anlamalıdır ki, Azərbaycan heç vaxt öz tarixi torpağında ikinci
erməni dövlətinin yaradılmasına imkan verməyəcəkdir. Münaqişə Azərbaycanın
ərazi bütövlüyü çərçivəsində həll edilməlidir və ediləcəkdir. Münaqişə davam
etdikcə Ermənistan dövləti bölgənin bütün transmilli və regional inkişaf
layihələrindən kənarda qalacaq, erməni xalqının vəziyyəti pisləşməkdə davam
edəcək və ölkənin olub-qalan sosial-iqtisadi potensialı tükənəcəkdir.
- Səbirsizliklə gözlənilən I Avropa
Oyunlarına hazırlıq işləri necə gedir?
- Bu il I Avropa Oyunlarına hazırlığın həlledici mərhələsinə qədəm qoyduq. Məlumdur ki, bu səviyyəli tədbirlərə hazırlıq adətən 7-8 il davam edir. Biz isə cəmi iki il yarım ərzində Avropa Yay Oyunları kimi möhtəşəm tədbir keçirmək niyyətindəyik. Əminəm ki, qarşıda duran bütün məsələlərin həllinə vaxtında nail olunacaq. Artıq Təşkilat Komitəsi formalaşmış və olduqca məhsuldar fəaliyyət göstərir. Tədbirin keçirilməsi nəzərdə tutulan idman obyektlərinin böyük əksəriyyətinin tikintisi bu il başa çatmalıdır. Olimpiya stadionunun, su idman sarayının, stend atıcılığı mərkəzinin tikintisi davam etdirilir. Artıq gimnastika mərkəzi fəaliyyət göstərir. Heydər Əliyev İdman-Konsert Kompleksi, Bakı İdman Sarayı əsaslı təmir olunur, digər idman obyektləri yaradılır. Ancaq bu oyunlara hazırlıq təkcə müvafiq idman obyektlərinin tikintisi ilə məhdudlaşmır. Eyni zamanda, təhlükəsizlik, nəqliyyat, Olimpiya şəhərciyinin yaranması, qonaqların, idmançıların qarşılanması, yerləşməsi, məşqlərin keçirilməsi və digər məsələlər çox ciddi diqqət tələb edir. Nəzərə alsaq ki, Azərbaycanın artıq güclü potensialı, oturuşmuş idman infrastrukturu mövcuddur və bizim böyük beynəlxalq tədbirləri təşkil etməkdə yaxşı təcrübəmiz vardır, əminəm ki, bu Oyunları ən yüksək səviyyədə keçirə biləcəyik. Hesab edirəm ki, Azərbaycanda tətbiq olunan standartlar bundan sonrakı Avropa Oyunlarının təməl prinsiplərinə çevriləcəkdir.