vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
SƏNAYE - AĞIR, YÜNGÜL, AQRAR  
09:23 | 1 iyul 2014 | Çərşənbə axşamı Məqaləyə 2028 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Nazir icra başçılarına qarşı

Heydər Əsədovun göstərişi ilə 58 rayonda buğda istehsalçılarına verilən dövlət yardımlarının mənimsənilməsi faktı araşdırılır; külli-miqdarda yeyintiyə yol verilib

İqtisadiyyat şöbəsi

MÖVZU İLƏ ƏLAQƏLİ

Kənd təsərrüfatı naziri Heydər Əsədov buğda istehsalçılarına verilən dövlət yardımlarının bir hissəsinin mənimsənilməsi qənaəti ilə araşdırmalara start verib. Yaxın günlərdən başlayaraq, yardım ayrılmış 58 rayon üzrə ciddi təftişlərin aparılması nəzərdə tutulub. Kənd Təsərrüfatı Nazirliyindəki mənbə mia.az saytına bildirib ki, H. Əsədov bu məqsədlə maliyyə naziri Samir Şərifovu da məlumatlandırıb: «Heydər Əsədov əmindir ki, 58 rayon üzrə ayrılmış 20 milyon manatdan çox vəsaitin ən azı 7-8 milyon manatı mənimsənilib. Maraqlısı budur ki, rayon icra başçılarının ərazi nümayəndələrinin başçılıq etdiyi yerli komissiyalar ölkə üzrə ümumilikdə 150 min nəfər buğda istehsalçısı olduğunu rəsmi sənədlərdə qeyd etsələr də, faktiki bu qədər buğda əkən olmayıb.


Bu azmış kimi, buğda sahələrinin hektarları bəzi rayonlar və kəndlərdə ayrı-ayrı fərdlər 3-5 dəfə şişirdilib. Məsələn, 3 hektar buğda əkən istehsalçının adına 15 hektar yazılmaqla, hər hektar üçün ayrılmış əlavə 40 manat yardım mənimsənilib. Bu isə birbaşa dövlət büdcəsinin talanması ilə yanaşı, həm də şəxsən prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamların kobud pozulmasıdır. Şübhəsiz ki, nazirlik bu faktları araşdırdıqca, həm Prezident Administrasiyasını, həm də Baş Prokurorluğu məlumatlandırır. Güman edirəm ki, yaxın həftələrdə bir neçə rayonda baş vermiş ciddi hüquqpozmalarla bağlı əldə olunmuş faktlar Baş Prokurorluğa göndəriləcək».

Məlumatlara görə, Masallı və Ağcabədi rayonlarında da subsidiyaların bir hissəsinin saxta rəqəmlərlə mənimsənilməsi yönündə ciddi şübhələr var: «Ağcabədidə 42 kənd və bir şirkət üzrə ümumilikdə 3674 buğda istehsalçısı rəsmi qeydiyyata alınıb. Bu istehsalçıların guya 18359 hektar sahədə buğda əkdiyi bildirilib. Nəticədə isə  734 min 360 manat subsidiya bu rayona yönəldilib. Doğrudur, bu rəqəmin böyük hissəsi adı ölkədə məşhur olan «Kraun Co» MMC-yə ayrılıb. Həmin şirkətin 8600 hektar sahədə buğda əkdiyi rəsmi sənədlərdə göstərilib. Və bu rəqəmə uyğun olaraq, həmin şirkətin rəsmi təmsilçisi Zaur Sarıyevin adına açılmış hesaba 344 min manat pul köçürülüb».

Masallıda isə daha böyük biabırçılığa imza atılıb: «Ən maraqlı detallardan biri isə odur ki, həmin rayonda icra başçısının aqrar məsələlər üzrə müavini Nəsir Muxtarlının atası Muxtar Muxtarovun adına da yardım yazılıb. Sənədə görə, Muxtar Muxtarov 2,8 hektar buğda əkib. Başçının müavininin atasının həqiqətən 28 hektar torpaq əkib-əkməməsi maraqlı araşdırma mövzusudur. Bundan əlavə, Nəsir Muxtarlının doğulduğu Həsənli kəndində 543 ayrı-ayrı təsərrüfatçının həqiqətən də 751 hektar buğda əkməsi, razılaşaq ki, ciddi şübhə doğurur. Ümumiyyətlə, Masallının 33 kəndi üzrə 5370 şəxsin 7794.67 hektar ərazidə buğda əkməsi və buna görə həmin rayona 311 min 786 manat 80 qəpik yardımın ayrılması ilə bağlı bütün sənədlər araşdırılır».

Ümumiyyətlə, fermerlərə ayrılan subsidiyaların mənimsənilməsi son vaxtların ən ciddi problemlərindən biri olaraq qalır. Hətta prezident İlham Əliyev də bu məsələyə müdaxilə etmişdi. Prezident ötən ilin məşhur 12 fevral müşavirəsində bu problemə toxunmuş, subsidiyaların mənimsənilməsi hallarına son qoymağa çağırmışdı. Ancaq bu məsələ sabiq kənd təsərrüfatı naziri, hazırda isə baş nazirin müavini olan İsmət Abbasovun vaxtında həllini tapmadı. Bəzi versiyalara görə, elə bu səbəbdən İ.Abasov nazir postunu itirdi və portfelsiz baş nazir müavininə çevrildi.

Görünür, elə buna görədir ki, yeni nazir H. Əsədov bu məsələ ilə ciddi məşğul olmağa başlayıb. H.Əsədovun bu məsələdə bir üstünlüyü də onun peşəkar maliyyəçi olması ilə bağlıdır. O uzun müddət maliyyə nazirinin müavini kimi büdcə vəsaitlərinin xərclənməsinə nəzarət edib. Bu baxımdan mənimsəmələri aşkarlamaq H.Əsədov üçün daha rahatdır. H.Əsədovun aqrar sektorda əsas korrupsiya yuvası sayılan «Aqrolizinq» ASC-də yoxlamalara start verməsi də buna sübutdur. Qısa müddət ərzində ASC-dəki yeyintilər barədə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə məlumat verildi və cinayət işi açıldı. İndi də hədəf subsidiyaların mənimsənilməsinə şərait yaradan rayon icra hakimiyyətlərinin başçılarıdır. Görək, yeni nazir icra başçılarına qalib gələ biləcəkmi?