vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
CƏMİYYƏT  
14:20 | 25 iyul 2014 | Cümə Məqaləyə 3269 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Metropolitendə işləmək istəyirsən?

QSC-nin nəzdində yeni mərkəz yaradılır

MÖVZU İLƏ ƏLAQƏLİ

«Bakı Metropoliteni» QSC-nin nəzdində yeni struktur - Tədris Mərkəzi yaradılacaq. Vaxt.az xəbər verir ki, bunu Trend-ə «Bakı Metropoliteni» QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.

Onun sözlərinə görə, hazırda «Bakı Metropoliteni»nin kadr potensialının artırılması məqsədilə metropoliteninin yeni strukturunun - Tədris Mərkəzinin yaradılması nəzərdə tutulub: «Artıq bununla bağlı yaxınlarda müvafiq qərar verilib. Yəni Mərkəz artıq hüquqi olaraq yaradılıb. Tədris Mərkəzində həm metropolitenin öz əməkdaşlarının təkmilləşdirilməsi, həm də ali və orta ixtisas məktəblərini bitirib bu sahədə işləmək istəyənlərin kadr kimi hazırlanıb işə götürülməsi planlaşdırılır. Növbəti mərhələdə Tədris Mərkəzi üçün binanın ayrılması və avadanlıqlarla təchiz edilməsi nəzərdə tutulur. Artıq Mərkəz üçün lazım olan avadanlıqlar da alınıb. Tədris Mərkəzinin bu il ərzində fəaliyyətə başlamasının təmin edilməsi nəzərdə tutulub».

N.Paşayev qeyd edib ki, «Bakı Metropoliteni»ndə kadrların hazırlanması üçün unikal imkanlar var. Sadəcə onlardan lazımi qaydada istifadə olunmalıdır: «Bizdə depoda maşinistlərin yüksək səviyyədə hazırlanması və real vəziyyətlərdə təcrübədən keçirilməsi üçün unikal aparatura var. Qeyd edim ki, bu aparaturadan MDB məkanında yalnız iki yerdə - Minskdə və Bakıda var. Hətta Moskvada belə bu sistem yoxdur. Xüsusi kompüterləşdirilmiş maşinist kabinəsi var. Kabinədə oturan maşinist kompüterlə imitasiya olunan rejimdə qatarı demək olar ki, real olaraq idarə edir. İdarəetmə vaxtı müxtəlif ekstremal hadisələr yaradılır, məsələn, yanğın törədilir, mexaniki hissədə nasazlıq yaradılır və s. İndi sadəcə bunları komplektləşdirib Tədris Mərkəzi halına gətirmək lazımdır».

«Bakı Metropoliteni»nin sözçüsü bildirib ki, bu yaxınlarda Mərkəzə müəllimlərin cəlb edilməsi prosesinə, eləcə də bu sahədə ali və orta ixtisas məktəbləri ilə əməkdaşlığa başlamaq niyyətindədirlər: «Yəni bu sahə üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirib Metropolitendə işləmək istəyən şəxsləri cəlb edib burada hazır kadr kimi yetişdirmək istəyirik. Onların gələcəkdə xarici ölkələrə təcrübə mübadiləsinə göndərilməsi də planlaşdırılır. Hələlik isə ilkin mərhələdə Tədris Mərkəzinə təkmilləşmək, ixtisas artırmaq üçün yalnız Bakı Metropoliteninin əməkdaşları cəlb olunacaq. Daha sonra ehtiyac olduqca mövcud potensialı nəzərə alaraq elan veriləcək. O zaman kim Metropolitendə işləmək istəsə, Mərkəzə müraciət edə biləcək».

Mətbuat xidmətinin rəhbəri həmçinin deyib ki, «Bakı Metropoliteni» QSC ilə Fransa şirkətləri arasında mövcud anlaşma memorandumuna əsasən, Fransadan yeni avadanlıqların alınıb gətirilməsi, eləcə də Tədris Mərkəzinə fransız mütəxəssislərin cəlb olunaraq öz təcrübələrini azərbaycanlı həmkarları ilə bölüşməsinin təşkil olunması nəzərdə tutulur. Eyni zamanda, Bakı Metropoliteninin təcrübəli mütəxəssisləri də xarici ölkələrə gedib öz təcrübələrini orada bölüşəcəklər.