vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
MÜƏLLİF  
03:39 | 8 avqust 2014 | Cümə Məqaləyə 3756 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Erməni qızının məktubları»

İş elə gətirdi ki, ondan məktub almayanda özümü narahat hiss edirdim

Günay ARDA

MÖVZU İLƏ ƏLAQƏLİ

İnsan yaranışdan belədir - sevincə olmasa da, kədərə, ağrıya bir müddətdən sonra öyrəncəli olur. Kədər isə gəldimi, qoşunla, dəstə ilə gəlir...

Son məktubunu bu ilin fevralında almışdım: «Necəsən? Mən əla. Sənin üçün çox darıxıram. Bilirəm, mənə hirsin, hikkən keçməyib, amma darıxıram. Bizi həyatımızın dəyişilməz hissəsi - uşaqlığımız bağlayır. Uşaqlıq isə yeganə gerçəkdir. Fransa, İsveç, hara olur-olsun - Şengen ölkələrinin hansına gəlsən, səni qonaq etməyə hazıram. Biz düşmən deyilik. Sənə ehtiyacım var. Oralar nə sənə, nə də mənə lazım deyil. Mən Avropa vətəndaşıyam, sən isə Azərbaycan. Ora isə Qarabağdır. Sənə göndərdiyim şəkil Şuşada yox, Zalsburqda çəkilmişdi. Yaranı qaşımadım, kəsdim. Axı, həkiməm)) Üzr istəməyəcəm, sən bu zərbəyə layiq idin. Hesab bərabərləşdi. Avropada görüşənədək».

Zoyanın məktubu qəfil ölüm kimi məni ikitərəfli yolun tən ortasında haqlamışdı. İşə tərəf gəlirdim. Yeni elektron məktub haqda xəbərdarlıq telefonuma gəlmişdi. Dayana bilməyib açdım. Yolu keçə-keçə oxumağa cəhd elədim. Bakının tıxacdan qiyamət gününü andıran yolları bir anda gözümə bom-boş göründü. Həyatımın da, yolumun da tən ortasında Zoya ilə təkbətək qalmışdım. Üz-üzə gəlsəydik, ona bir söz deməyə cəsarətim çatmazdı. O, qalib tərəf idi, mən isə məğlub, zərərçəkmiş. Qaliblər isə mühakimə olunmur...

Zoya məndən böyük idi. Qonşu həyətlərdə yaşayırdıq. O, həmişə ağıllı, təmkinli idi. Mənim kimi çoxları üçün nümunə olmuşdu. Yorulmadan, usanmadan oxuyurdu, dincəlmədən idman edirdi. Hamımızdan uzunboylu və gözəl idi. Uşaqları adətən birləşdirən xüsusi səbəblər olmur. Biz bir həyətdə böyüyürdük, bir yerdə oynayırdıq. Heç ağlımıza da gəlməzdi ki, günün birində bir-birimiz üçün nəinki yadlaşarıq, hətta düşmənə də çevrilərik.

1988-ci il hadisələrində anası onu və qardaşını qoyub «uzaqlara» getmişdi. Ora həmin «uzaqlar» idi ki, biz heç vaxt heç bir pasportla, heç bir məbləğ qarşılığında ora gedə bilmərik. Zoya da gedə bilmirdi. Siyasi-milli qarşıdurma ailəni parçalamışdı. Erməni qadın iki körpəsini qoyub İrəvana getməli olmuşdu. Onu uzaqlaşdıran səbəbi isə heç kim bilmirdi. Bu sirri bircə Zoyanın nənəsi bilirdi.

Üz-gözündən həmişə zəhrimar yağan, qara paltarlı, əzgil kimi buruşmuş erməni qadın hər səhər hamıdan əvvəl oyanır, həyətdə dövrə vururdu. Burnunun altında nə isə danışır, var-gəl edirdi. Bəlkə də, gəlini evdən gedərkən qoyduğu bir parça kağızı dua kimi əzbərləmişdi. Qonşular deyirdilər ki, gəlini evdən qaçıb gedəndən sonra Anuş xala bir həftəyə qocaldı. İki anasız uşağa «ananız qayıdacaq» deməkdən dili qabar tökmüşdü. Müharibənin ən qızğın vaxtında - bu o vaxtlar idi ki, bəzən bir məhləyə eyni gündə iki şəhid gəlirdi, qonşular Anuşdan üz döndərmədilər, ona həmişə acıdılar.

Bəs Zoya? İndi nə qədər fikirləşirəmsə, Zoyanın ürəkdən güldüyünü yadıma sala bilmirəm. Onun tərtəmiz dərisi, sağlam saçları, şux qaməti isə hamının diqqətini çəkirdi. Biz bütün uşaqlar kimi dalaşırdıq, bir-birimizi döyürdük. Belə davalarda Zoyanın adı heç vaxt olmazdı.

Dialoqlarımızda «düşmən», «müharibə» kəlmələrinin olduğunu da xatırlamıram. Onun bizdən «fərqini» də üzünə vurmamışdım. Dostluğumuzda idarəedən tərəf də o idi.

Yay səhəri idi. Zoya həmişəki kimi məni həyətə çağırırdı. Təxminən beş və ya altıncı sinifdə oxuyurdum. İmkan tapıb qapıya gedənə qədər qapımızın açıldığını və bərkdən çırpıldığını eşitdim. Nənəm mənə qədər qapını açıb Zoyanın «cavabını» vermişdi.

Bir müddət heç nə anlamadım. Qız mənə yaxın gəlmirdi. Mən yaxınlaşanda isə heç nə demədən itələyib uzaqlaşdırırdı.

Bir dəfə isə guya təsadüfdən dəmir hasarın üstündən kürəyimə tullandı. Üzü üstə asfalta çırpıldım. Şüşə qırıqları dizlərimə dolmuşdu.

Mən ancaq məktəbi bitirəndən sonra öyrəndim ki, nənəm Zoyaya «uşağımı bir də çağırma» deyib qapını çırpıb. Qapının arxasında isə «mürtəd köpək qızı» deyib.

Əslində o, çox yaxşı dost idi. Uzun illər münasibət qurduğum, dostluq etdiyim hamıda onun xüsusiyyətlərini axtardım. Amma tapa bilmədim. Uşaqlıqda başlayan dostluq ilk sevgi kimidir, o nə bitir, nə də davam edir. İndi günahkar da axtarmıram. Zoya məni sosial şəbəkədə tapandan sonra uzun müddət heç nə yazmadı.

Sadəcə, dostluq göndərdi. Məndə ona qarşı hirslə utancın qarışığı olan hisslər var idi. Bu da keçib getmişdi. İş elə gətirdi ki, bir müddət sonra uzun-uzadı məktublar yazmağa başladı. Hər məktubun içində isə bir foto... Bu fotolar adətən Göyçə gölündə çəkilirdi. Ancaq bir ildən sonra Zoyanın nəyə nail olmaq istədiyini anladım. O, məni yaralamaqdan zövq alırdı. Gedə bilmədiyim yerlərdən yazıb məni qıcıqlandırırdı. Zoyanın sayəsində ilk dəfə özümə qarşı, acizliyimə qarşı ikrah hissi duydum. Bu hissi hələ də ciyərimin ortasında, mədəmdə hiss edirəm. Sanki iyrəndiyiniz nəyisə sizə məcburən yedirdiblər. Lap tutaq ki, qurbağanı...

Zoya cavabsız məktublarını bir müddətdən sonra kəsdi. İstədiyi nəticəni aldığından əmin idi...

O vaxt dizlərimə dolan şüşələr məni tanımadığım Şuşa fotoları qədər ağrıtmır. Mən Şuşada olmamışdım. Zoya isə uzun müddət heysiyyatımla oynadı. Hər dəfə ondan elektron məktub gələndə özümü baxmaqdan çəkindirə bilmirdim. O isə əylənirdi. Danimarka, İsveçrə kəndlərində çəkdirdiyi fotoları mənə Şuşa, Laçın kimi sırıyırdı.

Məktubların ardı kəsilib. Dizimdəki yaraların da yeri çoxdan itib. İncidilən heysiyyatım isə sağalmır.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)