vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
MÜSAHİB  
15:32 | 26 avqust 2014 | Çərşənbə axşamı Məqaləyə 3066 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Hakimiyyətə yaxın olsaq da, dəyişən heç nə yoxdur...»

Hafiz Paşayev: «Millətin avamlığı onun şairlərinin sayı ilə düz mütənasibdir!»

MÖVZU İLƏ ƏLAQƏLİ

Veteran jurnalist, haqqin.az saytının yazarı Emil Ağayev Azərbaycanın ən modern və ən nüfuzlu ali təhsil müəssisəsi olan ADA universitetini gəzib, universitetin rektoru, Azərbaycanın ABŞ-dakı keçmiş səfiri, professor Hafiz Paşayevlə söhbətləşib. Universitet haqda təəssüratlarından və Hafiz Paşayevlə söhbətindən maraqlı epizodlardan ibarət publisistik reportaj yazıb.

Fizika professoru, 13 il Vaşinqtonda Azərbaycanı səfir kimi təmsil etmiş və bu müddət ərzində həmişə Amerika təhsil sistemi ilə yaxından maraqlanmış Hafiz Paşayev deyir ki, o, ADA universiteti ideyasını işləyib hazırlamağa  düz iki il yarım vaxt sərf etmişdi. Elə universitetin özünün tikilin başa çatdırılması üçün də iki il yarım vaxt lazım oldu.

«Mən ABŞ-ın 20-dən çox universitetində oldum, düz 60 universitetin layihəsini hazırlamış amerikalı arxitektoru tapdım. Ancaq təcrübəyə, ixtisasa baxmayaraq iş prosesində amerikalı arxitektor həmişə məndən soruşurdu-sən nə istəyirsən? Və budur, görürsünüz, burada Qız qalası elementi də var, bu isə şüşəbəndə oxşayır...Hətta vaxtilə bizim qonşuluğunda yaşadığımız köhnə «İnturist»dən də nəsə var!» Hafiz Paşayev universitetin arxitektura elementlərindən bəhs edərək deyir.

ADA universiteti sanki Elm məbədidir, Bilik Evidir, burada hər şey rahat və cəlbedicidir, insan orada özünü sanki evindəki kimi rahat hiss edir. Hətta mühəndislik sistemi də orijinaldır. Binanın qızdırılması və soyudulması üçün tələb olunan enerjinin bir hissəsi yerin altından gəlir. Gölün altında üç yüz quyu qazıblar. İl ərzində yerin dərinliyində və üstündə daimi temperatur fərqini nəzərə alaraq sanki təbii kondisioner yaradıblar. Avropada, İsveçdə binaların 60 faizi bu ideya ilə qızdırılır, soyudulur. Bizdə isə ilk dəfədir!

«Amerikada buna «ağıllı bina» deyirlər-həm iqtisadi, həm ekoloji baxımdan» Hafiz Paşayev izah edir.

Rektor universitet şəhərciyində tikiləcək yeni binaların layihəsini də göstərir. Bunlardan biri Dillər fakültəsidir. «Biz iki ildən sonra hökmən rus dilini və daha bir xarici dili, ola bilsin çin dilini tədris etməyə hazırlaşırıq» rektor bildirir. İkincisi-Təhsil Məktəbinin binasıdır. H.Paşayev bunun nə məqsəd daşıdığını belə izah edir: «Azərbaycanda 4500 məktəb var, ancaq onlardan heç birində direktorun və ya müavininin menecment mədəniyyəti yoxdur. Biz hazırda Miçiqan universiteti ilə təhsilə rəhbərlik məktəbinin yaradılması layihəsi üzərində işləyirik».

ADA universitetinin perspektiv inkişaf proqramı da mövcuddur. H.Paşayev yeni binaların konseptual dizaynını göstərir: «Biz 2025-ci ilə qədər olan müddəti fazalara bölmüşük. Bax burada orta məktəb açmağa hazırlaşırıq. Qoy bütün zəncir-məktəb-bakalavr-magistr tamamlansın. Burada isə uşaq bağçası tikiləcək, diplomatların uşaqları üçün».

Müəllifin diqqətini həm də rektorun sadəliyi və universitetdə yaratdığı səmimi mühit cəlb edib. Məsələn, H.Paşayev jurnalistlə birlikdə universitetin yeməkxanasına gedəndə tələbələr halını pozmadan əllərində məcməyilər öz işlərində idilər. İstifadə olunmuş məcməyiləri yumağa verəndə isə ofisiant yaxınlaşıb rektorun yox, onun qonağının məcməyimi götürüb, Azərbaycanda hamının adət etdiyi kimi əvvəlcə «vəzifəli, vacib adamın» üstünə qaçmayıb.

- Bu ki normaldır, belə də olmalıdır. Azərbaycan dilində «avamlıq» sözü var. Yəni savadsızlıq, qaranlıq. Dünya görüşün məhdudluğu, - rektor jurnalistin təəccüblənməsinə cavab olaraq bildirir. «Mən bilmirəm bu sözü rus dilinə dəqiq necə tərcümə etmək olar, lakin «avamlıq» sözü bizdə ən yüksək rütbəli professora da, adi qapıçıya da şamil oluna bilər» Hafiz Paşayev deyir.

Rektor daha sonra atası, görkəmli yazıçımız Mir Cəlal Paşayevlə bağlı maraqlı xatirəsini danışır: «Mən 1975-ci ildə ilk dəfə Amerikaya gedəndə Kaliforniya universitetində bir il işlədim. Qayıdanda atam artıq xəstə idi. Mən evə gələndə o, yataqda idi, özünü bir az yaxşı hiss edəndə otaqda tək qalmışdıq, soruşdu: hə, oralarda necədir? Mən danışmağa başladım. Birdən o, mənə gözlənilməz sual verdi-bəs orada, Amerikada şairlərlə bağlı vəziyyət necədi? Şairlər? - mən təəccübləndim, onlar orada o qədər də görünmürdülər axı. Bəli, - atam dedi, Amerika praqmatik ölkədir. Və dərhal da bu formulu verdi: «Millətin avamlığı onun şairlərinin sayı ilə düz mütənasibdir!»

Hafiz Paşayev deyir ki, onun stili sonradan düşünülməyib: «Mənim stilim atamdan gəlir. O həyatdan ki, biz görmüşük, o evdən ki, biz yaşamışıq. Bizə bütün bunları onlar, valideynlərimiz veriblər, necə varıqsa eləyik. İndi belə hesab olunur ki, hakimiyyətə yaxınıq. Lakin əslində bizdə dəyişən heç nə yoxdur. Hətta bacılarımın və qardaşlarımın arasında... Hərdən küçədə mənə yaxınlaşırlar: «Sizin mühafizəçiniz yoxdur?!» İnsanları belə tərbiyə ediblər. Avamlıq, ayrı nə demək olar».

H.Paşayev avamlıq, savad məsələsi ilə bağlı yenidən atası haqda xatirələrə qayıdır: «O, köhnə ərəb şriftləri ilə yazırdı. Və ölümündən bir həftə əvvəl mənə ömrünün sonuncu hekayəsini vermişdi. O, əlyazmalarını həmişə mənə verərdi, makinaçı qız Yazıçılar İttifaqında otururdu, onları kiril əlifbası ilə çap edirdi. Bax belə. Geri qayıdanda mən hekayəni oxudum. O, «Səviyyə» adlanırdı. Sadə süjeti vardı. Kimsə bazara gedir, nəsə axtarır. Və hamı ona qışqırır: «Gəl bura, məndə yaxşı armud var!», «Gəl bura, məndə alma var!». Adam onlara baxır və hər dəfə deyir: «Səndə ola bilməz», və yoluna davam edir. Nəhayət kimsə dözməyib ona əsəbiləşir: «Bəs sən nə axtarırsan, hə?!»  Adam «Səviyyə axtarıram» deyir...Bax belə sadə süjet. Lakin mənim üçün bu hekayə ibrətamiz oldu. Sovet dövründə 70 il yaşayan, həm yüksəlişi, həm enişi görən, həmişə təhsilin, elmin içində olan adam. Və o, ömrünün sonunda nə axtarırdı? SƏVİYYƏ...»

Hafiz Paşayev danışır ki, o, Amerikada işləyəndə ali məktəblər üçün qrantlar almaq imkanları var idi. Tələb olunan ancaq bu idi ki, kimsə savadlı ərizə yazsın. O, bu haqda bütün rektorlara məlumat verir. Ancaq elə savadsız ərizələr yazırlar ki, onları göstərmək, üzə çıxarmaq belə ayıb idi. Nəticədə amerikalı qızın köməyindən istifadə etmək lazım gəlir. «Və 907-ci əlavə bizə dövlət yardımını qadağan etdiyi üçün «Xəzər» universiteti üçün layihə tərtib etdik. Və universitet çox keçmədən 300 min dollar qrant aldı» Hafiz Paşayev xatırlayır.