vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
CƏMİYYƏT  
16:17 | 3 sentyabr 2015 | Cümə axşamı Məqaləyə 2033 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Odda yanmaz, suda batmaz» «Azercell»

Mobil operatorun «səxavətinin» sirri, hər il vergidən yayınan milyonlarla manat vəsait kimin cibinə axır?

Əli SEYİDBƏYLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Jurnalistikanın «mətbəxi»nə bələd olmayan oxucuların çoxunun Azərbaycanda haqqında hər hansı tənqidin səslənməsinə yol verilməyən bir şirkətin mövcudluğundan yəqin ki, xəbəri yoxdur.

Bu şirkət «Azercell» adlanır. O, ölkənin ən böyük mobil rabitə operatorudur.

Məsələ burasındadır ki, bu şirkət Azərbaycanda fəaliyyətə başladığı ilk gündəncə ölkənin az-çox tanınan bütün mətbu orqanlarının səhifələrini reklamla doldurmağa başladı. Bu isə xüsusilə indiki çətin böhran günlərində bizim KİV-lərdən ötrü göydəndüşmə fürsət, az qala ilahidən gələn bir bəxşiş idi.

Ona görə də Azərbaycan mətbuatı, agentlik və saytlar öz səhifələrində bu şirkətin ünvanına tənqid səsləndirməyə sadəcə olaraq icazə və imkan vermirlər. «Azercell» isə buna görə həmin KİV-lərə sanballı (bəzən isə hətta cüzi) maddi yardım göstərir.

 

«Azercell» dostumdur, amma həqiqət daha əzizdir

 

Bunu yada salaq ki, təcrübəli və prinsipial jurnalistlərdən biri bir neçə il əvvəl bu şirkətin fəaliyyətindəki nöqsanlardan bəhs edən tənqidi məqalə yazmışdı. Həmin jurnalist əlində o tənqidi məqaləsi onlarla redaksiyanın qapısını döysə də tanış redaktorların hamısı günahkarcasına gülümsəyərək bir ağızdan belə cavab vermişdilər: «Bilirsənmi, «Azercell» bizim ən böyük reklam tərəfdaşımızdır. Özün başa düşürsən də... Sən Allah, bağışla...»

Bu cavab həm iqtidaryönlü, həm də müxalif KİV-lərin rəhbərlərinin dilindən səslənmişdi.

Təcrübəli jurnalist məqaləsini dərc etdirmək üçün çox çalışdı, hətta özünün çalışdığı redaksiyadan da üz döndərdi. Bununla belə, o, öz məqaləsini hər halda dərc etməyə nail oldu. Bütün KİV rəhbərlərinin və redaktorlarının bir ağızdan «reket» adlandırdığı tanınmayan, demək olar çoxuna məlum olmayan balaca bir qəzetdə.

Mən bu əhvalatı niyə xatırladım?! Ona görə ki, bu gün əlimizdə çətinliklə topladığımız kifayət qədər fakt var və ictimaiyyətin həmin faktlarla tanış olması, onlara diqqət yetirməsi çox lazımdır.

Bədxahlarının qərəzdə və merkantil maraqlar güdməkdə tez-tez ittiham etdiyi virtualaz.org və haqqin.az saytlarının rəhbərliyi isə həmin faktları ictimailəşdirməyə dərhal razılıq verdi. Baxmayaraq ki, «Azercell» reklam verəndə bu iki saytı da unutmayıb.

Amma axı saytlar təkcə bir reklamla yaşamır. Bizim üçün ən başlıca məsələ oxucuya həqiqəti çatdırmaqdır. Həqiqət hər necə olursa olsun...

Bəli, bu gün oxuculara «Azercell»də bizim sadəlövhcəsinə bu operatora ödədiyimiz pulların necə bacarıqla ciblərə doldurulmasından danışmaq istəyirik. Biz də elə bilirdik ki, həmin pullar ölkədə mobil rabitə xidmətinin daha da inkişaf etdirilməsinə xərclənir.

Adətən belə hallarda olduğu kimi, bu dəfə «Azercell»dən olan diribaş və hiyləgər uşaqlar bizim sadəlövhlüyümüz hesabına varlanırlar. Necə? Onların belə qazanc üsulları çoxdur. Bir neçəsini nümunə gətirək.

 

6 milyon əsassız xərc

 

Məlumdur ki, mobil rabitə daimi nəzarət və texniki xidmət tələb edən çoxsaylı spesifik antena və stansiyalar vasitəsilə həyata keçirilir. «Azercell» 2700-dən çox stansiyaya və onlarda qurulmuş 1800 ötürücü antenaya texniki xidmət göstərmək üçün podratçı şirkət qismində «V.İ.E.R.» və «Netservise» şirkətlərini cəlb edib.

İlk baxışda adi məsələdir. Operator bu şirkətlərə bir sayt üçün ayda 245-263 dollar ödəyir. Müqayisə üçün deyək ki, digər mobil rabitə operatoru «Azerfon» eyni xidmət üçün cəmi 99 manat ödəyir. Açıq deyək ki, bu da sonda yuvarlaq bir məbləğə çevrilir. İlin sonunda hesablama aparılanda məlum olur ki, «Azercell»in əsassız xərcləri ildə 5 milyon manat artır. Aydın məsələdir ki, mobil operator bu pulları podratçıya elə-belə verməz.

Lakin bu, «Azercell»çilərin öz çoxmilyonluq gəlirlərini asanlıqla «bölüşdürdüyü» yalnız bir məqamdır. «Azercell» rayonlarda yerləşdirilən antenalara və stansiyaları qidalandıran generatorlara xidmət üçün adıçəkilən şirkətlərə ayda 200 manat ödəyir (bir saatına 70 qəpik). Halbuki «Azerfon» bu işə görə 100 manat (saatına 25 qəpik) ödəyir.

Göründüyü kimi, ölkənin ən böyük mobil rabitə operatoru podratçı şirkətlərin haqqını çox səxavətlə ödəyir. Əgər şirkətin 530-dan çox generatorunun olduğunu nəzərə alsaq, onda məlum olar ki, xidmətlərə görə 2,8 dəfə şişirdilmiş ödənişin məbləği süni şəkildə 1 milyon manatı aşır.

Bütün bunlar şişirdilmiş xərclərdir. Abonentlər həmin xərcləri sadəcə sezə bilmirlər.

Lakin elə işlər də var ki, onlar birbaşa abonentlərin gözü qarşısında baş verir. Məsələn, «Azercell» şirkəti «Azercell Express» ofislərinin təmir edilməsi və avadanlıqlarla təchiz edilməsi üzrə bütün işlərin xərcini özü ödəyir. Halbuki «Azercell» prinsipcə bu tikililərin sahibi, mülkiyyətçisi deyil. Yaxşı, bəs «Azercell» bu sahibkarlara nəyə görə belə həvəslə kömək edir? Axı həmin sahibkarlar sonradan ondan onsuz da xeyli pul alacaq?

Jurnalist araşdırmalarımız nəticəsində o da məlum oldu ki, təmir işləri üçün alınan materialların qiyməti onların real bazar dəyərindən bir neçə dəfə bahadır.

Sizə sübut lazımdırmı? Buyurun, bu da sübut.

Yəqin siz də bilirsiniz ki, pəncərə altına vurmaq üçün mərmər plitənin (elə qranitin də) 1 poqon metri bazarda 50 manatdır. «Azercell» şirkəti isə onu 80-90 manata sənədləşdirir. Tavan üçün 1 kvadratmetr plitənin quraşdırlmasının zəhmət haqqı 6 manatdır. Mobil rabitə şirkəti isə bu işi 12 manata sənədləşdirir.

Yəni təmir işlərində qiymətlər orta hesabla 30-35 faiz şişirdilir, süni şəkildə artırılır. Hər il azı 50-60 satış məntəqəsində təmir işləri aparılır ki, bu da 1,5 milyon manatın mənimsənilməsi deməkdir. Belə maxinasiyalar «Azercell»ə öz xərclərini də süni surətdə artırmaq imkanı verir. Bu isə ona iri məbləğdə vergidən yayınmaq fürsəti verir.

Bəs buradan hansı nəticə alınır? Bir tərəfdən, «Azercell» şirkəti açıq-aşkar pul oğurlayır, digər tərəfdən isə vergidən yayınır, yəni dövləti aldadır. Necə deyərlər, ikiqat qazanc...

Lakin buna görə məsuliyyət də müvafiq olmalıdır. Xüsusilə də bunu nəzərə almaq lazımdır ki, «Azercell»in ehtiyatda hələ çoxlu belə fırıldaqları var.

 

6 min manata bir nömrə

 

Hamıya məlumdur ki, «zerkalnı» və digər yaddaqalan, populyar telefon nömrələri «Azercell» tərəfindən digərlərinə nisbətən çox baha satılır. Bəs siz daha cəlbedici nömrələrin internetdəki preyskurantda göstəriləndən də qat-qat baha satıldığını bilirdinizmi?

Araşdırmalarımız göstərdi ki, (050) 333 33 33 və ya (050) 300 00 00 kimi populyar nömrələr çox bahalı sayılsalar da onların rəsmi qiyməti 277 manatdır. Əlimizdə sübut olmadığı üçün bu nömrələrlə bağlı konkret heç nə deyə bilməsək də aydın məsələdir ki, bu məbləğ açıq-aşkar süni şəkildə azaldılıb. Bunu digər fakt da təsdiqləyir. Belə ki, (050) 777 77 07 nömrəsi dilerlər tərəfindən 6 min manata satışa qoyulsa da həmin nömrə «Azercell» şirkətində 128 manata sənədləşdirilib. Bu isə onu təsdiqləyir ki, lüks nömrələrin rəsmi qiymətləri şirkətdə bazar qiymətindən dəfələrlə az göstərilir. Təxmini hesablamalara görə, şirkətin belə nömrələrin satışından əldə etdiyi, amma sənədləşdirilməyən əlavə qazancı ildə 16 milyon manat təşkil edir.

Lakin bu da aysberqin hələ yalnız görünən tərəfidir. «Azercell» şirkəti özünün çoxsaylı distribütorlarına, diler və podratçılarına xidmətə görə, komission və bonus şəklində ildə orta hesabla 15-20 milyon manat ödəyir. Bu pullar onlara nömrə, ödəmə kartı, internet-paketləri satışına və müxtəlif kampaniyalarda iştirak etməyə görə ödənilir.

Bəli, bəli, «Azercell» diler və distribütorları üçün təmir işləri görür, onları avadanlıqlarla təchiz edir, üstəlik hələ mağazaları saxlamağın bütün xərclərini öz üzərinə götürür, nəhayət, hətta bonuslar da verir. Lakin məlumatlı mənbələrin bildirdiyinə görə, bu bonusların 75 faizi «otkat» şəklində geri qayıdır.

Azərbaycanın ən böyük mobil rabitə operatoru olan «Azercell Telecom» şirkəti öz işinin görünməyən tərəflərini bax belə qurub. Bütün MDB məkanında öz qaranlıq işləri ilə «şöhrətlənmiş» «TeliaSonera» İsveç-Finlandiya şirkətinin «övladı» olan «suda batmaz, odda yanmaz» «Azercell» cəzasız qalacağına yəqin tam əmin olub.

Lakin bu özünəinam, əminlik hissini qırmaq çox asandır. Yetər ki, bu işlə ciddi məşğul olasan.

İstisna deyil ki, bizim gətirdiyimiz bu faktlar bir ucu ölkəmizdən də kənara gedib çıxan kələfin yalnız bir ilməsidir.

Bunun belə olub-olmadığını yalnız müvafiq dövlət qurumları - ölkənin hüquq-mühafizə orqanları söyləməlidir.