vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
MÜƏLLİF  
22:20 | 2 iyul 2012 | Bazar ertəsi Məqaləyə 3224 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Türkün kitabla imtahanı»

Dilqəm ƏHMƏD

MÖVZU İLƏ ƏLAQƏLİ

Ötən yüzilin önlərində Əli bəy Hüseynzadəyə sual edirdilər ki, niyə “Füyuzat”da gah Getenin “Faust”unu, gah da Şekspirin “Yuli Sezar”ını, dah da digər avropalı mütəfəkkirlərin əsərlərini çap edirsiniz, firəng, ingilis olmağımızı istəyirsiniz?

Əli bəy isə belə cavab verirdi: “Ey oxucu, biz avropalıların ədəbiyyatlarına, sənayelərinə, elm və mariflərinə, kəşf və ixtiralarına müraciət etmək istəyirik, özlərinə yox...biz istəyirik ki, islam ölkəsinə onların beyinləri girsin, mədələri girməsin. Biz istəyirik ki, ölkəmiz onların beyinlərini həzm etsin, yoxsa mədələrində həzm olunmasın”.
Sonucu cümləyə xüsusi diqqət etsək, Əli bəyin bəşəriyyət tarixi üçün keçərli bir reallığı ortaya qoyduğunu görə bilərik. Əli bəy haqlı olaraq deyir ki, əgər bir xalq bəşəri dəyərlərin hakim kəsildiyi avropalıların beynini həzm etməsə, bu ali dəyərlərə sahib olmayanlar onların mədəsində həzm olunub gedəcəklər.
Əli bəy haqlı deyilmi?
Yüzillər sonra dünyada yalnız bəşəriyyətə fayda verə bilən millətlər qalacaqdır. Digər toplumlar isə bu millətlərin içərisində assimilyasiya olunacaq.
Əli bəy Hüseynzadə türk dünyası üçün nə qədər önəmli insan olsa da, türkləri Avropa fikir arealına aparmağa cəhd etsə də, onun bu cəhdi sizif əməyi kimi idi.
“Füyuzat”ı kim anlayırdı?
“Füyuzat”ın manşet fotoları haqqında ötənlərdə bir yazı yazdım.
Əli bəy ilk sayda manşetə Osmanlıda çağdaşlaşma yolu tutan, ilk konstitusiyanın elan olunmasına səbəb olan Midhət paşanın şəklini vermişdi.
Yəni, Əli bəy ilk saydan hədəfinin çağdaşlıq olduğunu göstərib.
“Füyuzat”da toxunulan mövzular tarix üçün olduqca önəmli idi.
Amma toplum üçün heç bir önəmi yox idi. Ona görə də dərgi tezliklə ömrünü başa vurdu.
“Füyuzat”ın 32 nömrəsi kitab halında mövcuddur.
Oxuduqca dəhşətə gəlirəm ki, Əli bəy doğrudanmı həmin dövrün Azərbaycanında doğulub?
Amma buna rəğmən Əli bəy uduzdu, toplumla onun arasında uçurum vardı.
Bu uçurumu yaradan isə KİTAB idi.
Əli bəy Göteni tərcümə edib dərgidə çap etdirirdi, Mirzə Cəlil isə “Poçt qutu”sunda həmin dövrün azərbaycanlısını göstərirdi.
Əli bəyin və Mirzə Cəlilin xalqı kitab imtahanından keçə bilməmişdilər.
Sovet dönəmində bu imtahandan kütləvi şəkildə müsbət qiymət alına bildi, ikinci müstəqillik dönəmində də bu imtahandan yaxşı qiymət alına bildi.
Amma, XXI əsrin astanasında əldə olunan uğurlar yenidən sıfıra enməyə başladı.
Acı bir reallıq ortaya çıxdı: Türk və kitab uyğunsuzluğu.
Türk dünyasına liderlik etmək istəyən Türkiyə məlum oldu ki, əhalisinin kitab oxumasına görə Afrika ölkələri ilə bir sıradadır. Türkiyədə 6 türkə ildə bir kitab düşür, bir yapon isə ildə 25 kitab oxuyur. Statistik məlumatları google-dən tapa bilərsiniz, oxuduqca insanı dəhşət bürüyür və anlayırsan ki, bu gün Türkiyəyə kimlərin rəhbər etməsinin kökündə də məhz bu amil dayanır.
Ona görə də, modernizmi özünə məqsəd olaraq götürən modernist türk millətçisinin başlıca hədəfi kitab olmalıdır.
Ankarada Güneylə bağlı foruma gedərkən avropada yaşayan bir güneyliyə Azərbaycanda ən savadsız təbəqənin millətçi təbəqə olduğunu deyəndə, fikirlərim yol yoldaşımın kəskin etirazına səbəb oldu, özünün millətçi görüşə sahib olduğunu, yanlış düşündüyümü dedi.
Fərd olaraq haqlı ola bilərdi. Amma Azərabaycan balaca ölkə olduğundan durumun necə olduğunu görmək mümkündür.
Əgər mən, yol yoldaşıma ümumiyyətlə millətçi cameənin olmadığını desəydim, yəqin ki, sonuncu söhbətimiz olacaqdı.
Azərbaycanda simvollarla yaşayan savadsız millətçilik havasında olan toplum var.
Sadəcə bir kitab adı deyəcəm.
Hansı ki, o kitab türkçülüyün manifesti adlanır.
Yusuf Akçuranın “Üç tərzi siyasət” əsəri.
XX əsrin əvvəlindəki türkçülük axınının başladığı ərəfədə yazılan, türk dünyasının ideologiyalar içində boğulduğu  bir məqamda işıq tutmağa çalışan bir əsərdir.
Bu əsərin Azərbaycanda nəinki tərcüməsi yoxdur, heç haqqında məlumatı olan insanlar azdır.
Amma düşünürəm, yenə də səhv edirəm.
Yusuf Akçura, Əli bəy Hüseynzadə oxumaq  hələ tezdir.
Öncə Mirzə Cəlili oxuyub yenə də eyni gündə olduğumuzu anlayıb, daha sonra Avropaya yol almalıyıq.
Gəlin, elə “Usta Zeynalı” oxumaqdan başlayaq.
Modernist türk millətçisi yola çıxarkən rəhbəri hansısa lider yox, kitab oxumaq olmalıdır.
Oxuyun, Mirzə Cəlili, Sabiri, Üzeyir bəyi, Axundovu.
Zaman önəmli deyil.
Yüz ildən sonra da avropalı olsaq, bizə yetərlidir.
(Davamı olacaq...)

   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)