Cavidin ölümsüzlüyü...
Şərqin Şekspiri - Hüseyn Cavid - 134
Bəzən sözlər insanın fikirlərini ifadə etməkdə, onlarda nəzərdə tutulan mənanı dolğun şəkildə qarşı tərəfə çatdırmaqda və istənilən əqli üstünlüyə nail olmaqda çətinlik çəkirlər və bu çətinlik dildə kifayət qədər söz ehtiyyatının olmamasından yox, biləks, həddən ziyadə söz bolluğu olduğundan və biri seçib başlamağın nə qədər müşkül olmasından qaynaqlanır.
Postsovet (bəlkə də Məşriqsayağı) ölkələrindəki ənənə halını almış və öz zamanının yox, bütün zamanların klassikləri olmuş yazarları hədsiz bir bayağılıqla, vərdiş edilmiş bir sıxıcılıqla anmaq, daha doğrusu, böyük teatr salonlarının birində oturacaqlarda mürgüləyən çeşməkli ziyalıları nə bahasına olursa-olsun bir araya toplamaq və səhnədə mistik, qaranlıq bir ahənglə, xüsusilə seçilmiş –və ya ola bildiyincə şablon sözlərlə- onların mərhum ruhlarına dərin və ekstazlı hörmətlər sərgiləmək – bu, nə dərəcədə anımdır, nə dərəcədə bezikdirmə, bilmək çətindir. Dəqiq olan odur ki, bizlər bir insanı, bilxassə, yüz ildən çox yaşı olan və mədəniyyətdə silinməz izlər buraxan birilərini anarkən onları ya bayağılaşdırırıq, ya da özümüzü bayağılaşdırırıq və nəticədə - istənilən nəticə alınmır. Bütün bu klassik anma mərasimlərinin əleyhinə olan biri olaraq, alternativ və daha yaradıcı, yadda qalan bir üsul beyinlərimizdə şimşək kimi çaxırmı? Nə dərəcədə məhsuldar zəkaya malikik?
Köhnəlməyən, əskiməyən və insana, sözün amansız və əsl mənasında, toxuna bilən, onun həssas damarlarını tarım çəkən əsrlərin bir vasitəsi varsa, şəksiz ki, yazıdır. İnsan görür (filmləri), eşidir (musiqini), seyr edir (rəsmləri), lakin heç bir vasitə onda oxuduğu zaman aldığı təəssüratı bütün dolğunluğu ilə əvəzləyə bilmir. İndi mən də bir neçə kəlmə bu sehrli üsuldan istifadə etməyə cürət göstərəcəm. Lakin inanılmaz dərəcədə təsirli və emosional olacağını qətiyyətlə vəd etmirəm. Çünki söhbət Caviddən və onun yazdıqlarından gedirsə, insanın absurd və qaçınılmaz bir əsrarəngizlik, mübhəmlik donuna bürünməsi mütləqdir. Cavidin həyatı qədər, bizlər, onu illər sonra oxuyub yenidən yaşayanlar da o məşum çaşğınlıqdan, o əlim qeyri-müəyyənlikdən qaça bilmirik. Bəlkə də, heç qaçmaq kimi bir istəyimiz də yoxdur.
Özü kimi qoca xatirəsi olan ədibdir Cavid. Ədəbiyyatda fenomen adlandırıla biləcək və özünəməxsusluğun zirvəsində olan, yaşadığı dövrdə duyduğu sancıları və ağrıları bu gün də ürəklərimizdə əks-səda tapa bilən, sözsüz ki, tək şairlərdəndir. Bəziləri üçün maraqsız səslənə bilər, lakin mənim üçün onun ən mühüm xüsusiyyəti təkliyidir. Yəni tək olması, heç bir bənzəri olmaması və üslubunun nadir olması. Cavidin faciələri qədər insanı silkələyən və yatdığı məsud, behiştvari yuxulardan oyadan başqa əsərlər rastıma çıxmayıb. Onu dünya dramaturgiyasının klassikləri ilə müqayisə edənlər kifayət qədər haqlıdırlar. Bəlkə də yanılırlar, çünki dünya dramaturqlarını onunla müqayisə etmək gərəkdir.
Cavid uşaqlığımın şəksiz tək qəhrəmanıdır. Şekspirin faciələri ilə başlayan daxili təbəddülatlar və təkmilləşmə prosesi Cavidlə öz pik nöqtəsinə çatır və kədərli olan bütün xatirələrimi yenidən canlandırır. Çünki kədər olan yerdə həyat var. Çünki bütün bəşəriyyəti əhatələyən sonsuz bir məşəqqət bizim hərəkətverici qüvvəmiz deyil – elə yaşamın özüdür və Cavid və onun kimi ürəyi qələmində yazanlar bu hissiyyatı bizə bütün çılpaqlığı ilə yaşatmaqla özləri ilə bərabər, mənsub olduqları millətləri də ölümsüzləşdirirlər. Cavidin poetizmin zirvəsindəki şeirləri uzaqlardan səslənən, lakin qulağımın dibindəki pıçıltı təsirini bağışlayan sevgi nəğmələridir. Dramları və faciələri narahat ruhların asimanda rəqs etməsinə sonsuz bir həvəslə tamaşa etməyi xatırladır. Publisistik yazıları isə dəyişməyən və dəyişmək istəməyən problemlərin varlığını bizə xatırladan ağrılı səhifələrdir.
Cavid sürgündə öləndə ədəbiyyatda sarının ən ağır tonlarında küləklər əsdi. Onun nakam və heyrətverici dərəcədə bədbəxt ailəsinin bir lənətə sürüklənirmiş kimi bir-bir onunla qovuşması və Turan xanımın bütün bu hədyanlı xatirələrlə yaşamağa məhkum edilməsi isə Cavidin mistik rüzgarının son əsintiləri idi. Lakin ailəsinə görə. Onu oxuyanlar və daxilən bağ quranlar üçün o bahar ortasında qış küləyini xatırladan rüzgarlar öz əzəmətini və heç vaxt itirmir. Bu, elə bir yanğıdır ki, yaşamamış olmaq istəyirsən, fəqət eyni zamanda, təkrar-təkrar yaşamaq və bu məşəqqəti yenidən hiss etmək istəyirsən.
Cavidin narahat ruhu bu gün insanlıq dürlü fəlakətlərə düçar olduqca öz payızvari nəfəsini, qışsayağı ilğımını bizə göndərir və onu qəlbən hiss edənlər 134 yox, min il də keçsə, bu həzin şərqinin ölüm rəqsini andıran sancılı notalarında gözlərini qırpmağa, dərindən köks ötürməyə və «Yüksəliş varsa, səbəb alçaqlıq» deməyə davam edəcəklər. Cavidin ölümsüzlüyü insanlığın da ölümsüzlüyünə aparacaq, günümüzdə də apardığı kimi.
Və böyük ustadın iblisləri cümlə xəyanətlərə bais olduqca, insan digər insanlara xain olmaqda davam edəcək. (modern.az)
(24 oktaybr, 2016)