

Rusiya çarlığıyla Qacar İmperatorluğu arasında 1813-də bağlanan Gülüstan, 1828-də isə Türkmənçay sazişinin sonucu Azərbaycanın parçalanması oldu. Bu parçalanma yalnız coğrafiya ayrılığı deyildi, bu ayrılıq bir millətin neçə yerə ayrılması idi. Bu siyasətin strategiyası Azərbaycanın Türk millətini zaman içərisində gücdən salıb aradan aparmaq ya da ən azı Türk kimliyini dəyişdirib başqalaşdırmaq idi.
Bu ayrılıqdan sonra bu torpağın ayrılmış bölmələrinə başqa adlar verib dünyaya İran, Rusiya, Gürcüstan, İraq kimi tanıtdırdılar. Sonra da bir parçasının yerli əhalisini ev-obalarından sürgün edib çöllərə saldıqdan sonra Ermənistan adlı yeni bir ölkə yaratdılar. Ondan sonrakı işləri tarixi toponimləri dəyişdirib yad toponimlər yaratmaq idi. Amma ən böyük sorun parçalanmış torpaqlarda yaşayan xalqın milli kimliyini dəyişmək idi. Bu plan üçün onlar Azərbaycan millətini ana dildə təhsildən məhrum edib ən təməl insan haqlarını belə ayaqları altına saldılar. Ovaxtkı siyasi güclərin Azərbaycan millətinə etdiyi zülmdən öncə Azərbaycanın varlığı tarixi coğrafiya baxımından araşdırılıb meydana qoyularsa, o zülmün nə qədər müstəmləkəçi olması aydınlaşa bilər. Ona görə bu məqalədə yazar Azərbaycanın tarixi coğrafiyası ilə milliyyət kimliyini əldə olan ən qədim əlyazmalar və tarixi mətnlərdən tutmuş 19-cu əsrin başlanğıcındakı tarixi-coğrafi sənədləri bir araya gətirməklə Azərbaycanın tarix boyu necə bütöv bir ölkə, bir millət olduğunu göstərməyə çalışacaq.
Giriş
Tarix boyu uzun zamanlar Azərbaycan adıyla tanınmış ölkə XX yüzillikdən bəri başqa adlarla, o cümlədən Rus Azərbaycanı, SSRİ Azərbaycanı, İran, SSRİ, İraq Türkmənləri, Azəri kimi qondarma kimliklərlə tanıtdırılmağa başladı. Türk ulusunun böyük bir parçasını öz türk kimliġindən sıyırıb başqa qondarma kimliklər vermək böyük Oğuz eli ilə Türk xalqını aradan aparmaq stratejisinin bir parçasıydı. Bu siyasətin Azərbaycan ulusuna vurduğu ən böyük, ən acı zərbə 1813-dəki Gülüstan, 1828-dəki Türkmənçay sazişləri oldu. Bu sazişlərin son hədəfi yalnız coğrafi ayrılıq deyildi. Təməl hədəf Azərbaycan Türk ulusunu öz milli kimliyindən ayrı salıb özgələşdirmək, manqurtlaşdırmaq və sümürgəçilərin siyasətlərinin uğrunda çalışan qullara çevirmək idi. Bu gün bu ayrılmış torpaqlarda yaşayan Azərbaycan Türklərinin yeni nəsli ana dildə təhsildən məhrum olduqlarına görə bəziləri başqa dillərdə danışıb öz doğma kimliklərindən xəbərsiz böyüsələr də, damarlarında Türk qanı daşıyırlar. Onları öz gerçək kimlik, tarix, ədəbiyyat, incəsənət, mədəniyyətləri ilə tanış etdirib milli kimliklərini qaytarmaq qələm əhlinin insanlıq borcudur. Bu nədənlə, günümüzdə tarixi sənədlər kimi işlənən tarixi mətnləri araşdırıb Azərbaycanın tarixi coğrafiyası ilə milli kimliyini oxuculara çatdırmaq üçün bu qələm əldəki məqaləni təqdim edir.
Araşdırmalar
Azərbaycan adına işarə edən ən əski mətnlərdən biri 656-661 illərində xilafət edən İslamın dördüncü xəlifəsi, Hz. Məhəmmədin kürəkəni, Əli ibni Əbitalibin Nəhjülbəlağə kitabıdır. Ən adlım məktublarının birində ərəbcə ünvanlanmış məktub o vaxt Xəlifə tərəfindən Azərbaycanın valisi təyin olunmuş Qeys ibni Əşəsə yazılmış məktubda Hz. Əli əslində bütün tarix boyu valilərə hökumət dərsi verir. Bu məqalədə önəmli olan bu məktubun tarixi və ünvanıdır. İslam dövlətinin rəsmi sərəncamı (hökmü) olaraq Azərbaycanın valisinə yazılmış bu məktubun yazılma tarixi 1366 il bundan qabağa qayıdır. İslam Azərbaycana yayılmaqdan sonra da Azərbaycanın coğrafi bütövlüyü özünə olan sınırlarıyla birlikdə rəsmiyyətə tanınması gün kimi bir gərçək olduğu bu məktubda özünü aydıncasına göstərir. Baxmayaraq, İslam xilafətinin siyasi-dini quruluşu ilə təyin olunmuş bir vali ilə idarə olunurdu.
İkinci ən əski kitab yüksək rütbəli bir fars məmuru və coğrafiyaçısının yazıdığı bir coğrafiya kitabıdır. Yazarı Abbasilər xəlifəliyi vaxtında yaşayan Əbilqasım Übeydullah ibni Abdullah ibni Xurdadbehdir (820/825-913). 870 hüdudunda ibni Xurdadbeh “əl-Məsalik vəl-Məmalik” kitabını yazır, 885-də isə ikinci dəfə bu kitab yayılır. İbni Xurdadbeh kitabında Abbasilər xilafətində birləşdirilən ayrı-ayrı xalqlar’la əyalətlərdən yazır. Xəritələri ilə birlikdə kitab həm də Güney Asiyanın Brahmaputra, Andaman adaları, Malaziya ilə Cavaya qədər uzanan torpaqların, xalqların, mədəniyyətlərindən yazır. Tanq Çin, Birləşmiş Sila (Korea) və Yaponiyanı da öz kitabında gətirib. O habelə Vikinqlərin günçıxana yönəlmış alverindən yazan ilk müsəlman yazarlardan biridir: “Qara dəniz ilə Xəzərdə Rus adlanan alverçilər mallarını dəvələr ilə Bağdadacan gətirirlər”.
İbni Xurdadbeh hər xalq öz şahını necə adlandırdığını yazaraq 224 miladi ilində Sasanilər imperatorluğunu quran I Ərdəşir (180–242) şah kimi təsdiq etdiyi şahların adını yazır. Ərdəşirin təsdiq etdiyi Azərbaycan şahlarının adı bunlardır: “Azərbazqan şah”, “Allan şah”, “Baraşkan şah, “Hidivan şah”, “Kaplan (Qaflan) şah” və “Şiran şah” Sasanilərin təsdiq etdiyi Azərbaycan şahlarının Sasanilərdən də qabaq dövrlərdə olan varlığı Azərbaycanın İslamdan qabaqkı dövrdə müstəqil bir ölkə olduğunun tarixi sənədidir.
Sonra ibni Xurdadbeh Azərbaycanın bəzi şəhərlərindən ad aparır: Təbriz, Ərdəbil, Urmiya, Zəngan, Xoy, Marağa, Salmas, Mərənd, Vərziqan, Beyləqan, Şirvan, Bərdə, Qəbələ, Naxçıvan, Bəz və Dərbənd. Eyni halda Tiflis, Xalat, Erciş kimi bəzi şəhərləri də erməni şəhəri kimi göstərir.
Üçüncü ən əski mətnlərdən biri də 839-da Təbəristan, Amol şəhərində dünyaya gəlmiş, 923-də Bağdadda dünyasını dəyişmiş Əbu Cəfər Məhəmməd ibn-i Cərir ət-Təbəri, Qurana yorum (təfsir) və qədim İslam tarixini yazan böyük İslam tarixçisidir. Onun yazdıqları yalnız bunlar deyil. Eyni halda dünya tarixi, şer, sözlük, dil qaydaları, əxlaqiyyat, riyaziyyat, və tibb əsərləri də yazmış bir məlumatdır. Ən adlım əsəri “Təfsir ət-Təbəri” bir də “Tarix ət-Təbəri” adıyla tanınan “Peyğəmbərlər ilə şahlar tarixi” kitablarıdır. O 2260 səfhəlik “Tarix ət-Təbəri” kitabında İslam ordusunun Azərbaycanı tutması tarixini belə yazır:
“Deyir: Nəim ikinci dəfə Həmədanı alıb Vac Rud tərəfindən Rey şəhərinə gedəndə (İslamın birinci xəlifəsi) Ömər Ona məktub yazıb Azərbaycanı almaq üçün Səmmak ibn-i Xərəşəni Bükeyr ibn-i Abdullaya köməyə göndərsin. O Reyin qapılarını açanacan bu işi gecikdirir , sonra Səmmak Azərbaycana yola düşür. Səmmak ibn-i Xərəşə ilə Ətəbə-t ibn-i Fərqəd ərəblərin varlılarından idilər və Kufəyə varlı gəlmişdilər. Bükeyri yola saldıqdan sonra Cormizanda Vac Ruddan gəlmiş Fərruxzadın oğlu İsfəndiyar ilə yolları kəsişir. Bu onun Azərbaycanda birinci savaşı idi. Onlar savaşdılar, Allah İsfəndiyarın ordusunu enik saldı, Bükeyr də İsfəndiyarı əsir tutdu. İsfəndiyar ona dedi: “Barışmağımı daha çox istəyirsən, yoxsa savaşmağı?” Bükeyr isə “Barışmağı” dedi. İsfəndiyar isə dedi: “Məni yanında saxla. Mən Azərbaycan xalqının tərəfindən səninlə barışmasam, xalq dağ-daşa düşüb Qıbıc və ya Rum dağlarına doğru gedəcək. Qalası olan da qalasında qalacaq”. Bükeyr İsfəndiyarı yanında saxladı, o da qalalardan başqa ölkə təslim olanacan əsir qaldı”.
Ondan sonra Səmmak Dərbəndə doğru yola düşüb aldığı yerləri Ömərin buyuruğu ilə Ətəbəyə tapşırır. Bu arada Bəhrəm gəlib Ətəbənin yolunu kəsir. Ətəbə onu enir. Bəhram isə qaçaq düşür. Bəhramın yenilmə xəbəri Bükeyrin əlində əsir olan İsfəndiyara çatır. İsfəndiyar “Artıq barış olar, savaş dayanar” deyib Bükeyr ilə barışır. Ondan sonra Azərbaycan toxtayır. Bükeyr ilə Ətəbə Azərbaycandan aldıqları qənimətlərin beşdə birini bir məktub’la birlikdə Ömərə yollayırlar. Beləlik’lə də Azərbaycan Hicrətin on səkkizinci ilində İslam ordusunun əlinə keçir.
İbn-i Xəldun da yuxarıdakı tarixi eyni biçimdə ət-Təbirinin əsərindən alıb öz kitabında gətirir. 27 May, 1332-də Tunisdə anadan olmuş İbn-i Xəldun sosioloji və tarix biliklərində İslam tarixinin ən önəmli kişilərindən biri sayılır. Mədəniyyəti anlatmaqda ən çox payı olan parlaq ulduzlardan biridir. İbn-i Xəldun Topal Teymur ilə də görüşüb dərbarına çağırılır. Oradan qayıtdıqda yenidən Misirdə olduğu məqamına, dərbar Qadısı (Hakimi) vəzifəsinə dönür. Qahirədə yetmiş dörd yaşında, Mart 17, 1406-da, dünyasını dəyişən İbn-i Xəldun Bab ən-Nəsr qəbiristanlığında torpağa tapşırılıb.
Başqa ən əski mətnlərdən biri də fars şairi Firdovsinin (940-1019/1025) “Şahnamə”sidir. İran şahlarının başqa ölkələrə qoşun çəkməsini nəzmə çəkərək İranın qədim şahlarından biri Xosrov Pərvizin Azərbaycana qoşun yürütməsinin dastanını yazır. Bu dastan farsca belə adlanır. Bu əski mətn öncəki mətnlərdə olan həqiqəti təsdiqləyir. Xosrov Pərviz İranın İslamdan əvvəlki şahıydı. Onun Azərbaycan adlı başqa bir ölkəyə qoşun yürütməsi Azərbaycan ölkəsinin İslamdan qabaq var olduğunu təsdiqləyən başqa bir sənəddir.
Azərbaycan ölkəsinin adı, varlığı öncədən təsdiqlənibsə, sərhədləri necə aydın edilə bilər? Cavabı ən əski səfərnamə və coğrafiya kitablarından birini yazan Əbu İshaq İbrahim ibni Məhəmməd əl-Farsi əl-İstəxri yazıb. 10-ncu yüzillikdə, Abbasilər dövründə yaşayan bu coğrafiyaçı çoxlu müsəlman ölkələrini gəzib ərəb dilində çox dəyərli bir kitab yazıbdır. Onun “Kitabu əl-Məsalik vəl-Məmalik”, (Məmləkətlər və Yollar Kitabı) adlanan əsəri tanıdığı dünya, Xilafət deyimində “Savad”, Avropa ölkələri deyimində “Persia” adlanan coğrafiya ilə qonşuluqda olan ölkələrin xəritəsi ilə birlikdə tərif edici bir mətn ilə o ölkələrin coğrafiyasına görə bilgi verir. Xəlilinin İslami Hünər (Sənət) Toplusunda 1306-7-nci illərdə qələmə alınmış bir əlyazması saxlanır. Bu əlyazmanın bəzi yerləri yoxa çıxsa da çoxlu xəritələri var. Bu məqalənin qaynağı isə Hollandiyanın Laydın universitetində saxlanılan əlyazmanın internetdə yayılmış (pdf) nüsxəsidir.
Bu dəyərli kitabda əl-İstəxrinin çəkdiyi xəritəyə görə Azərbaycan günbatandan yunan ilə İraq, Güneydən Xuzistan’la Fars, günçıxandan Deyləm, Təbəristan, Kuhistan, Kirman, Xorasan və Sicistan, quzeydən’sə Əllan və başqa ölkələrlə qonşu idi. Əl-İstəxrinin “Ərməniyyə, Ərran və Azərbaycan xəritəsi” adlandırdığı xəritənin üzərində Azərbaycanın bəzi adlım şəhərləri, çayları, dağlarının adı var. Azərbaycanın ən quzeyində, Xəzər dənizinə birləşən yerdə “Bab-ul əbvab” yaxud “Dəmir qapı Dərbənd” şəhərinin adı yazılıb. Ondan başqa, Şirvan, Şamaxı, Bakı, Qəbələ, Bərdə, Şəmkir şəhərlərinin adı gedir. Xəzər dənizi, Kür, Araz, Qızıl çayları, Urmu gölü, Savalan, Səhənd və başqa neçə dağın görüntüsü çəkilib. Xəritənin günbatanında Tiflis, Qalın qala, Malazgird, ortada Təbriz, Urmiya, Salmas, Xoy, Marağa, və başqaları, günçıxanda Ərdəbil, güneydə isə Zənganın adı yazılıb. Bu xəritədə adları yazılmış şəhərlərin hamısı bugünkü Azərbaycanın xəritəsində duran şəhərlərdir, yalnız Tiflis Gürcüstan, Dərbənd isə bugünkü Rusiya xəritəsində yerləşdirilib.
Xəritənin cənub-qərbində, Urmu gölünün yanında əl-İstəxri bir cizgi ilə üç şəhəri ayırıb “Erməni şəhərləri” adlandırıb. Bu şəhərlər “Xlat”, “Bitlis” və “Miyafarqın” şəhərləridir. Adı gedən bu şəhərlər çağdaş Türkiyə coğrafiyasında Əhlat, Bitlis və Silvan şəhərləridir.
Azərbaycan ölkəsinin şahlarından örnək olaraq Şirvanşahın adını çəkir. İçəri şəhərdə yerləşən Şirvanşahlar sarayı bu gün Bakının ən çox qonaq çəkən abidələrindən biridir.
Əl-İstəxrinin bu dəyərli kitabında, başqa tarixi-coğrafiya kitabları kimi, “İran” adlı bir ölkədən əsər-əlamət yoxdur. Ona görə ki Xilafət dövrünün deyimlərində birlikdə “Savad” yaxud “İraq-i Əcəmi” (ərəb olmayan İraq) adlandırılan “Azərbaycan”, “Xuzistan”, “Kirman”, “Kuhistan”, “Fars”, “Təbəristan”, “Xorasan” və “Sicistan” ölkələri Avropalıların deyimində “Persia” adlandırılırdı.
Ensiklopedik yazılarına görə İslam dünyasının adlım coğrafiyaçısı, Suriyalı Yaqut əl-Həməvi “Mocəm-ul buldan” əsəri ilə dünyada tanınır. Həməvinin bu ensiklopedik lüğətində bioqrafiya, tarix və mədəniyyət üzərində məlumat var. Ərəb alimliyinin ilkin qaynaqlarından olan bu dəyərli ensiklopediyada adı gəlmiş yerlərin tarix, etnoqrafiya və miflərinə görə bilgi var. Beş cildlik bu əzəmətli kitabın əlifba sırası ilə düzülmüş adlarının tərifindən meydana gələn bəzi Azərbaycan şəhərlərinin yığcam açıqlaması aşağıda təqdim edilir.
“Təbriz: Azərbaycanın ən adlım şəhərlərindən biri; çox abad, gözəl, bişmiş kərpic ilə ağ suvaqdan hörülmüş möhkəm divarları var; şəhərin ortasından isə çay axır, dövrəsində gözəl bağlar var”.
“Xoy: Azərbaycanın ən adlım şəhərlərindən biri; çoxlu xeyratı və meyvələri olan bir qala”.
“Urmiya: Azərbaycanda böyük və qədimi bir şəhərin adı; göldən yalnız 3-4 ağac aralıqda. Deyilənlərə görə bura Məcusların peyğəmbəri olan Zərdüştün şəhəridir; çox yaxşı ab-havası, xeyratı olan bir şəhərdir. Təbrizdən üç günlük, Ərbildən isə yeddi günlük arada yerləşir”.
“Ərdəbil: Azərbaycanın ən adlım şəhərlərindən biri; İslamdan qabaq Azərbaycanın paytaxtı; Ortasıyla dövrəsində çoxlu çaylar axan çox böyük bir şəhərdir”.
“Marağa: Azərbaycanın ən böyük, ən adlım şəhərlərindən biri”.
“Aran: çox şəhəri əhatə edən böyük bir bölgə; o cümlədən yerli xalq arasında “Gəncə” adlanan “Cənzə” şəhəri, Bərdə, Şəmkir və Beyləqan şəhərləri; Aranla Azərbaycan arasında “Araz” adlı bir çay var. Bu çay şimal-qərbdə Aranın içindən, günçıxana doğru isə Azərbaycanın içindən axır”. Burada qabarıqcasına gözə çarpan sorun Türki dilinə Yaquti kimi yad olan coğrafiyaçıların yerli dilin deyimlərini yaxşı başa düşə bilmədikləridir. Türkidə (Azərbaycan türkçəsində) “aran” özəl bir yer adı deyil, əslində “yaylaq yerlərə görə alçaq və iqlimcə isti olan yerlər” dir. Azərbaycanın ən tanınmış aran yerləri Muğam, Qarabağ, Şirvan, Mil düzləri dir. Türkidə belə bir məsəl var: “Aranda buğdadan oldum, Bağdadda xurmadan!” Əldə olan neçə fürsətin heç birindən yararlanmayanda bu məsəli işlədirlər.
Azərbaycan şəhərlərinin tərifini yazanda “Azərbaycan” adını təkrar işlədən Yaqut Həməvi çox önəmli və tarixi bir gerçəyi ortaya qoyur. Azərbaycan çox keçmişlərdən, hətta İslamdan da qabaq, özünə sərhədləri, şəhərləri, dağları, çayları, gölləri, dənizi, milləti və kimliyi olan azad bir coğrafiya olub. 12-ci yüzillikdə yaşayan Həməvinin vaxtından çox qabaqlar əski bir ölkə olan Azərbaycan Qacar İmperatorluğunun sonunacan bütöv bir məmləkət olub.
Pəhləvi faşizmi hakimiyyətə gətirilməzdən qabaq “Məmalik-i Məhrusə” yaxud Avropalıların deyimində “Persia” adlandırılan coğrafiyanın adı tarixindən 22 Mart 1935-ci ildən rəsmi bir sərəncamla “İran” adına dəyişdirildi. Bu sərəncamın sənədi İranın prezident aparatının rəsmi sənədlər arxivindən gələn səhifədə təqdim olunur.
Fielding Lukasın 1823-də çəkdiyi “Persia”nın xəritəsi qabaqkı tarixi sənədlərdə təqdim olunan təriflər və xəritələr ilə eyni olduğu bu tarixəcən adı çəkilmiş ölkələrin azad varlığının 19-ncu yüzillikdə dünyaya təqdim olunan başqa sənədidir. Bu xəritədə yalnız bir problem var: o da qabaqkı coğrafiyanı göstərən bölgənin yalnız bir ölkəsinin adıdır. Qabaqkı coğrafiyaçıların sənədləşdirdiġi bölgənin Azərbaycan adıyla təqdim olunan bölgəsi Lukasın xəritəsində “IRAK AJEMI” (Əcəm) adlandırılıb. Əvvəl dediyimiz kimi, bu ad ərəb xilafətinin radikal düşüncəliləri tərəfindən ərəb olmayan bütün qonşu ölkələrə işlədilirdi. “Əcəm” ərəb dilində “ərəb olmayan” anlamında işlənir. Yəqin Lukas da o tipli ərəb qaynaqlardan yararlanıb, yoxsa dünyanın o başında yaşayan bir coğrafiyaçı hara, Azərbaycana qərəzli yanaşmaq hara!
Bu xəritədə Xorasanın quzeyindəki qonşusunun adı da diqqətə layiqdir: Xəzərin günçıxanında olan bu qonşunun adı “TARTARY” yazılıb! Xəritənin solundakı ən yuxarı bucaqda yazılan “ERVAN” isə 1823-də Azərbaycan torpağından olduğu aydındır.
Azərbaycanın milli kimliyinə gəldikdə isə bunu aydın göstərən başqa iki məşhur tarixi kitabdan qaynaq olaraq yararlanacağıq. Onlardan biri Vəhb ibni- Münəbbihin Himyər şahlarına görə yazdığı “ət-Tican” kitabıdır. Yəmənnin Dhimar qəsəbəsində yaşayan bu yəmənli folklor bilgini ərəb yazarların görsətdiyi fərqli illərin birində, 725, 728, 732-də anadan olub doxsan yaşında dünyasını dəyişib. Bənu əl-Əhrar (Özgür xalqın oğulları) adlı bir toplumdan Pers əsilli bir atanın oğlu olub. Tabeindən olan İsrailliyyat rəvayətçisi idi. Deyilənlərə görə peyğəmbərlərə aid yetmiş kitabın oxucusu, Tövrat və Məhəmməd peyğəmbər haqqında deyilmiş dastanların çox məharətli bir rəvayətçisi imiş.
Ət-Tican kitabında xəlifə Müaviyyə ilə Übeydin arasında keçən danışıqlarında belə yazır: “Şimr yüzüncü hicri ilində Azərbaycana yollandı. Sonunda o Azərbaycana çatanda onların döyüşçülərini öldürüb arvad-uşaqlarını əsir tutdu, sonra öz etdikləri və gəldiyi yolları iki daşın üstündə oydurtdu. Bu iki daş hələ də Azərbaycanda bir divarın üstündə durur. Müaviyyə dedi: “Azərbaycanı necə gördün?” O da belə cavab verdi: “Şübhəsiz Azərbaycan Türklərin yurdudur və Türklər orada toplaşıb.
Başqa məşhur bir kitab isə Həmzə əl-İsfahanı, 10-ncu əsrin tarixçi və filoloji aliminin yazdığı əsərdir. 893-ncü ildə anadan olmuş 961, başqa qaynaqlara görə 970/71-də dünyasını dəyişib. Ömrünün çoxunu ana yurdu İsfahanda keçirdib. Üç dəfə Bağdada gedib, biri 920/21-də, üçüncü isə 935-də. Ət-Təbəri və İbn Duryad kimi görkəmli tarixçilər və alimlər ilə görüşüb. İsfahanın tarixi, islamdan qabaq və İslamdan sonrakı sülalələrin və peyğəmbərlərin tarixi olan “Yer kürəsinin peyğəmbərləri və şahlarının tarixi” adlı məşhur kitabın, başqa leksikoqrafi və şer əsərlərinin yazarıdır.
Himyər, indiki Yəmənin, şahlarından biri əl-Haris ər-Rayiş adlı şahına görə yazdığı mətndə o vaxtlarda Azərbaycanda yaşayan millətin milli kimliyindən yazır: “Ər-Rayişin ən böyük təsiri öncə onun Hindistana etdiyi hücumu idi. Sonra Türklərin yurdu Azərbaycanı işğal etdi, döyüşçülərini öldürüb arvad-uşağını əsir tutdu. O 125 il şahlıq etdi”. Qabaqkı tarixi sənəd kimi bu kitab da Azərbaycanda yaşayan xalqın Türk olduğunu aydıncasına sənədləşdirir.
***
Azərbaycan ölkəsinin yüzlər il qabaqkı varlığı və onda yaşayan millətin milli kimliyini sənədləşdirən başqa tarixi əsərlər də var. Ancaq, yazarın fikrinə görə bu mətndə təqdim olunan sənədlər Azərbaycanın tarixi coğrafiyası ilə onda yaşayan xalqın milli kimliyini sənədləşdirməyə yetərlidir.
Məntiqli olaraq oxucular beləcə soruşa bilərlər: “Coğrafiyası bəlli, özünə şahları, tarixi, mədəniyyəti, kimliyi, hətta siyasi sərhədləri olan bir ölkəni necə başqa bir ölkənin bir parçası kimi hesablamaq olar?” Cavabı çox da mürəkkəb deyil. Ancaq, İslam xəlifəliyinin gerçək hökumət fəlsəfəsini anlamaq gərəkdir.
Hər nədən öncə, xilafətin mərkəzi olan İraq ölkəsinin 12 qonşusu – o cümlədən Azərbaycan, Xuzistan, Fars, Kuhistan, Sicistan, Deyləm, Təbəristan, Xorasan, Kirman – birlikdə xəlifəlik deyimində "Savad” yaxud “Əcəmi İraq” adlanırdı. Savad, bu gün bəzi federativ ölkələrdə olduğu kimi, 12 iki “Kurə”, yaxud əyalətdən ibarət idi. Bu əyalətlərin xalqı İslamı qəbul edib İslam xəlifəliyi ilə savaşdan əl çəkib xilafəti qəbul etdikdən sonra Xilafətə müxtəlif biçimlərdə “xərac” yaxud vergi verməli olurdular. Ayrı-ayrı ellərdən, dillərdən, rənglərdən, soylardan, mədəniyyətlərdən olduqlarına baxmayaraq İslam xilafətinin bayrağı altında yaşayan xalqlara “İslam Ümməti” deyilirdi. Bu xalqları bir-birinə bağlayan yalnız inanc və din birliyi idi. Xəlifə isə bütün İslam ümmətinin rəhbəri ya xəlifəsi olurdu. Ona görə yerli hökumətlərin şahları xəlifəyə tabe olurdu. Bu üzdən İslam xəlifəliyinin “Savad”dakı quruluşunda olan torpaqların varlığı Qacar silsiləsinin sonunacan dəyişməz qalmışdı. Azərbaycan da bu quruluşun ən önəmli bölmələrindən biri kimi öz varlığını qoruyub saxlamışdı. Abbasilər xəlifəliyindən sonra Azərbaycanlılar Səlcuqilər, Qaraqoyunlular, Səfəvilər, Əfşarlar, Qacarlar kimi imperatorluqlar qurub “Savad”ın coğrafiyasını hətta genişləndirdilər. Şah İsmayılın qurduğu Səfəvilər dövründə Türki rəsmi dövlət dili olaraq bu imperatorluğun sərhədləri və torpağı ən geniş bir əraziyə şamil olurdu. Onların hökumətinin genişlənməsi onların nisbi ədalətli davranışından irəli gəlirdi. Ən azı bugünkü fars ədəbiyyatıyla mədəniyyətinin yayılması Türklərin ən güclü vaxtlarında inkişaf etdirə bilib.
Osmanlı İmperatorluğu da Türklərin yaratdığı İslam xilafəti idi. Osmanlının Afrikaya və qərbə yayılması eyni İslam Xəlifəliyinin idealları əsasında irəli getdi, hətta qabaqkı xəlifəliklərdən də daha uğurlu oldu. Onların İmperatorluğunun yeddi yüzillikdən çox bir dönəmdə yayılması onların hökm sürdükləri torpaqlarda ədalət ilə idarə etdiklərinin şahididir. Amma iki Xəlifəliyin qonşuluğu “Qızıl Alma” stratejisində böyük dəyişiklik yaratdı. Bəzi özəl nədənlərə görə, örnək üçün, qarı düşmənlərin intiqam qurğuları, arxada iş çevirməkləri, iki xilafətin arasındakı çəkişmələri qabardıb alovlandırmaq, yaşadıqları torpaqlardakı dirlikləri və yaşayışlarına baxmayaraq düşmənlərlə əl birlik edən bəzi etnik azlıqların xəyanəti iki güclü İslam xəlifəliyini getdikcə gücdən salıb sonunda çökürtdü. Yalnız Qacar İmperatorluğunun çöküşündən sonra “Savad” yaxud “Persia” adlandırılan tarixi ölkələrin rəsmi durumu dəyişdirilməyə başladı və demək olar XX əsrin işə gətirilən Pəhləvi rejimində aradan qaldırıldı.
Sonuc olaraq, Azərbaycanın tarixi torpaqları Gülüstan ilə Türkmənçay sazişlərinə qədər tarix boyu bütöv olub. Azərbaycanın parçalanmış bölgələrində yaşayan xalqın dili, ədəbiyyatı, mədəniyyəti, musiqisi, rəqsi, incəsənəti, memarlığı, geyimləri, mətbəxi, xalçası, və bir sözlə, ruhu Azərbaycan millətini qanlı tarixləri boyu bir arada tutub bütövləşdirib və bundan sonra da onları sonsuzacan bütöv qalacaq.