vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
DÜNYA  
14:50 | 31 oktyabr 2016 | Bazar ertəsi Məqaləyə 1225 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Mona Liza»nı 14 illik həbs gözləyir

Şərbət Gula saxta sənəd daşımaqda təqsirləndirlir

MÖVZU İLƏ ƏLAQƏLİ

Əfqan «Mona Liza»sı kimi tanınan, ya da qaçqın Şərq qadınının üzü hesab olunan Şərbət Gulanı (Sharbat Gula) bu günlərdə şərti azadlığa buraxacaqlar. «Al-Jazeera», BBC, «CBSnews» və başqa aparıcı nəşrlərin məlumatına görə, Şərbət Gula azad olunsa da, onu 5 min dollara qədər cərimə və 14 illik həbs cəzası gözləyir. Gula Pakistanda saxta sənədlərlə yaşamaqda günahlandırılır.

Pakistanın Federal Araşdırma Agentliyi Gula və onun əriylə bağlı iki ildir tədqiqat aparıldığını bildirib.

 

«İttihamı ləğv edə bilmərik»

 

Şərbət Gulanı məşhurlaşdıran Stiv Makkari (Steve McCurry) adlı tanınmış fotoqrafın çəkdiyi şəkil olub. Pakistanda qaçqın düşərgəsində işləyərkən fotoqrafı gənc əfqan qızın yaşıl gözləri cəlb edib. 1985-ci ildə şəkli «National Geographic» jurnalının üz qabığında nəşr olunandan sonra Şərbət bütün dünyanı «fəth edib». Onun fotosunu insan mübarizəsini təcəssüm etdirən əsər kimi müxtəlif beynəlxalq təşkilatların nəşrlərində, plakatlarda və təqvimlərdə dəfələrlə çap ediblər.

18 ildən sonra fotoqraf bu qadını yenidən, bu dəfə Əfqanıstanın Tora-Bora dağlarında tapıb. Amma növbəti foto müharibə və mübarizələrdən əziyyət çəkmiş, vaxtından əvvəl qocalmış adi qadını əks etdirib. İndi isə hamı kimi, fotoqraf Stiv Makkari də Gulanın xəbərini Pakistan həbsxanalarından alıb.

Pakistanın daxili İşlər naziri Çaudri Nisar Əli Xan (Chaudhry Nisar Ali Khan) deyib ki, qadın olduğundan polis Gulanın işinə humanitar aspektdən baxmalıdır. Amma nazir dünyaca məşhur bu qaçqının üzərindəki ittihamı götürə bilməyəcəklərini vurğulayıb: «Biz ittihamı ləğv etsək, onu deportasiya etsək, yaxud Pakistandan çıxmasından ötrü ona müvəqqəti viza versək, ona bu saxta sənədləri vermiş rəsmilərə qarşı araşdırmadan imtina etmiş olarıq. Baş verənlərin əsl səbəbkarı həmin məmurlardır və onların məsuliyyətdən yayınmasına imkan verə bilmərik».

 

Vətəninə dönmək istəyirmiş

 

İndi Şərbət Gulaya saxta sənəd verməkdə şübhəli bilinən rəsmiləri axtarırlar. Şərbət Gulanın yaxınlarının dediyinə görə, o, son illər Əfqanıstana – vətəninə qayıtmaq istəyirmiş, amma ata yurdu olan kəndin İŞİD-in əlində olduğunu öyrənib. 2 oğlu və əri ilə əfqan qaçqınların məskunlaşdığı «Nasir Bagh» düşərgəsində yaşayırmış.

Fotoqraf  Makkari Şərbət Gulanın məşhur fotosunu «Instagram» səhifəsində yerləşdirərək, ona və ailəsinə hüquqi və maddi yardım üçün əlindən gələni etməyə hazır olduğunu yazıb.

Şərbət Gula Sovet İttifaqı ordusunun Əfqanıstana müdaxiləsindən sonra ölkəni tərk edərək, digər milyonlarla həmvətəni kimi, Pakistanda sığınacaq tapmışdı. İndi Pakistan hökuməti ölkədə saxta sənədlərlə qalan qaçqınları sıxışdırır, əfqan qaçqınlarına isə vətənlərinə qayıtmaqdan ötrü 2017-ci ilin martına kimi vaxt verib.