vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
BANK, BİRJA, SIĞORTA  
11:15 | 22 noyabr 2016 | Çərşənbə axşamı Məqaləyə 2175 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

NBC bankla polisin iş birliyi

Borclunun hava limanında qanunsuz həbsinə və ya polisin «reket»cəsinə qarışmasına qarşı kəskin etiraz edilməlidir!

Əkrəm HƏSƏNOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Hələ avqustun əvvəlində NBC Bankın borclularına dair polisə müraciət etməsi haqda məlumat vermişdim. Bildirmişdim ki, «sırf mülki işə cinayət işi donu geyindirməyə cəhd edərək vətəndaşlara psixoloji təzyiq etmək, qorxutmaq istəyir. Ayıb olsun! Ümid edirəm ki, polis NBC-in bu çirkin oyununa dəstək olmayacaq və adi qaydada məhkəməyə müraciət etməyi tövsiyə edəcək. Borcunu ödəyə bilməyən şəxs cinayətkar deyil! Ümumiyyətlə, borc münasibətləri üzrə mübahisə yalnız mülki qaydada məhkəmədə həll olunmalıdır».

Yazımdan bir gün sonra NBC Bankın Müşahidə Şurasının sədri Fuad Qəmbərov mənə zəng edib and-aman etdi ki, bu, həqiqətə uyğun deyil, bank yalnız qanun çərçivəsində borclarını yığır və gələcəkdə neqativ hallar barədə onu birbaşa məlumatlandırmağımı xahiş etdi.

Bir müddət əvvəl Antikollektora Sumqayıt sakini Xıdırov Əliyar Həsən oğlu müraciət edib. NBC-yə borcu var, amma hər ay imkan daxilində tam da olmasa, qismən ödəyir. Bank ona nə etiraz məktubu göndərib, nə də məhkəməyə verib. Buna baxmayaraq, işlə bağlı xaricə uçmaq istəyəndə hava limanında ona bildiriblər ki, DİN ölkədən çıxışına qadağa qoyub. Elə oradaca ailəsinin gözü qarşısında qollarını qandallayaraq polis bölməsinə aparıblar. Polisdə bildiriblər ki, xaricə çıxışına qadağa NBC-in müraciəti əsasındadır. Bundan sonra azad ediblər.

Elə vətəndaşın yanında mən NBC-in Müşahidə Şurasının sədri Fuad Qəmbərova zəng edib dedim ki, fakt istəyirdiniz, bu da fakt. O isə yenə bildirdi ki, belə şey ola bilməz, araşdırıb mənə məlumat verəcək. Soruşdum ki, necə yəni, polis öz təşəbbüsü ilə NBC-in borcluları ilə məşğul olur və bankın bundan xəbəri yoxdur? Cavabında belə bir fikir dedi ki, «ay Əkrəm müəllim, bizi də başa düşün, borcları qaytarmalıyıq axı». Mən də dedim ki, əvvəla, sözügedən vətəndaş hər ay qismən də olsa ödəniş edir, digər tərəfdən isə borcları qanun çərçivəsində qaytarmaq lazımdır, heç kəsin qanunu pozmağa ixtiyarı yoxdur. Mənimlə razılaşdı və bir daha dedi ki, araşdırıb məlumat verəcək. 10 gündən çox ötməsinə baxmayaraq mənimlə hələ əlaqə saxlamayıb. Deməli, rəhbərlik etdiyi bank suçludur və deməyə sözü yoxdur!

Biz isə öz növbəmizdə vətəndaşa Daxili İşlər Nazirinə və Dövlət Sərhəd Xidmətinin Rəisinə müraciət göndərməkdə kömək etdik. Ümid edirəm ki, onlar bu məsələyə müdaxilə edib, nəinki pozuntunu aradan qaldıracaq, həmçinin günahkarları cəzalandıracaq.

Polisin borc münasibətlərinə qarışmağa hüququ yoxdur. Bank borca görə polisə deyil, məhkəməyə müraciət etməlidir. Yalnız borcun ödənilməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qərarı borclu tərəfindən üzrsüz (məhz üzrsüz!) səbəbdən yerinə yetirilmədiyi halda vətəndaşın xaricə çıxışına qadağa qoyula və ona qarşı digər tədbirlər görülə bilər. Bütün bunları da yenə də polis deyil, məhkəmə etməlidir!

Bəs NBC niyə belə edib?

Sadəcə əhalimiz yavaş-yavaş maariflənir, məhkəmələrdən qorxmur, banklara müqavimət göstərir. Məhkəmə proseslərində bankların pozuntuları (aldatma və s.) aşkar olur, ən pis halda vətəndaş məhkəmə prosesi əsnasına vaxt qazanmış olur, bankların isə bu qədər məhkəmə işi aparmağa gücü yoxdur. Borclulara qanuni güzəştlər etmək əvəzinə banklar məsələni məhkəmədən kənar qanunsuz yollarla həll etməyə çalışır. Digər bankların da bəzən polisin (o cümlədən yol polisinin) belə «reket» xidmətlərindən istifadə etməsi haqda xəbərlər var.

Bir tərəfdən, bu, uğurumuzdur! Banklar qorxur və qanuni yollardan yayınır. Amma digər tərəfdən, bu, çox təhlükəli tendensiyadır və bununla mübarizə aparmaq lazımdır. Polisin borc münasibətlərinə qarışması kökündə kəsilməlidir. Belə hal olarsa, dərhal 102 nömrəsinə zəng vurub məlumat verin və Antikollektora müraciət edin. Biz əlimizdən gələn köməyi edəcəyik. Amma hamı bacardığı qədər fəal olmalıdır. Belə halları ictimaiyyələşdirmək lazımdır. Eyni zamanda belə abırsız yola əl atan banklar ictimai qınaq və boykot obyekti olmalıdır. Konkret olaraq maliyyə hesabatlarını belə gizlədən NBC Bankla hər hansı əməkdaşlığı kəsməyə, oradakı hesabları bağlamağa, əmanətləri çıxarmağa çağırıram! Belə banka ar olsun!

Polisə gəldikdə isə əminəm ki, bu, bütövlükdə DİN-in deyil, ayrı-ayrı polislərin özbaşınalığıdır və hörmətli nazirimiz Ramil Usubov Hacı Məmmədov ənənələrinin davamçıları olan şəxslərin bu hərəkətlərinə son qoyacaq.

P.S. Jurnalistlərin nəzərinə! Sözügedən vətəndaş Xıdırov Əliyar başına oyun açılan bir sıra borclu soydaşlarımızdan fərqli olaraq, məsələ ilə bağlı müsahibə verməyə hazırdır. Maddi zərər bir tərəfə, onun və ailəsinin keçirdiyi psixoloji sarsıntı haqda öz dilindən eşitmək məqsədəuyğundur. Əlaqə üçün mənə və ya Antikollektora müraciət edə bilərsiz.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)