vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 11 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
BANK, BİRJA, SIĞORTA  
23:47 | 21 fevral 2018 | Çərşənbə Məqaləyə 4486 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Beynəlxalq Bank «mandraj»da

Dollar krediti olanlar yaxında «şad xəbər» alacaq!

Əkrəm HƏSƏNOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Məlum olduğu kimi, ötən ilin sonunda Beynəlxalq Bank vətəndaşların xarici valyutadakı əmanətləri üzrə faiz dərəcəsini birtərəfli qaydada 2 faizə endirib. Buna görə də əmanətçilərin xeyli hissəsi əmanətlərini həmin bankdan geri götürüb. Lakin bir qismi də məhkəməyə üz tutub. Onlardan birinin vəkili mənəm və bu gün Nəsimi rayon məhkəməsində hakim Rəşid Səmədovun sədrliyi ilə ilk baxış iclası oldu. Bankın nümayəndəsi Bəgülov Rasim Ayaz oğlu (onun bankın işçisi olub-olmaması məsələsi də açıq qaldı, çünki əmək müqaviləsini təqdim etməmişdi) iclasa təxmini yarımsaat gecikdi. Mən çıxış etməyə başladım. Bu zaman bankın nümayəndəsi gəldi və çıxışımı kəsərək şifahi vəsatət verdi ki, iclas qapalı olsun. Guya burada kommersiya sirri olacaq məlumatlar var. Mən etiraz etdim ki, əvvəla, mən artıq çıxış edirəm. Daha sonra, burada heç bir sirr yoxdur. Sirr varsa, bank sirridir, o da əmanətçiyə aid olan məqamdır. Nəhayət, heç bir yazılı vəsatət də yoxdur axı! Buna baxmayaraq hakim dərhal kənar şəxslərin iclasdan çıxması haqda qərar verdi.

Çıxışımın qısa mahiyyəti ondan ibarət idi ki, bank ölkədə iqtisadi vəziyyətə (guya şərait əhəmiyyətli dərəcədə dəyişib) istinad edərək öhdəliyinin icrasından yayınır. Məgər vəziyyət bu qədərmi ağırdır? Axı ölkə rəhbərliyi problemlərin olduğunu vurğulasa da, çox optimist bəyanatlar verir. Yəni bank ölkə rəhbərliyi ilə razı deyil?

Ötən il dövlət bu banka 3,3 milyard dollar hədiyyə edib və nəticədə bank 1 milyard manata yaxın mənfəətə çıxıb. Bəs onda niyə deyir ki, vəziyyətim yaxşı deyil və əmanətlər üzrə müqaviləyə uyğun faiz ödəyə bilmir? Qoy onda bank məhkəməyə maliyyə arayışı təqdim etsin ki, niyə öhdəliyini icra edə bilmir!

Qanuna görə bankın birtərəfli qaydada əmanət üzrə faiz dərəcəsini endirmək hüququ yoxdur! Hər bir halda bunun üçün bank məhkəməyə müraciət etməli idi. Necə ki, ötən il öhdəliklərinin restrukturizasiyası üzrə məhkəməyə müraciət etdi və kreditorların əksəriyyətinin razılığı ilə borcları dövlətin üzərinə keçdi. Niyə xarici kreditorlara və Neft Fonduna münasibətdə bank belə etdi, amma sıravi əmanətçilərə qarşı belə saymamazlıq edir? Buna cavab olaraq nümayəndə dedi ki, guya mən Neft Fondunun əmanəti haqda fikri deməklə bank sirrini yaydım. Zavallının xəbəri yoxdur ki, bu məlumat bankın saytında var! Yeri gəlmişkən, öhdəliklərin restrukturizasiyası haqda heç bir məlumatı yox idi!

Ümumən həmçinin bildirdim ki, əgər bank əmanət üzrə bunu edə bilərsə, onda banklara xarici valyutada borcu olanlar da eyni qaydada faiz dərəcəsini endirə bilər. Buna görə də əslində Beynəlxalq Bankın bu hərəkəti dövlətə və bank sisteminə qarşı təxribatdır və etimadı sarsıdır.

Bankın nümayəndəsinin ümumən məsələdən demək olar ki, xəbəri yox idi. Elə hay-həşir salmışdı ki, Əkrəm Həsənov banka düşmən kimi baxır (zavallı bilmir ki, mən elə bu bankın müştərisiyəm!) və işin hüquqi tərəflərinə aidiyyəti olmayan məqamlara toxunuram. Bu səpkidə bəzi boş-boş şeylər də dedi. Özü də etik çərçivədən kənar. Nə isə, görünür, qeyri-peşəkarlıq və qeyri-etiklik Cahangir Hacıyevin getməsi ilə də bu bankda bitməyib!

Mən işin hüquqi tərəfləri barədə suallar verməyə başlayanda isə nümayəndə hər dəfə deyirdi ki, «biz belə hesab edirik». Yəni izahsız-filansız!

Mən sonda həmçinin onu dedim ki, bu işlər üzrə ölkədə dövlətin və bank sektorunun maraqlarını mənim kimi qoruyan ikinci adam yoxdur. Mən etimadın artmasını istəyirəm! Bankların belə əməlləri isə etimadı sarsıdır. Həmçinin dedim ki, ehtimal edirəm ki, bank rəhbərliyi ölkə rəhbərliyinə bu hərəkəti ilə bağlı tam məlumat verməyib. Yəqin, deyiblər ki, Cahangir Hacıyevin vaxtından iri məbləğlərdə yüksək faizlə (bankın nümayəndəsi hətta dedi ki, 25% dərəsəci olan əmanət var!!!) əmanətlər var və bu da sağlam praktika deyil. Razıyam! Amma onda gərək bank hüquq-mühafizə orqanlarına müraciət edərdi ki, onlar araşdırsın: iri məbləğdə (bu məbləğ onlara hardandır??) əmanəti yüksək faizlə kim və necə yerləşdirib, kimin günahı var və s. Lakin hansısa iri dələduzlara görə sadə əmanətçilərin hüquqlarının pozulması yolveirlməzdir!

Bir sözlə, Beynəlxalq Bankın deyəsi bir sözü yoxdur! Özü də bunu yaxşı bilir. Elə buna görə də iclasda məni görən kimi onun qapalı keçirilməsini istədi. Həmçinin görünən odur ki, heç normal kadrı da yoxdur: məhkəməyə hüquqdan başqa nədən desən danışan, kimliyi bəlli olmayan, tərbiyə standartlarından uzaq subyekti göndərir.

Məhkəmənin yanaşmasından belə hiss etdim ki, qərar əmanətçilərin əleyhinə olacaq. Bank yaman vahimə içindədir, London məhkəmsəində məğlubiyyətindən sonra bu işləri də uduzsa, rəhbərliyinin naşılığı tam göz qabağında olacaq. Buna görə də böyük ehtimalla bu işləri udmaq üçün əllərindən gələni edirlər.

Çətin durumda olan isə məhkəmədir! Yalnız ona görə yox ki, qanunsuz qərar verəcək: bizim hakimlərimizin çoxu üçün bu, yenilik deyil. Problem ondadır ki, axı elə bu məhkəmələrimiz dollar krediti olanlara nə faizdə, nə də başqa məsələdə güzəştə getmir. İndi bu qərarda bankın birtərəfli qaydada faiz dərəcəsini azaltmaq hüququnu tanısa, borcluların əlinə yaxşı nümunə vermiş olacaq. Odur ki, borcluları şad xəbər gözləyir!..

P.S. İş üzrə növbəti iclas fevralın 23-də saat 17.00-da olacaq. Yaman tələsirlər.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)