vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
PROBLEM  
09:35 | 29 avqust 2018 | Çərşənbə Məqaləyə 2960 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Xalqı soyan lombardlar…

… Yaxud qanunsuz bank fəaliyyəti

MÖVZU İLƏ ƏLAQƏLİ

Son dövrlərdə banklar tərəfindən vətəndaşlara və biznes sektoruna kredit verməsi ilə bağlı müəyyən qədər irəliləyiş nəzərə çarpsa da, şərtlər əvvəlki illərlə müqayisədə daha ağırdır. Bu baxımdan rəsmi iş yeri və yüksək maaşı olmayan vətəndaşlar banklardan kredit götürməkdə çətinlik çəkirlər. Nəticədə nağd pula ehtiyacı olanların əksəriyyəti lombardlara və fərdi sələmçilərə üz tutur. Modern.az xəbər verir ki, problem də elə buradan başlayır. Çünki lombardların və fərdi sələmçilərin fəaliyyətinə hər hansı dövlət qurumu tərəfindən nəzarət həyata keçirilmir. Belə olduğu halda isə borcun alınması, qaytarılması, girovun geri alınması kimi proseslər vətəndaşların hüquqlarının pozulması ilə nəticələnir. Bununla yanaşı, faizlərin həddindən artıq yüksək olması, hətta bank faizlərini 2-3 dəfə üstələməsi də insanları çətin vəziyyətdə qoyur.

Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan hüquqşünas, iqtisadçı ekspert Əkrəm Həsənov bildirdi ki, həm fiziki şəxslərin sələmçilik etməsi, həm də lombardların fəaliyyəti qanunla qadağandır. Ekspert fikrini belə izah etdi: “Əlbəttə, onlar bu fəaliyyəti göstərə bilərlər, lakin öz pulları ilə. Yəni, nə lombardlar, nə də fərdi sələmçilər başqalarından borc götürdükləri pulu sələmə verə bilməzlər. Çünki bu artıq bank fəaliyyəti kateqoriyasına daxil olur. Bank fəaliyyətinin mahiyyəti isə ondan ibarətdir ki, banklar vətəndaşlardan aşağı faizlə pul götürüb, daha yüksək faizlə digər vətəndaşlara kredit verirlər və bu yolla qazanırlar. Bu bank fəaliyyətidir. Banklara nəzarətin mahiyyəti də ondan ibarətdir ki, onlar başqalarının pulları ilə risk etdiyi üçün onların fəaliyyətinə nəzarət olunur. Lombardlar və fərdi sələmçilərin fəaliyyətinə nəzarət edilməməsinin səbəbi isə odur ki, onlar öz vəsaitlərini borc verirlər. Ancaq Azərbaycan şəraitində heç bir lombard və ya sələmçi öz pulu ilə işləmir, faktiki olaraq qanunsuz bank fəaliyyəti həyata keçirirlər. Çünki öz pulları demək olar ki, yoxdur. Lombardlar bir qayda olaraq ya banklardan kredit götürərək borca verirlər, ya da başqa şəxslərdən. Bu da faktiki bank fəaliyyəti sayılır, həm İnzibati Xətalar Məcəlləsi, həm də Cinayət Məcəlləsində qanunsuz sahibkarlıq sayılır, yəni lisenziya almadan fəaliyyətin həyata keçirilməsi. Mən hələ Azərbaycanda elə bir sələmçi və ya lombard tanımıram ki, öz pulu ilə fəaliyyət göstərsin, əgər belə olsaydı o zaman qanuni olardı”.

Hüquqşünasın sözlərinə görə, ikinci qanun pozuntusu da odur ki, lombardlar və sələmçilər vergi ödəmirlər: “Yəni onlar əldə etdikləri faiz gəlirlərindən gəlir vergisi verməlidirlər, ancaq bundan yayınırlar. Üçüncü bir məqam isə odur ki, həm lombardların , həm də fərdi sələmçilərin verdiyi borcların faiz dərəcəsi həddindən artıq çoxdur. Əgər bankların verdiyi kreditlərin faizi 25-30 faizə qədərdirsə, sələmçilərin və lombardların verdiyi borcların faizi 50 faizdən 100 faizə qədərdir. Bu da əlbəttə ki, çox yüksəkdir. Bundan başqa, vətəndaşlar borclarını qaytara bilmədikdə onlar müxtəlif vasitələrdən istifadə edirlər, kollektorı göndərirlər, adam tutub gözünü qorxudurlar, hədələyirlər. Bir çox hallarda hüquq-mühafizə orqanlarından da istifadə edirlər, onlar borclunu çağırıb pulu qaytarmasını tələb edirlər. Nədənsə hüquq-mühafizə orqanları banklara bu qədər yardım etmirlər, ancaq fərdi sələmçilərə daha çox yardım edirlər. Yəqin ki, bu “yardlm” qarşılıqsız olmur”.

Ə.Həsənov lombard sahibləri və fərdi sələmçilər tərəfindən borcunu qaytara bilməyən vətəndaşların məhkəmələrə verildiyi və onlara qarşı sərt cəzalar tətbiq edildiyini bildirdi: “Elə borclular da var ki, aldığı pulu qaytara bilmədikdə sələmçi ondan evini tələb edir. Vermədikdə isə onu dələduzluqda ittiham edirlər və bəzən belə insanlar həbs olunurlar. Halbuki bu sələmçilər qanunsuz sahibkarlıqla məşğul olurlar və vergidən yayınırlar. Bu ölkədə ciddi problemə çevrilib. Onlara qarşı tədbir görülməlidir”.