vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 12 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
BANK, BİRJA, SIĞORTA  
11:18 | 23 iyul 2019 | Çərşənbə axşamı Məqaləyə 19230 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Dollar krediti ilə bağlı BÖYÜK sirr

Bağlanmış banklarda dollar kreditləri üzrə prezidentin fərmanı niyə icra olunmur?

Əkrəm HƏSƏNOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Məlum olduğu kimi, möhtərəm Prezidentimizin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən vətəndaşın banka devalvasiyayadək 10000 dollaradək borcu olubsa, dövlət oradakı məzənnə fərqini öz üzərinə götürür. Yəni həmin fərqi banka dövlət ödəyir. Vətəndaş artıq həmin fərqi banka ödəyibsə, dövlət ödənilən məbləği banka qaytarır. Fərmanın 1-ci bəndinə əsasən bunun icrasına 3 ay vaxt verilmişdi. Yəni mayın 28-də proses bitməli idi. Bir həftədən sonra artıq 5 ay olacaq, lakin Fərman hələ də icra olunmayıb. Niyə?

Əslində, fəaliyyətdə olan banklar üzrə Fərman demək olar ki, icra olunub. Problem bağlanmış, yəni ləğv prosesində olan banklardadır. Məlum olduğu kimi, onların ləğvedicisi Əmanətlərin Sığortalanması Fondudur (ƏSF). Deməli, problemi yaradan ƏSF-dir. Xeyli borcalan vətəndaş var ki, indiyədək ƏSF onların xarici valyutada olan kreditləri üzrə dövlətdən kompensasiya vəsaitini amayıb və ya vətəndaşa qaytarmayıb (vətəndaş məzənnə fərqini özü banka ödədiyi halda). ƏSF niyə belə edir? Axı sağlam məntiqə görə, əksinə, fəaliyyətdə olan banklarda olduğu kimi, ƏSF də dövlətdən həmin vəsaiti tez almaqda maraqlı olmalıdır. Tutaq ki, lap vətəndaşa müəyyən məbləğin qaytarılmasında ƏSF-dən canfəşanlıq gözləmək əbəsdir, bəs özünə çatacaq pulu niyə almır? Onu da başa düşürəm ki, ƏSF bağlanmış bankların kreditorlarını da düşünmür (halbuki ilk növbədə məhz onları düşünməlidir). Amma axı bəzi banklarda (məsələn, “Bank Standard”, “Texnikabank”) ƏSF heç kompensasiya etdiyi sığortalanmış əmanətlərin də məbləğini geri götürə bilməyib axı. Buna görə də problemli kreditlər üzrə dövlətin ödəyəcəyi vəsaiti götürməkdə maraqlı olmalı idi. Niyə olmadı?

Belə bir versiya (bank ictimaiyyəti çərçivəsində sirr deyil) var ki, səbəb odur ki, ƏSF Maliyyə Bazarlarına Nəzarət Palatasının buraxdığı səhvi ört-basdır etmək üçün belə edir. Hansı səhvi? Məlumdur ki, sözügedən Fərmanın hazırlanmasında Palata iştirak etməyib. Hamı kimi Palata və onun yarıtmaz rəhbəri İbrahim Alışov (elə yarıtmaz olduğu üçün icraçısı olduğu Fərmanın hazırlanmasına cəlb olunmayıb) Fərman haqda mətbuatdan xəbər tutub. Bununla belə, təbii, Fərmanın müəllifləri onun əhatə edəcəyi borcalan sayı və ən əsası dövlət tərəfindən ödənilməli olan məbləğ haqda məlumatlı olmalı idilər. Bu məlumatı isə yalnız Palatadan əldə etmək olardı. Buna görə də müəlliflər Palataya müraciət edərək borcalanlar və borc məbləği haqda məlumatı alıblar. Lakin savadsızlıq və naşılıq artıq atributu olan Palata yalnız balans məlumatlarını ötürüb. Balansarxası məlumatları isə verməyib. İstisna deyil ki, Fərmanın müəllifləri də Palataya sorğunu dolğun verməyiblər (hər halda Fərmanın dili və üslubundan görünür ki, müəlliflərin də səviyyəsi elə də yüksək deyil!) və məhz buna görə də Palatanın məlumatı tam olmayıb. Amma hər bir halda Palata bank sahəsinə nəzarət edən peşəkar qurum kimi sorğunu dəqiqləşdirməli və məlumatı tam verməli idi.

Burada kiçik izah verim. Deməli, “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları”na əsasən banklar ümidsiz kreditləri balansdan silməlidir. Bu, o demək deyil ki, kredit borcalana bağışlanır, xeyr! Sadəcə ümidsiz kreditləri balansda saxlamaqla banklar maliyyə vəziyyətlərini olduğundan yaxşı göstərməkdə maraqlıdır (təcrübədə belə yanaşma nadir deyil, buna ən bariz nümunə müflisləşmiş ən iri bankımız – “Bank Standard”tdır: ümidsiz kreditlərin keyfiyyətini yaxşı göstərib, onu yoxlayan Mərkəzi Bank və auditoru “KPMG” də buna göz yumub). Buna görə də qanunvericilik tələb edir ki, banklar balanslarını şişirdərək ictimaiyyətdə və müştərilərində barələrində yanlış təsəvvür yaratmasınlar. Amma hər bir halda qaytarılmayan kreditin balansarxası uçotu davam edir. Problemli dollar kreditlərinin əksəriyyətində vəziyyət məhz belədir. Fevralın sonunadək onların çoxu ümidsiz idi, amma dövlət məzənnə fərqini üzərinə götürərək faktiki olaraq banklar üçün diriltdi!

İndi isə qayıdaq əsas məsələyə. Deməli, Palata Fərman müəlliflərinə xarici valyutada olan problemli kreditlər haqda tam məlumat verməyib. Ən azı balansarxası kreditlər haqda. Nəticədə Fərman müəllifləri dövlətin ödəməli olduğu məbləğ haqda yanlış hesablamalar aparıblar. Yəni əslində dövlət ayrılan təxmini 700 mln. manat deyil, daha çox məbləğ ödəməlidir. Buna görə də Fərmanın əsas icraçısı olan Palata qarşısında ilk gündən ciddi problem yaranıb: çatışmayan məbləği hardan tapsın? Fərman müəlliflərinə irad tuta bilməzdi ki, siz mənə məramınızı bildirsəydiz, mən tam məlumat verərdim! Səhvini etiraf da etmədi! Bəs nə etdi?

Təbii, Palata dərhal başa düşdü ki, bu işdə (səhvini ört-basdır etməkdə) fəaliyyətdə olan banklar ona kömək etməyəcək. Çünki onlar qısa zamanda pullarını götürməkdə maraqlıdır. Maraqlı olmayan isə yiyəsiz banklardır. Yəni ləğv prosesində olanlar. Hansıları ki, min cür oyundan çıxan ƏSF-ə tapşırıblar. ƏSF isə faktiki olaraq Palatanın tabeliyindədir. ƏSF-nin rəhbəri Vüqar Abdullayev Palatanın rəhbəri İbrahim Alışovun dostudur. Hər ikisi də vəzifələrinə daimi əsaslarla təsdiq olunmayıb. Sadəcə müvəqqəti icra edirlər. Buna görə də bu müvəqqəti icraçılığı maksimum uzatmaqda maraqlıdırlar (çağdaş milli məmurlarımızın əksəriyyətinin məfkurəsi budur: bir gün də olsa vəzifədə çox qalım və daha çox çırpışdırım!).

Beləliklə, bağlanmış bankların xarici valyutada olan problemli kreditləri üzrə dövlətdən kompensasiyanı almaqda maraqlı olmayan ƏSF bununla Palataya kömək edir. Təbii, bütün kreditlər üzrə belə etmir. Sadəcə elə çərçivədə edir ki, dövlətin ayırdığı təxmini 700 mln. manat məbləği aşılmasın və ölkə rəhbərliyi işdən hali olub soruşmasın ki, əlavə məbləğlər niyə lazımdır, niyə vaxtında fərqli rəqəm haqda məlumat verilmişdi!

Palatanın və ƏSF-nin hesablaması (məntiqi) təxmini belədir: 1) vətəndaşların əksər hissəsi onsuz da ya haqqını bilmir, ya da tələb etmir (qorxur və s.), buna görə də onların krediti üzrə dövlətdən heç nə almayaq və deyək ki, güzəştə düşməyən borclardır və vətəndaşdan tam ödənişi tələb edək; 2) haqqını bilən vətəndaşlar isə uzaqbaşı məhkəməyə üz tutacaq, ƏSF-nin isə bağlanmış banklarda sığortalanmış əmanətlərin kompensasiyasından yayınmaq və əmanətçiləri məhkəmələrdə bir neçə il çürütmək kimi böyük təcrübəsi var (məhkəmə iclaslarına gəlmirlər və proses uzanır, vətəndaşın xeyrinə çıxarılmış qərarı gec götürüb gec şikayət verirlər ki, iş uzansın və s. və i.a.). Nəticədə ayrılan məbləğ aşılsa belə (əgər əksəriyyət məhkəmələrə üz tutsa), bu bir neçə ildən sonra bəlli olacaq. O vaxtadək isə “ya xan ölər, ya eşşək” məntiqi ilə düşünür bizim Palata və ƏSF!

Odur ki, haqqı tapdalanan borcalanlar, məhkəmələrə üz tutun! Dövlətdən sizə düşən kompensasiyanı tələb edin! Palataya və ƏSF-ə göstərin ki, bizlər bu ölkənin xanı və ağasıyıq. Demirəm ki, bununla onların ölməsinə nail olun, qoy yaşasınlar, amma tutduqları vəzifədən tezliklə getsinlər və dövlət başçısının siyasətinə xələl gətirməsinlər!

P.S. Yazdığım versiya yanlışdırsa, Palata və ƏSF ictimaiyyətə tam və dolğun məlumat versin: bağlanan banklarda kreditlərin kompensasiyası üzrə problemin səbəbi nədir?

P.P.S. Yeri gəlmişkən, Fərmanda bağlanmış banklar üzrə bir problem də var: borcalanlarla yeni güzəştli kredit müqaviləsinin bağlanmasında! Məsələ burasındadır ki, ləğv prosesində olan bank kredit müqaviləsi bağlaya bilməz, çünki artıq bank lisenziyası yoxdur. Bu, artıq Fərman müəlliflərinin səhvidir. Dediyim kimi, onların da səviyyəsi yüksək deyil və Fərmanın mətnindən bu, açıq-aşkar sezilir. Korrupsiya və işğal olunmuş torpaqlarla bərabər ölkənin əsas problemlərindən biri savad və kadr məsələsidir! Amma hər bir halda ötən 5 ay ərzində bu məsələni də qanuna düzəlişlə həll etmək olardı. Təki, savad, iradə və dürüstlük olsun...


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)