vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
QARABAĞ  
12:17 | 24 noyabr 2016 | Cümə axşamı Məqaləyə 2129 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Xudafərində 24 gün...

Nurşən Quliyevin Qarabağ savaşı xatirələri

Nurşən A.QULİYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

1993-cü il noyabrın 22-si idi. Ermənilər Qubadlı rayonunu işğal edəndə girov götürdükləri yaşlı kişini buraxıb, onunla xəbər göndərmişdilər. Ermənilərin işgəncə verib, qolunu qırdığı kişi Xudafərin körpüsünün ətrafına toplaşmış hərbçilərə ermənilərin ultimatumunu çatdırdı: «Üç gün ərzində ərazini boşaltsınlar, yoxsa hamısını qıracağıq».

Xudafərin körpüsünü görmək uşaqlıq arzum idi. Orta məktəb dərsliklərində, sonra da Fərman Kərimzadənin «Xudafərin körpüsü» əsərində oxumuşdum körpü haqqında. Amma heç ağlıma da gəlməzdi ki, mən Xudafərinlə belə qarşılaşacağam.

Bu yazı kino ssenarisi, ya da hansısa filmdən fraqment deyil. Burda heç bir qəhrəmanlıq-filan da yoxdur. Sadəcə, Xudafərinin son günlərini yazmaq ehtiyacı duydum - həm kəndin, həm körpünün... Ona görə yazmaq ehtiyacı duydum ki, canlı şahidin - mənim gördüklərim Azərbaycanın daha bir kəndinin ermənilər tərəfindən necə işğal edildiyini arxivə yazsın. Bir də müharibənin real mənzərəsini - onun verdiyi əzabları, məhrumiyyətləri, aclığı, ölümü bir daha hər kəs izləsin.

Xudafərin körpüsünü noyabrın 1-də keçdik. Zəngilan işğal olunanda əhali ilə birgə hərbçilər də İrana adlamışdı. Üç gün orada qaldıqdan sonra Xudafərin körpüsündən yenidən Azərbaycan ərazisinə gətirdilər bizi.

Burda hər qoşun növü vardı. Milli Ordu, Daxili Qoşunlar, Sərhəd Qoşunları... Kənd boş idi, camaat İran vasitəsilə canını qurtara bilmişdi. Ermənilər üç tərəfdən kəndi və körpüləri mühasirəyə almışdılar. Təkcə körpü vasitəsilə İrana çıxış yolu qalırdı.

Bizim də mühasirəli günlərimiz başladı. Komandirlər deyirdilər ki, bizi ona görə burada saxlayırlar ki, Füzuli rayonunun Arazboyu kəndləri istiqamətindən ordumuz hücuma keçəcək, biz də mühasirəni yarıb onlarla birləşəcəyik. Əmr əmrdir, biz də hücumu gözləyirdik.

Kəndin və körpünün ətrafında üç tərəfdən postlar qurulmuşdu, növbə ilə keşik çəkirdik.

Mənim üçün ən maraqlı yer körpülər idi. Araz çayının üzərində üç Xudafərin körpüsü var. Qədim körpülərdən birinin bir hissəsi dağılmışdı, o biri isə salamat idi. Bir körpü isə yeni inşa olunmuşdu, gömrük-keçid məqsədi ilə... Müasir körpü.

Boş vaxtlarımda qədim körpülərin dibinə enər, tağlarına baxar, Arazın tağları qucaqlayıb, iti axan bulanıq suyuna tamaşa edərdim. Çox şey keçərdi ağlımdan - körpü haqqında oxuduqlarımdan, Şah İsmayıldan, tarixdən tutmuş Qarabağ məsələsinə, Azərbaycanın düşdüyü duruma qədər çox şey.

Boş vaxtlarımda Xudafərində getdiyim bir yer də vardı - kənd kitabxanası. Hansı kitablar yoxuydu orda? Hətta universitet üçün Bakıda böyük kitabxanalarda tapa bilmədiyim dərsliklərini belə tapdım orda. Xeyli kitab oxudum o müddətdə, əsasən də bədii əsərlər. Dərs kitablarını isə yığdım «veş meşok»uma, gətirdim özümlə Bakıya. Ancaq buna hələ var. Hələ mühasirədəyik...

Xudafərinin noyabr ayı çox sərt keçir. Yağışı, sulu qarı, qarı əskik olmur. Bizi ən çox üzən isə aclıq və susuzluq idi. Düşmənin hər an hücuma keçəcəyini gözləməyimiz bir yana, aclıq lap əhədimizi kəsmişdi. Yeməyə heç nə yoxuydu. Əvvəl günlər İrandan bir az lobya konservi göndərmişdilər, içməli su kimi isə Arazın yağıntılardan palçıq rəngi almış suyunu içmək məcburiyyətindəydik. Soyuq hava, lobya konservi, palçıqlı su... Qarınağrısı tüğyan edirdi. Əsgərlər kolların dibində qalmışdı. Hərbi həkim bizə məsləhət görürdü ki, xəstəliyinə yoluxmamaq üçün araq tapıb içək, daxili orqanlarımız «dezinfeksiya» olunsun. Xudafərinlilərin kənddən çıxmazdan qabaq çənlərə doldurduğu üzüm və başqa meyvələr artıq qıcqırmışdı, uşaqlar haradansa araqçəkən aparat tapmışdılar. Aralarında araq çəkməyi bacaranlar da vardı. Yaxşı-pis çəkirdilər, ara-sıra içirdik. Arağın dadını ilk dəfə onda bildim, məcburiyyətdən...

Az sonra İrandan lobya göndərilməsi dayandı, ərzaq ehtiyatımızda ancaq əsgərlərin «tutuquşu yemi» adlandırdığı «pşeno» (darı) qaldı. Ondan az-az qaynadıb yeyirdik ki, tez qurtarmasın. Amma bir-iki günə o da qurtardı. Bizimkilərin hücumu isə başlamaq bilmirdi ki, bilmirdi.

Adam ac olanda ağzı yem axtaran heyvana dönür, o da ola əsgər. Kənddəki evləri gəzirdik ki, bəlkə yeməyə nəsə tapdıq. Bir gün bir evdən 3 kiloluq balonda xiyar turşusu tapdıq (lap «Pianoçu» filmindəki kimi), bir anda «boşaltdıq». Başqa bir gün bir evin həyətinə girəndə uşaqlar həyətin ortasında beton tökülmüş yeri göstərib dedilər ki, bunun altında mütləq ərzaq var, qazmaq lazımdı. Ağlım bir şey kəsmədi. Haradansa bel, lom tapıb, qazmağa başladılar. Mən heç əlimi də vurmadım, evə keçib dəmir çarpayıda uzandım. Ürəyimə dammışdı ki, ərzaq-zad yoxdu orda, sadəcə həyətin ortasına hansısa məqsədlə beton tökmüşdülər. Əsgər dostlarım isə hesab eləmişdilər ki, beton qatının altında «ərzaq anbarı» var. Qazıntı işləri 1-2 saat çəkdi, çox təəssüf ki, mən deyən oldu. Son ümidləri boşa çıxan əsgərlərin sifətindəki ifadəni sadəcə görmək lazımıydı.

Xudafərinli günlərin bir xatirəsi də var. O vaxt dövlət katibi olan Lalə Şövkət İran ərazisindən keçməklə gəlib çıxmışdı Xudafərinə. Mən postda olanda hərbçiləri toplayıb, onlarla görüşmüşdü. O da dözmək lazım olduğunu məsləhət görmüş, hücumun olacağını demişdi. Uşaqlar sonra mənə danışdılar ki, görüş elə də xoş keçməmişdi.

Günlər beləcə bir-birini əvəz edirdi. Ermənilərlə postdan-posta, səngərdən-səngərə ara-sıra atışmalar olsa da, hələ ki, hücuma keçmirdilər. Bizimkilərin hücumundan da xəbər-ətər yoxuydu.

Mən sonralar biləcəkdim ki, oktyabrın 29-da Zəngilanın işğal olunduğunu televiziyadan eşidən ailələlərimiz bu 24 gün də daxil olmaqla bir neçə ay ərzində bizdən heç bir xəbər ala bilməyiblər, çox axtarıblar, xəstəxanaları, hərbi hissələri gəziblər, İranla sərhədə qədər gəlib çıxıblar, hətta atam köçkünlərin köçünü daşıyan bir sürücüyə Biləsuvarda öz maşınını verib, əvəzində onun maşınını alıb İrana keçməyi təklif edib ki, bəlkə məni tapa bildi, amma sürücü razılaşmayıb... Bunları sonralar öyrənəcəkdim, indi isə mühasirənin son günüdür.

Noyabrın 23-də axşam Xələfli istiqamətində posta gedəndə bizə döyüş əmri verən zabit bildirdi ki, bu gün ermənilərin verdiyi vaxt başa çatır, daha diqqətli və sayıq olaq.

Xudafərin körpüsündən 1-2 km aralıda, təpəlikdə yerləşən posta yollandıq. Narın qar yağırdı. Mövqeləri tutub, gözləməyə başladıq. Gecə sakit keçdi. Dan yeri ağaranda postun ətrafında apardığımız müşahidələr zamanı isə aydın oldu ki, düşmən kəşfiyyatı gecə boyu dinc dayanmayıb. Qarın üstündəki ayaq izləri düşmən əsgərlərinin ərazini öyrənmək üçün müxtəlif istiqamətlərdə gecə boyu çalışdığını, içərilərə doğru irəliləməyə cəhd etdiklərini göstərirdi, ancaq bizim sayıqlığımızı görüb keçə bilməmişdilər. Hava işıqlananda isə atəş məsafəsindən uzaqlaşıb, geri qayıtmışdılar. Amma kəşfiyyatın gecə boyu «işləməsi» düşmənin hücuma hazırlaşmasının göstəricisi idi. Elə də oldu. Təxminən saat 10-un yarısında həmlə başladı. Onlar hər şeydən atırdılar - minaatanlardan, qumbaraatanlardan, pulemyotdan, avtomatdan... Baş qaldırmaq mümkün deyildi. Qarın, palçığın, suyun içində sürünə-sürünə düşmənin həmlələrinə cavab verirdik.

Ermənilərin atdığı mərmilər İran tərəfə də düşürdü. Mərmilərdən biri tarlada işləyən traktorun yanına düşdü, iranlı traktorunu sürüb «aradan çıxdı». Döyüşün getdiyi yer təpəlik olduğundan İran tərəfdən baş verənləri açıq görünürdü. Bizi izləyən iranlı qadınlar dizlərinə, sinələrinə döyür, «şaxsey-vaxsey» qışqırırdılar.

Atışmanın qızğın anında sağ cinahda qayanın dibinə sığınmış erməni əsgərini gözüm aldı. O məni görmürdü, dağınıq atəş açırdı. Nişan alıb, atəş açmaq istəyirdim ki, düz sifətimin qarşısında torpağa səpələnən güllələr palçıqlı qarı gözümə doldurdu. Sol tərəfdə başqa bir düşmən əsgəri məni görmüşdü, yerimi dərhal dəyişməliydim. Təpənin sağına tərəf yumalandım, torpaq palçıqlı olduğundan özümü saxlaya bilməyib, aşağı sürüşməyə başladım. Qaya parçasından yapışıb, dayanmasaydım, hündürlükdən dəmiryolu relslərinin üstünə düşəcəkdim. Sürünə-sürünə yuxarı qalxıb, yenidən mövqe tutdum...

Düşmən irəliləyə bilməsə də, artıq itkilərimiz vardı, bir neçə nəfər isə yaralanmışdı. Atışma axşam saat 5-ə kimi fasilələrlə davam etdi. Artıq güllələrimiz və qumbaraatan mərmilərimiz tükənmək üzrəydi. Körpü tərəfdən isə kömək gəlmirdi. Saat 5 radələrində bizim qrupun komandiri, gecə postu bizə təhvil verib dincəlməyə getmiş baş leytenant körpü tərəfdən gəlib xəbər verdi ki, digər istiqamətlərdən ermənilər postları yarıblar, hamı İran tərəfə geri çəkilir, təkcə biz qalmışıq, postu boşaltmaq lazımdı. O, Arazın kənarından qışqırır, bizdən təpəlikdən aşağı enməyi tələb edirdi, biz isə hələ də hansısa ümidlə ona qulaq asmaq istəmirdik. Ancaq qərar qəbul etmək vaxtıydı, sonra gec ola bilərdi. Hamının bir yerdə postdan çıxıb, aşağı düşməsi isə özünü güllə qabağına vermək idi. Ermənilər posta çıxıb, hündürlükdən arxamızca bizi gülləyə tutardılar. Kimdə nə qədər avtomat patronu vardısa toplayıb, onlara aşağı düşməyi qışqırdım. Əsgərlər aşağı düşməyə başladılar, mənsə qarşı tərəfə atəş açır, düşmənin başını qatırdım. Əsgərlərimiz Arazın kənarına enib, körpüyə tərəf hərəkət etməyə başladı. Bu vaxt məndən bir qədər aralıda - postun yan tərəfində mərmi partladı. Aşağı baxdım, əsgər yoldaşlarım həyəcanla əl eləyib, mənim də postdan çıxmağımı istəyirdilər.

Onların niyə belə təlaş keçirdiklərinin səbəbini sonra biləcəkdim. Əsgər dostlarım sonradan mənə danışacaqdılar ki, ermənilər postun yanından arxama keçib məni tutmaq istəyirmişlər. Əsgərlərdən biri sonuncu mərmini qumbaraatandan ermənilərə tərəf atıb, onlar geri çəkilən kimi mənə tez aşağı düşməyi işarə ediblər. Dərhal postdan çıxıb aşağı düşdüyümdən məni tuta bilməyiblər. Əsgər ermənilərin məni tutmaq istəməsini görüb mərmini elə tələsik atmışdı ki, arxasına baxmamış, qumbaraatanın dalğası arxada dayanmış əsgəri qamışın içinə soxmuşdu. Sonralar bu epizodu, əsir düşməyin bir addımlığında olduğumu, bəxtimin gətirdiyini çox xatırlayacaqdıq.

Avtomatımda 5-6 patron qalmış olardı. Atəş aça-aça sürətlə aşağı endim. Arazın kənarında 1 zabit, 1 əsgər qalmış, digərləri körpüyə tərəf getmişdilər. Çayın kənarında qamış o qədər hündür və yoğun idi ki, adlayıb keçmək olmurdu. Postumuzu tutan düşmən əsgərləri artıq bizi atəşə tutmağa başlamışdı. Birtəhər qamışlığı yarıb, dəmiryolu boyu körpüyə tərəf sürünməyə başladıq. Bir az irəlidə ölən əsgərlərmizdən ikisinin meyiti qarşımıza çıxdı. Meyitin birini zabitin belinə qaldırdıq. Meyitin ağırlığı, yorğunluq da bir yandan... zabit iki qatlandı. Digər meyiti mən kürəyimə aldım. Ancaq heç bircə metr irəliləməmişdik ki, ermənilər bizi aramsız atəşə tutmağa başladılar. Güllələr sağdan, soldan, başımızın üstündən vıyıltı ilə keçirdi. Meyitləri yerə qoyub, qamışlığın dərinliyinə çəkilməli olduq. Artıq hər tərəfdən atırdılar. Düşmən əsgərlərinin hansı tərəfimizdə olduğunu belə müəyyənləşdirmək mümkün deyildi. Yenidən əlimi meyitlərdən birinə tərəf uzatdım ki, özümə tərəf çəkəm, güllələr torpağın üstündə barmaqlarımı yaladı. Belə görünürdü ki, bizi hər tərəfdən əhatə almışdılar, niyyətləri də öldürmək yox, sağ ələ keçirmək idi. Artıq meyitlərə yaxınlaşmaq mümkün deyildi. Başqa çıxış yolu qalmırdı. Qamışlığın dərinliyinə çəkilib, çaya düşdük. Araza girib, suyun yuduğu yarğandakı ağac köklərindən, kol-kosdan, ot-alafdan tuta-tuta körpüyə tərəf irəliləməyə başladıq. Çayın kənarı bəzi yerlərdə dərin, bəzi yerlərdə dayaz idi. Çətinliklə də olsa, axına qarşı hərəkət edirdik. Ermənilər bunu edəcəyimizi ağıllarına gətirmədiklərindən bizi qamışlıqda axtarırdılar. Səslərini aydın eşidirdik. Beləcə, xeyli irəlilədik. Artıq səsləri gəlmirdi. Sudan çıxıb, bir qədər də yüyürəndən sonra dəmiryolunun üstündə mövqe tutmuş əsgərlərimizə rast gəldik. Onlara bizdən arxada keç kimin qalmadığını dedik. Avtomatımı sürüyə-sürüyə körpüyə çatanda artıq hamı İrana keçmişdi. Dəmiryolunun üstündəki mövqedə olan əsgərlər gələndən sonra biz də İrana keçdik.

1993-cü il noyabrın 24-də Xudafərin kəndi və tariximizin mühüm bir parçası olan körpülər belə işğal olundu.

İrandan keçməklə Göytəpədəki hərbi hissəyə gəldik.

Bir müddət orda istirahət edib, qrupu yenidən formalaşdırıb, Horadiz istiqamətində hücuma yollanmaq üçün...

24 noyabr 2016-cı il