vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
12:12 | 18 noyabr 2022 | Cümə Məqaləyə 806 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Fransanın zibillədiyi yol ...

Azərbaycan artıq Rusiya ilə də hesablaşmaq istəmir

Asəf QULİYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

Son günlərin açıq informasiyaları gizli mətləblərin də üstünə işıq salmaq və düşünmək üçün kifayət qədər zəngindir. Söhbət Qarabağ və Azərbaycan-Ermənistan münasibətləri ətrafında cərəyan edən proseslərdən gedir.

Əvvəlcə informasiyaları sıralayaq.

BİRİNCİ: ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan Prezidentinə zəng vurdu. Müxtəlif mənbələr bu zəngi müxtəlif cür yozsalar da cənab Blinken öz yazdığı tvit ən səhih informasiyanı verdi: “Mən prezident Əliyevi noyabrın 7-də Vaşinqtonda xarici işlər nazirlərinin danışıqlarından sonra Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının sürətini saxlamağa çağırdım. Birləşmiş Ştatlar bu səyləri dəstəkləməkdə sadiqdir”.

İKİNCİ: Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid Senatda keçirilən müzakirələrdə Dövlət Departamentinin Azadlıq Aktının Azərbaycana yardımın dayandırılması ilə bağlı 907-ci düzəlişinin müvəqqəti dondurulması ilə bağlı sualları cavablandırıb və bildirib: “Açıq şəkildə bildirmək istəyirəm ki, mən hesab edirəm ki, Azərbaycana yardım ABŞ-ın milli təhlükəsizliyinin maraqlarına cavab verir.

ÜÇÜNCÜ: Azərbaycan Müdafiə Nazirliyi xəbər yaydı ki, noyabrın 17-də səhər saatlarında Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı birləşmələrinin üzvlərinin Ağdam və Xocalı rayonları ərazilərində döyüş mövqelərinin möhkəmləndirilməsi məqsədilə mühəndis tədbirləri icra etmələri Ordumuzun bölmələri tərəfindən müşahidə edilib.

DÖRDÜNCÜ: Erməni mənbələri xəbər yaydı ki, Rusiyanın Qarabağa göndərdiyi Ruben Vardanyana Qarabağ erməniləri tərəfindən xəbərdarlıq olunub. O yüksək səlahiyyətlərə malik vəzifə tutsa da kadr dəyişikliyi edə bilmir.

BEŞİNCİSİ: Prezident İlham Əliyev Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən bəyan edir: “Biz Qarabağda yaşayan ermənilərlə danışmağa hazırıq, amma Moskvanın göndərdiyi Vardanyan kimi insanlarla yox”.

ALTINCI: Putin Azərbaycan Prezidenti İlham Əliyevə zəng vurdu. Adətən telefon danışıqları ilə bağlı informasiyalarda “prezidentlərin telefon danışığı olub” kimi ifadə işlədilir. Bu dəfə isə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məhz Putinin İlham Əliyevə zəng vurduğunu vurğuladı.

Bütün bu informasiyalardan sonra belə bir nəticəyə gəlmək olar ki, Qarabağ ətrafında maraqlı qüvvələrin ciddi mövqe savaşı gedir.

Avropa Fransanın timsalında mövqelərini kifayət qədər zəiflətdi. Amma qoca qitə yəqin ki, Fransanın zibillədiyi yolu təmizləyəcək. Çünki bu gün Avropanın özündə gec partlayan minaya bənzər separatçı bölgələr var. Fransanın atdığı addım bütün bu “bombalar” üçün detonator ola bilər. Ona görə də Avropa İttifaqı Fransanın bu addımını kompensasiya etməli olacaq. Həm də qarşıdan qış gəlir və bu soyuq fəsil Avropanın qaz təchizatında mühüm yer tutmağa başlayan Azərbaycanın dəyərini bir qədər də artıracaq.

ABŞ son proseslərdə dominantlığı ələ almaqdadır. Və bu əslində Azərbaycan üçün əla şansdır. Əvvəla ona görə ki, ABŞ Azərbaycana İranla münasibətlərin tənzimlənməsində müttəfiq kimi baxır. İkincisi ABŞ siyasi isteblişmenti yaxşı anlayır ki, Azərbaycansız Cənubi Qafqazda nəyəsə nail olmaq çətindir. Və üçüncüsü ABŞ İsrail və Böyük Britaniya kimi söz sahiblərinin Azərbaycan haqqında rəyini bilir və bu rəyi qulaqardına vurmayacaq.

Rusiya anlayır ki, artıq Azərbaycan Şimal qonşusu ilə hesablaşmaq istəmir. Ukrayna bataqlığında çalalayan imperiya üçün bunu həzm etmək çətindir, amma udmağa məcbur qalıb. Rusiya da anlayır ki, Azərbaycanla sərt davranış Cənubi Qafqaz bombası üçün detonator ola bilər. Bu bomba Qafqazda ciddi fəsad törədə bilər. Amma bu partlayış imperiyanı birdəfəlik tarix səhnəsindən silə bilər. Ona görə də Rusiya maksimim dərəcədə ehtiyatlı davranışa üstünlük verəcək.

Bütün bu proseslərdə ən ağır durumda olan isə bu gün Qarabağda yaşayan ermənilərdir. Onlar indiki durumda sadəcə təcrübə dovşanıdır.