vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
GÜNDƏM  
21:46 | 14 yanvar 2017 | Şənbə Məqaləyə 2086 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Erməni ziyalıları rejimə qarşı

Rəssam Xaçaturyan: «Sərkisyan canidir və onu ömürlük həbs gözləyir»

MÖVZU İLƏ ƏLAQƏLİ

Henrik Xaçaturyan istər sıravi vətəndaş, istərsə də ictimai və incəsənət xadimi kimi obyektivliyi ilə seçilən şəxslərdəndir. Ermənistandakı sosial-iqtisadi çətinliklər səbəbilə ölkəni tərk edən Xaçaturyan, Sərkisyanı adi cinayətkar hesab edir.

Dünyanın bir çox ölkələrində sərgilər keçirən və Birləşmiş Ştatlarda (Los-Anceles şəhərinin Hollivud rayonunda) yaşayan incəsənət xadimi, rəssam Henrik Xaçaturyan azvision.az-a müsahibəsində «Ermənistan-Azərbaycan Sülh Platformasını» alqışladığını bildirir.

 

- Öncə özünüz haqqında məlumat verin. Həyatınız, fəaliyyətiniz və hazırda ABŞ-dakı məşğuliyyətiniz nədən ibarətdir?

- Bizim nəslimiz 1828-ci ildən etibarən Ararat vadisində (Ağrı vadisi - red.), Araz çayının sol sahilində yaşayıb. Ora İranın Salmas vilayətinin Xoy bölgəsindən gəliblər. Babalarım əkinçilik və üzümçülüklə məşğul olublar. Atam ikinci Dünya Müharibəsi illərində İrəvan politexnik institutunun hidrotexnik tikinti şöbəsini bitirib. Özüm İrəvan şəhərində 6 noyabr 1954-cü ildə anadan olmuşam. Uşaqlıq və gənclik illərimi atam, anam, nənəm və 3 qardaşımla birlikdə babamın evində keçirdim.

Orta məktəbi bitirdikdən sonra, 3 il politexnik institutunun kibernetika fakültəsində təhsil aldım. 21 yaşımda institutu tərk edərək orduya xidmətə getdim. Təxris olunduqdan sonra, «Milli Gizli Qrup»un fəaliyyətinə qoşuldum. 1984-cü ildə xüsusi tapşırıqla Stepanakertə (Xankəndi - red.) göndərildim və bundan sonra anladım ki, bu tipli təşkilatlanmaların çoxu ya xüsusi xidmət orqanlarının təşkilatçılığı, ya da onların nəzarəti altındadır. Nəticədə, mən onlarla əlaqəmi tamamilə kəsdim.

1985-1999-cu illərdə yerli, sovet və beynəlxalq tədbirlər daxil olmaqla təxminən 50 sərgi və incəsənət festivallarının, SSRİ-nin ilk və son Ümumsovet Avanqardçılar Festivalının iştirakçısı və mükafatçısı kimi Ermənistanda fəaliyyət göstərdim.

1990-cı ildən 1997-ci ilə qədər həmfikirlərimlə «Aysor» avanqardçılar jurnalını, bəlkə də Zaqafqaziyada ilk olan 32 səhifəlik həftəlik «Aysor-32» qəzetini və ikihəftəlik satirik əlavəsilə «Fon-Fon» həftəlik qəzetini nəşr etdirdim.

1999-cu ildə ABŞ-a bir sərgi dəvəti ilə getdim və hadisələr elə cərəyan etdi ki, orada qalmalı oldum. Əsasən incəsənətlə məşğul oluram. Bir neçə fərdi sərgilərin, o cümlədən Kaliforniya, Cənubi Amerika (Kolumbiya, Boliviya), Avropa (Paris, Berlin) və Rusiyada (Moskva) onlarla sərgilərin təşkilatçısı və iştirakçısı olmuşam. Həyat yoldaşım, iki qızımla birgə Los-Anceles şəhərinin Hollivud məhəlləsində yaşayırıq və hazırda onlar tələbədir.

1984-cü ildən qərara gəldim ki, daha siyasətlə məşğul olmayım. Zənnimcə, incəsənət adamının siyasi sahədə icra edəcəyi heç bir funksiya yoxdur. Siyasi rəğbətlərimin anarxistcəsinə olmasına baxmayaraq, heç bir partiyanın üzvü olmadım və heç meylim də olmayıb. Kommunist Sovet imperiyasının süqutundan sonra, imkanlarım daxilində keçmiş sovet respublikalarının suverenliyini, müstəqilliyini işıqlandırmağa və dəstəkləməyə çalışırdım.

 

- Ermənistan-Azərbaycan münaqişəsi barədə fikirləriniz maraqlıdır. Hazırda baş verən prosesləri necə qiymətləndirirsiniz? Və yaradılan «Ermənistan-Azərbaycan Sülh Platforması» haqqında nə deyə bilərsiniz?

- Öncə qeyd edim ki, mən hər zaman köhnə sistemlərin bərpa və ya reablitasiyasının əleyhinə olmuşam. Dünyanın imperialist və neomüstəmləkəçilik ideologiyasına qarşıyam. Ermənistan-Azərbaycan münaqişəsinə gəldikdə isə, onu bu şəkildə dərk edirəm ki, bu, dünyanın aparıcı supergücləri tərəfindən yaradılan saxta «inqilablar», çevrilişlər və yerli müharibələr vasitəsilə özlərinin hegemon mövqelərini bərpa etmək cəhdlərinin bir nəticəsidir.

Təbii, baş verənlər hər iki xalqa böyük bəla və bədbəxtçilik gətirib. Düşünürəm ki, hər bir ziyalı şəxs planetimizdə bu münaqişələri yaradanları qınamalıdır.

Sülh Platformasına gəldikdə isə, qeyd etməliyəm ki, hələ tam və eyni dillə formalaşmayan sülh təşəbbüslərinin nəticələri haqqında danışmaq tezdir. Bunun üçün hər iki ölkənin sülh tərəfdarları daimi ünsiyyətdə olmalıdır. Lakin, onu da bildirim ki, həqiqətən bu prosesin başlanması alqışa layiqdir.

Daha konkret və detalları ilə desəm, Vahe Avetyanın mövqeyi və təcrübəsi ilə tanışam və əsas müddəaları ilə razılaşıram. O ki qaldı, tərəflərin digər subyektlərinə, onların mövqeləri və üslubuna yaxşı bələd deyiləm və elə bir yenilik görmürəm.

 

- Hazırda Serj Sərkisyanın apardığı siyasətdən və yaratdığı vəziyyətdən razısınızmı?

- Postsovet dövründə istər-istəməz, bütün müstəqilləşmiş ölkələrdə çox qısa bir zaman kəsiyində bəlli qüvvələr hakimiyyətləri ələ keçirdilər. Müxtəlif iri dövlətlərin agentləri olan hakimiyyətlər, saxtalaşdırılan seçkilərlə və yaxud «saray» çevrilişləri ilə hakimiyyətləri mənimsəyənlərdir. Buna görə də belə hakimiyyətlərin heç bir addımı və yaxud fəaliyyəti öz xalqına xidmət edə bilməz. Serj Sərkisyan hələ 1996-cı ildə saxtalaşdırılan seçkilərlə artıq korrupsiyalaşmış hakimiyyətini qoruyub saxlayan Levon Ter-Petrosyanın birbaşa agentlərindən biri olub. O, həmçinin Ermənistan suverenliyinə dağıdıcı, düzəlməyən zərbələr vurmuş Köçəryanın varisi və dəstəkçisidir.

Mən xüsusilə son 2.5 onillik ərzində Ermənistanda azğınlaşan cinayətkar oliqarxiya hakimiyyətinə qarşıyam. Sərkisyan isə hökumət oğrusu kimi ən aktiv və maraqlı simalardandır. Əgər o, bir rayonun qərəzsiz və ədalətli məhkəməsinə cəlb edilsə, ən azından ömürlük azadlıqdan məhrum edilər. Azərbaycan Respublikasının sabiq vətəndaşı olan Serj Sarkisyan ən adi cinayətkar canidir.

 

- Bu faktdır ki, Sərkisyan hakimiyyəti yaradılan «Sülh Platforması»ndan qorxur. Sizin fikrinizcə, bu qorxunun səbəbi nədir?

- Düşünürəm ki, bundan yalnız Sərkisyan hakimiyyəti qorxmur. Bu prosesdə qlobal bank sistemi və qlobal hərbi-sənaye komplekslərinin Ermənistan və Azərbaycan kateqoriyalı ölkələr kimi bənzər konfliktlərin həlli məsələsində müəyyən gözləntiləri və dərin maraqları var. Regionun daha əhəmiyyətli ölkələri olan Türkiyə və İranın belə, güclü siqnallara qarşı xüsusi çəkisi və gücləri yoxdur. Hətta, bizim hər iki xalqın yaxşı iradəsi olarsa belə, bu problemin həllini təsəvvür etmək çətindir...

Mən realistəm, amma bəzən hesab edirəm ki, möcüzə baş verəcək və bugünkü təsəvvürlər diametral çevriləcək, çözülməz məsələlər, geosiyasi ambisiyalar həll ediləcək.

Sülh platforması gözlənilən olsa da, hələ rüşeym vəziyyətində olan fenomendir. Lakin, bir daha qeyd edim ki, bu prosesin hərəkətə keçməsi məni olduqca sevindirir.