vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 4 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
GÜNDƏM  
22:59 | 27 yanvar 2017 | Cümə Məqaləyə 2760 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ermənistan xof içində

«İlham Əliyev bu gün Cocuq Mərcanlını bərpa edirsə, sabah da Şuşanı azad edəcək»

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinə verdiyi aprel dərsləri düşmən ölkədə hələ də böyük rezonans doğurmaqda, ermənilərin rahatlığını pozmaqdadır.

Cəbhədəki məlum hadisələrdən sonra işğalçı ölkə üçün indi ən böyük qorxu analoji hadisələrin yenidən təkrarlana biləcəyidir. Elə bu səbəbdəndir ki, xarici himayədarlarına əvvəlkindən daha çox sığınan ermənilərin əsas istəyi Azərbaycanla yeni mümkün hərbi toqquşmaların qarşısının alınmasıdır. Amma bu da çətin ki düşmənə uzun müddət kömək etsin. Çünki Azərbaycan işğal altındakı ərazilərini, lazım gələrsə, güc yolu ilə azad edilməsi hüququndan istənilən vaxt istifadə edə biləcəyini ən yüksək səviyyədə bəyan edib.


«Əliyev Sərkisyana peşəkarlığın necə olduğunu göstərdi»


Ermənistanı qorxuya salan növbəti məqam isə Prezident İlham Əliyevin «İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında» sərəncamı olub. İşğalçı ölkədə bu, çox geniş səs-küy yaradıb. Açıq və qəzəbli şəkildə qeyd olunur ki, Serj Sərkisyan cəfəngləri, rəsmi Yerevanın uydurduğu yalanlar daha erməni xalqı tərəfindən qəbul olunmur.

Prezident İlham Əliyevin imzaladığı sərəncamdan sonra sosial şəbəkələrdə paylaşılan statuslardan və verilən şərhlərdən qənaətə gəlmək olar ki, Ermənistanda ümumi əhvali-ruhiyyə kifayət qədər pessimistdir. Belə görünür ki, cəmiyyət Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanmasından, bununla bağlı Ermənistanın üzləşdiyi çoxsaylı problemlərdən daha çox narazılıq bildirir. Artıq ermənilər həm hərbi, həm də diplomatiya cəbhəsində Azərbaycana daha böyük fərqlə uduzmağın gerçəkliyini anlamağa başlayıblar. Sosial mediada paylaşılan statuslardan və yazılan şərhlərdən bir neçəsini diqqətinizə çatdırırıq.

Karen Mkrtçyan adlı «Facebook» istifadəçisi «Nə vaxta qədər belə davam edəcək? Bu gün Cocuq Mərcanlıya, sabah isə Şuşaya» başlıqlı status paylaşıb.

Digər istifadəçi Arut Xaçatryan adlı bir nəfər «Twitter»də belə bir paylaşım edib: «Biz hələ də anlaya bilmirik ki, İlham Əliyevin fəaliyyətindən niyə Serj Sərkisyan nəticələr çıxara bilmir? Azərbaycan torpaqları geri qaytarır, bizdə isə geri dönən yalnız əsgərlərimizin cənazəsidir. S.Sərkisyan Ermənistanı məhvə aparır».

Henrix Aşotyan adlı biri isə «Facebook»da Prezident İlham Əliyevin imzaladığı sərəncamla bağlı paylaşılan statusa belə bir şərh yazıb: «Açıq reallıq budur. Aprel döyüşlərində İlham Əliyev Serj Sərkisyana yüksək peşəkarlığın necə olduğunu göstərdi. Bizim prezident bəs nə etdi? Seyrçi mövqeyində qaldı. Azərbaycan Prezidenti bu gün Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı sərəncam imzalayır. Belə davam etsə, Stepanakert (Xankəndi - red.), Şuşa, Kəlbəcər üçün də belə sərəncamlar gözləniləndir».


«Azərbaycan əsgəri sabah İrəvana girsə, nə edəcəyik?»


Robert Şaqinyan adlı biri isə «Twitter»də yazıb: «Ötən il azərbaycanlıların aprel hücumundan sonra qorxu hələ də canımızdadır. İlham Əliyev Azərbaycan üçün lazımi addımlar atır, ərazilərin qaytarılması ilə bağlı işlər görür. Cocuq Mərcanlı kəndi buna nümunədir. Bəs Serj nə edir?»

Karine Baqratyan adlı biri isə «VKontakte» sosial şəbəkəsində erməni iqtidarına qarşı etirazını bildirib: «İlham Əliyevin Azərbaycan üçün nələr etdiyi göz qabağındadır. Ermənistan rəhbərliyi isə yalnız öz maraqlarını güdür, onlar üçün dövlətin və xalqın mənafeləri yoxdur. Aprel məğlubiyyətindən sonra Sarkisyan hansı üzlə xalqın qarşısına çıxır? Hələ İlham Əliyevin imzaladığı məlum sərəncamı demirəm. Bəs sabah Azərbaycan əsgəri Yerevana girsə, nə edəcəyik?»

Ovik Karapetyan adlı birinin «Twitter»dəki paylaşımı isə daha çox bəyənmə toplayıb: «Azərbaycan Prezidenti Cocuq Mərcanlını geri qaytarıb, sabah Şuşanı da götürəcək. Biz müharibədən sonra təlaş içərisində yaşayırıq. Sarkisyan iqtidarından təngə gəlmişik». 

Serj Abramyan isə «Facebook»dakı paylaşımların birinə belə bir şərhlə münasibət bildirib: «İlham Əliyev təkcə bir kəndin bərpası üçün 1 milyard dramdan çox pul ayırıb. S.Sərkisyan isə ancaq ciblərini doldurmaqla məşğuldur. Çünki onu biz vətəndaşlar maraqlandırmırıq».


«Sərkisyan, Ermənistan üçün nə etmisən?»


Edvard Şahnazaryan «Facebook»da paylaşdığı statusda bildirib ki, xalqın hakimiyyətə inamı artıq tamam tükənib və atdığı bütün addımlar vətəndaşlar tərəfindən birmənalı şəkildə rədd edilir: «İlham Əliyev bir kəndin bərpası üçün xüsusi sərəncam imzalayır, cəbhə bölgəsinə səfərlər edərək Ali Baş Komandan olduğunu nümayiş etdirir. Serj Sərkiysan, Ermənistan üçün nə etmisən? Xalqın yoxsullaşmasında və gənclərin cəbhədə səbəbsiz ölümündə birbaşa təqsirkarsan. Buradan əsgər valideynlərindən xahiş edirəm. Hakimiyyətin yeritdiyi yarıtmaz siyasətə qarşı çıxın, övladlarınızın boş yerə, Serj Sərkisyan rejiminin maraqları naminə qurban getməsinə mane olun, etiraz edin».

Yuxarıda qeyd etdiyimiz statuslara və şərhlərə daha çoxunu əlavə etmək olar. Hazırda Ermənistan xalqı Prezident, Ali Baş Komandan İlham Əliyevin cəbhə bölgəsinə səfərləri zamanı verdiyi mesajlar nəticəsində növbəti dəfə aprel dərsləri ilə üzləşə biləcəyindən qorxuya düşüb. Azərbaycan tərəfi ərazi bütövlüyünün bərpasına qədər mübarizə aparacağını dəfələrlə bəyan edib. Ermənistanda çox yaxşı bilirlər ki, lazımi nəticələr çıxarılmasa, vəziyyət onlar üçün daha çox ağır olacaq.

Və onların dediyi kimi, Azərbaycan Prezidenti İlham Əliyevin növbəti sərəncamı Şuşanın bərpası ilə bağlı olacaq...