vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
TURİZM, DAŞIMAÇILIQ, NƏQLİYYAT  
18:05 | 1 aprel 2017 | Şənbə Məqaləyə 2766 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«İranda şadlıq yoxdur»

İranlı turistlər Novruz bayramında niyə Azərbaycanı seçdi?

Xalidə GƏRAY

MÖVZU İLƏ ƏLAQƏLİ

Bayram günlərində Azərbaycana gələn turistlərin sayı ötən illərə nisbətdə çoxluq təşkil etdi. Onların böyük əksəriyyəti İrandan - Güney Azərbaycandan gələn turistlər idi. Paytaxt Bakının mərkəzi küçə və parkları, xüsusən də «İçərişəhər», «Fəvvarələr meydanı», bir sözlə gəzməli-görməli yerləri, böyük ticarət mərkəzləri, brend markalı geyim mağazalar, kafe-restoranlar bayram günlərində iranlı turistlər ilə qaynayırdı.

Statistik məlumatlara görə Novruz bayramı ərəfəsində ölkəyə gələn iranlı turistlərin əksəriyyəti Bakıya bilet alıb. Doğrudur, bölgələrə, məsələn Şəki, Qax, Qəbələ və digər yerlərə səfər edənlər də az olmayıb. Lakin bu bir faktdır ki, turist axını əsasən Bakıya olub. Turistlərin gəlişindən əvvəl artıq otellərdə yerlərin hamısının rezerv edildiyi bildirilirdi.

Maraqlıdır, bəs görəsən ölkəmizə gələn iranlı turistlərin əksəriyyəti farslar, yoxsa güneyli soydaşlarımız olub?

İranın Tehran şəhərindən olan soydaşımız Məsud Rəhimpur ilk dəfədir ki, ölkəmizə gəldiyini bildirdi.

Ailəsi il birlikdə Ərdəbildən qonaq gələn soydaşımız Damad Hüseyn isə Azərbaycan haqqında təəssüratlarını bu cür bölüşdü: «Bayramı İranda keçirdik. Bayramdan sonra Bakıya gəldik. Ümumiyyətlə mən Bakıya 21 il bundan əvvəl gəlmişəm. İndi Bakı çox yaxşılaşıb, 21 il bundan əvvəl ilə müqayisə etsək çox dəyişib. əsasən tarixi yerlərlə çox maraqlanırdıq, gəldik gördük... Bizim dilimiz birdir və qədimdə bir yerdə olmuşuq, indi arada sərhəd var... Hələ 2-3 gün də Bakıda qalmağı düşünürük, daha sonra Gəncəyə də gedəcəyik.

Ərdəbildən olan digər soydaşımız Mirmüslüm Musəvi isə ilk dəfə olaraq ailəlikcə Bakıya gəldiyini dedi: «Bayramdan 8 gün sonda bura gəldik. Ərdəbildən bu il çoxlu sayda gələnlər olub».

Hüsyn Əxtəri: «Mən İranın Talış şəhərindən gəlmişəm. 20 il olar ki, Azərbaycana gedib-gəlirəm. Əsasən yazın axır ayı gəlirəm. Bu il isə bir qədər tez gəldim».

İranın İsfahan şəhərindən olan, Rza adlı fars xanımı ilə birgə artıq 5 gündür ki, Bakıda olduğunu bildirdi. Onun sözlərinə görə xanımı Mara ilə Bakıya ilk dəfə olaraq gəliblər və bu şəhəri çox bəyəniblər. Səfər çərçivəsində Şəki və Gəncəni də gəzmək fürsətləri olub.

Tehrandan olan digər soydaşımız Rza da ilk dəfə Bakıya gəldiyini dedi: «Artıq iki gündür ki, Bakıdayam. Bakıya gəzməyə, görməyə gəlmişik. İçərişəhəri gəzmişik. Buranın çox mehriban adamları var». İranlı turistlər əsasən ənənəvi olaraq ailəvi şəkildə səfər edir və əksər hallarda ölkəmiz. turizm şirkətləri ilə deyil, fərdi şəkildə gəlirlər. Hətta öz avtomobil ilə gələnlər də çoxdur. Qalmaq yerinə gəldikdə isə, hər bir turist öz vəsaitinə uyğun olaraq yer seçməyə çalışır. O da məlumdur ki, ölkəmizdə otellərdə olan qiymətlər turistlər üçün münasib deyil. Məsələn bayram günlərində turistlərlə bağlı reportaj edərkən, bir təbrizli ailəsi bildirmişdi ki, oteldə ailəvi qalmaq üçün gecəsinə 150 manat ödəyir. On gün qalmaq üçün təkcə otel üçün 1500 manat vəsait xərcləməlidir. Bu səbəbdən imkanı olanlar oteldə qalmağı, digərləri günlük evlərdə qalmağı seçir. İstənilən halda bu, ölkə iqtisadiyyatına fayda verir. Məsələn Bakı restoranlarından birinin işçisinin dediyinə görə bayramda gələn müştərilərin təxminən 80 faizi iranlı turistlər olub. İçərişəhərdə suvenir, xalça satanlar da turistlərdən razı qaldıqlarını bildirdilər. Samir adlı satının dedikləri: «Hər şeyə, gördüyünüz nə varsa hər şey maraq göstərirlər. Allah bərəkət versin, onlar bizdən razı qalsın. Bizim razı qalıb-qalmamağımız problem deyil. Onlar qonaqdırlar, əsas odur ki, onlar burdan gedən yaxşı ab-hava ilə getsinlər».

Bir məsələni də qeyd edək ki, bu il Novruz bayramında iranlı turistlər daha çox ölkəmizi seçiblər. Halbuki bundan əvvəl aparılan sorğulardan məlum olurdu ki, onlar ilk olaraq Türkiyəni seçirdilər. Bunun da əsas səbəblərdən biri viza rejimiminin olmaması, xidmət səviyyəsi, yaradılan imkanlarla bağlıdır. Türkiyədən sonra sırada Bakı və Gürcüstan gəlirdi. Bəs bu il nə baş verdi? İranlılar niyə daha çox ölkəmizə axın etdilər? Bəzi mütəxəsislərin fikrincə bu, son illərdə Türkiyədə baş verən insidentlərlə bağlıdır. Yəni iranlı turistlər özlərini Azərbaycanda daha təhlükəsiz hiss etdikləri üçün bu ölkəni seçir. Digər iddialar isə Novruz tədbirlərinin Azərbaycanda daha rəngarəng keçirilməsi ilə bağlıdır. Sualımıza cavabı güneylilərin öz dilindən eşitməyə çalışdıq.

Mirmüslüm Müsəvi: «Bizə dedilər ki, Türkiyənin təhlükəsizliyi yoxdur. Ona görə də buranı seçdik. Türkiyədə vəziyyət bir qədər şuluqdur».

Məsud Rəhimpur: «Türkiyədə ki, problemlər oldu, buna görə də daha çox buranı seçdik. Biz azərbaycanlılarla qardaş-bacıyıq. Burda rahat danışıb bir-birimizi anlayırıq».

Hüseyn Əxtərli: «İranda şadlıq yoxdur. Amma burda bayramda konsertlər keçirilir. Gənclərin ürəyi istəyən müğənnilər çıxış edir. Digər səbəb isə Azərbaycan gözəl yerdir, hazırda da böyük inkişaf edir».

Əslən Təbrizdən olan və hazırda Türkiyənin İstanbul şəhərində yaşayan soydaşımız Cəmşid Zareyinin də fikirlərini öyrənməyə çalışdıq. Soydaşımızın dediyinə görə Azərbaycan televiziyalarında Novruzu bayramını təbliğ edən verilişlərin çoxluğu iranlı turistləri ölkəmizə cəlb edir:

«Türkiyəyə gələn iranlı turistlər burdakı xidmətdən çox razıdırlar. Lakin onlar daha çox Azərbaycana gəlmək istəyirlər, çünki bilirlər ki, Novruz bayramı Azərbaycanda çox gözəl keçirilir. Həm də soydaşlarımız Azərbaycanda özlərini qürbətdə hiss etmirlər. Güney Azərbaycanın bütün şəhər və bölgələrində Azərbaycana olan sevgi böyükdür. Lakin qeyd etdiyim kimi viza rejiminə görə əksər hallarda İran turistləri Türkiyəni seçir».

Rəsmilər gələcəkdə viza rejiminin tamamilə ləğv olunacağı ilə bağlı fikirlər səsləndirsə də, hələ ki, bu həyata keçirilmir. Bununla belə viza məsələsi əvvəlkinə nisbətən sadələşdirilib. Hazırda İnternet vasitəsilə 3 gün ərzində elektron viza əldə etmək mümkündür. Hətta «Viza Kart» və «Master Kart»a sahib olan iranlı turistlər konsulluğa müraciət etmədən belə, asanlıqla həmin vizanı əldə edə bilir. Vizanın dəyəri isə təxminən 20 ABŞ dollar təşkil edir.

Novruz bayramında axın edən iranlı turistlər maddi və mənəvi baxımından Azərbaycana nə kimi xeyir verdi?

Millət vəkili Fərəc Quliyevin dedikləri: «Güney Azərbaycanda yaşayan soydaşlarımızın bu və ya digər formada ölkəmizə gəlişi təqdirə layiqdir. Və biz çalışmalıyıq ki, lazımi imkanları daha çox yaradaq ki, onlara bura daha tez-tez gəlsinlər. İstər bayramlarla bağlı, istərsə də digər məsələlər ilə bağlı. Tutaq ki, güneyli soydaşlarımızın burda iş qurması üçün şərait yaratmaq mümkündür yaxud onlara vergilərdə və ya ölkəmizdə müvəqqəti yaşaması, investisiya qoyması üçün güzəştlər etmək olar. Ümumiyyətlə bir məsələni sənədlərlə, tikanlı məftillərlə bölmək olmaz. Əgər o millət ruhən bölünərsə, bölünmüş sayılır. Bu onu göstərir ki, uzun illər çar imperiyası, Sovet hakimiyyəti bu milləti bölməyə çalışsa da insanlar içərilərində o bütövlüyü içərilərində saxlayıblar. Azərbaycan bir evdir, onun Güney və Quzey otağı var, insanlar da gəlib onun bu otağında istirahət edirlər. Onlar başqa ölkələrdə də gedib istirahət edə bilərlər, amma fikrimcə onlar daha çox gəlib öz həmvətənlilərin içərisində olmaq, millətlə qaynayıb-qarışmaq üçün buranı seçiblər».