vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 28 may 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
MÜBHƏM  
Tanrını kim yaradıb ... 21:27 | 26 may 2025 | Bazar ertəsi Məqaləyə 89 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Tanrını kim yaradıb ...

... Yaxud Tanrının qaldıra bilməyəcəyi daş yaratmağa gücü çatarmı?

Elvüsal MƏMMƏDOV

Tanrı nəyisə yoxdan necə yarada bilərmi? Bu suala tez-tez rast gəlirik. Açığı, bunlar məktəbli səviyyəsində suallardır. Kütlə üçün belə suallar məqbul hesab edilə bilər, amma intellektual insanlar problemin bu cür qoyulmasına qarşıdırlar. Ümumiyyətlə, Tanrıyla əlaqəli məsələlərdə belə suallarla gündəmə gəlmək ortabab düşüncə sahiblərinin xoşuna gəlir.

Soruşuruq: bu cür sualları səsləndirənlərin nəzərində Tanrı nədir? Tanrı haqqında primitiv təsəvvür, şübhə yox ki, primitiv, o cümlədən yuxarıdakı sualları doğuracaqdır. Bu baxımdan tanrılıq anlayışının xarakterik əlamətləri, xüsusiyyətləri olmalıdır ki, zehinlərdə düzgün təsəvvür formalaşsın. Quran mətnini – vəhydən yer üzündə qalan bu yeganə hissəni təhlil etdikdə görürük ki, Tanrı anlayışı üç elementdən təşəkkül tapıb:

1. Tanrı transsedentaldır, yəni hər şeyin fövqündədir; fövqəlvarlıqdır; heç nəyə oxşar deyildir; bütün varlıq kateqoriyalarından kənardır; təsəvvür və varlıq aləmindən asılı deyildir. Bu baxımdan yaradılması, harada olmağı, nəyəsə gücünün yetib-yetməməyi ilə əlaqəli suallar yersizdir. Çünki yaradılma, yerləşmə və gücün yetib-yetməməyi kimi suallar fiziki-rasional dünya və varlıq kateqoriyaları üçün doğrudur.

2. Tanrı transsedental olduğu üçün zəruri varlıqdır, yəni var olmağında hansısa səbəbə möhtac deyildir; əks halda, adi varlıq kateqoriyalarından birini təmsil edərdi. Zəruri varlıq olmaq Tanrının mahiyyəti üçün labüd şərtdir (conditio sine qua non).

3. Tanrı fövqəlvarlıq olduğu üçün bütün varlıq kateqoriyalarının səbəbidir, deməli, yaradandır, başlanğıcı, ibtidanı, mənşəni müəyyən edib meydana gətirəndir. Tanrı – yaradan, təbiət və kainat isə yaradılandır, – bu, Tanrıyla təbiət arasındakı fundamental fərqdir. İbtidanı materialistcəsinə öyrənmək məsələni qəlizləşdirir, açıq-aydın izahlardan bizi məhrum buraxır; elm hələ də müəyyən edə bilməyib ki, cansız materiyadan həyat necə yaranıb; replikator necə meydana çıxıb; genetik modellərin yaranmasından qabaq informasiya bir orqanik nəsildən digərinə necə ötürülüb; varlıq formalarını tənzimləyən fizika qanunları varolmanın hansı mərhələsində, hansı replikatorun təsiri ilə meydan çıxıb və s. Bəli, bu gün elm – fizika, kimya, biologiya... mənşənin qaranlıq və sirli labirintində itib-batmışdır. Əgər biz bu gün bu suallara elmə layiq şəkildə cavab tapa bilmiriksə, yəni elm yoxluqdan (ex nihilo) varlığın necə yarandığını heç cürə izah edə bilmirsə, ağıllı insanın yaradılışla bağlı teist müddəanı inkar etməsi kənardan qəribə görünərdi. Biz bir zavod inşa etmək istədikdə əvvəlcə bünövrəni qazırıq, - bu, adi görünə bilər. Amma sonradan tikilənlər intellektual mühəndisdən – dizaynerdən xəbər verir. Bioloji məlumat daşıyıcısı DNT üçün də eyni şeyi söyləmək mümkündür. DNT-nin kortəbii bioloji proseslərin deyil, şüurlu dizaynerin məhsulu olması ideyası daha ağlabatandır, daha məqbuldur.

Bir sözlə, Tanrı yuxarıdakı xüsusiyyətlərə sahib varlıqdır. Əks halda, nisbi, profan, yaradılmış təbiətə (natura naturata) malik varlığı xatırladar, fövqəladəliyini, fövqəltəbiiliyini itirərdi.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)