vaxtlı-vaxtında oxuyun! Cümə, 2 may 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
ELM-TƏHSİL, DİN  
Ayinin sakral bütövlüyü ... 23:20 | 29 aprel 2025 | Çərşənbə axşamı Məqaləyə 29 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ayinin sakral bütövlüyü ...

... Yaxud “Namaz hansı dildə qılınmalıdır?” polemikasına bir baxış

Son günlərdə namazın dili ilə bağlı müzakirələr Azərbaycan ilahiyyat mühitində yenidən diqqəti cəlb edir. Əlbəttə, dominant – kanonik görüş mövcuddur – namaz Quranın dilində, yəni ərəb dilində qlınmalıdır; bu gerçəkliyi real həyatda sarsıtmaq mümkün görünmür; üstəlik, əks iddia isə əsaslandırılmış mövqedən çox qulağa xoş gələn üslubla cəmiyyətə yeridilməyə cəhd olunan təlqini xatırladır. Hər bir halda, bu məsələyə aydınlıq gətirməyi lazımlı hesab edirik.

Əvvəla, namaz islamla əlaqəli məsələdir. İslam məhəllə, şəhər, ölkə deyil, region, ümumdünya dini olmağa iddialıdır və ondördəsrlik tarixi boyu bu iddianı real müstəvidə isbatlamağı bacarmış cahanşümul dinə çevrilmişdir. VII əsrdən bugünədək islam eyniadlı coğrafiya, mədəniyyət və tarix yaradıb. İslam mədəniyyəti, hər şeydən əvvəl, dini mədəniyyətdir, Xristian, hind... mədəniyyətlərində olduğu kimi... Bu mədəniyyətin vahid dini, eyni ibadət sistemi, müştərək ibadət dili olub. Ümumiyyətlə, hansısa mədəniyyət, din ümumdünya hadisəsinə çevrilmək istəyirsə, onun ümumi ərazisi (arealı), ümumi dili, ümumi mahiyyəti və forması olmalıdır. Ümumdünya mədəniyyətinin, ümumdünya dininin öz dili olmalıdır; tarixən olmuşdur, indi də vardır, gələcəkdə də olacaq. İslam ümumdünya dini olduğu üçün (islamı hansısa xalqın dini olduğunu iddia edənlər onun başlıca kitabına – Qurana nəzər salsınlar! Onlar orada traybalizmin deyil, missiyanın universal və cahanşümul olduğuna dair aydın göstərişlərin şahidi olacaqlar!) onun vahid ibadət sistemi və bu sistemin öz dili vardır – ərəb dili!

Deməli, ibadət dilinin vahid olmağı islamın ümumdünya dini olmaq kimi istəyindən, iddiasından irəli gəlir. İslam özünü cahanşümul din kimi aparır, odur ki fərqli dillərdə danışmasına baxmayaraq, insanları birləşdirən müştərək ibadət formaları, vahid ibadət dili təqdim edir. Eyni dildə ibadət etmək müsəlmanlarda eyni dinə, eyni ümmətə mənsubluq şüurunu möhkəmləndirir.

İslam hansısa ölkənin, xalqın dini deyil ki, özünü qəbilə, yaxud milli din kimi aparsın, hər xalqa aid dilləri ibadətdə əsas götürsün.

İkincisi, namaz islamda ən ali ibadət aktı olub bu dinin başlıca ibadət ayini hesab olunur. Bu baxımdan, Peyğəmbər namazı “dinin sütunu” adlandırıb. Budaqlar üçün gövdə, vestibül üçün dayaq-sütun nədirsə, islam üçün namaz da odur.  İngilis dilinə bu sözü səhvən “prayer” (dua, xahiş) kimi tərcümə edirlər. Prayer istənilən formada, verbal, yaxud qeyri-verbal icra olunan sitayişi, ibadət aktını bildirir. Amma namaz müəyyən vaxtlarda, müəyyən formada, müəyyən şərtlər daxilində icra olunan ibadət aktıdır. Bu baxımdan namaz konkret vaxtı, forması, dili olan ayindir. Bu məntiqə uyğun olaraq, namaz həmişə ərəb dilində qılınıb, başqa dildə qılınarsa, ayin statusunu itirərək adi duaya, diləyə çevriləcək. 

Namazın ayrı-ayrı dillərdə qılınmasına çağırış edənlər onunla duanın fərqini başa düşə bilmir, ya da düşmək istəmirlər. Dinin din olması, fərdə təsir göstərməsi üçün institutlaşmış ibadət formalarına – ayinlərə ehtiyac vardır. Bəli, biz duanı istədiyimiz vaxt, istədiyimiz formada, öz dilimizdə edirik. Amma duanın konkret vaxtı, forması, dili olmadığı üçün iltizam yükləmə xassəsindən uzaqdır. Dua edən şəxslər əsasən spontan formada, “iş düşəndə”, dəyişkən müddətə dua edirlər. Konkret forma, sistemlilik, konkret vaxt, say olmadığı üçün spontan dualar Allahla bəndə arasında davamlı, mütəmadi, sistemli, dövri rabitəni təmin edə bilmir. Bədənimizin sistemli, vaxtı-vaxtında qidalanmaya ehtiyacı olduğu kimi ruhumuzun da ibadət reqlamentinə, konkret ibadət formasına (dil, hərəkətlər...) ehtiyacı vardır. Ayinlər, o cümlədən namaz insan ruhunun onu insan oğluna üfürən Yaradıcı ilə sistemli rabitəsini təmin edir.

Nəhayət, namaz oxunan əsas dualarına görə ayələrdən təşkil edilib. Oxuduğumuz mətnin Quran hesab edilməsi üçün o, forma və məzmunca Allahdan gələn sözü ifadə etməlidir. Tərcümə əsla Quran deyildir; tərcümə zamanı tərcüməçinin bütün Quran leksikonunun orijinalda olduğu kimi ekvivalentləşdirməsi mümkün deyildir. Əgər bir dinə aid ayində o dinin müqəddəs kitabının mətni dəqiq şəkildə ifadə olunmursa, həmin ayinin sakral bütövlüyü pozulur; üstəlik, fərqli tərcümə variantlarının eyni dildə danışan dindarlarda ibadət sözlərinin fərqlənməsi fonunda çaşqınlıq yaratması istisna edilmir.

Sözün qısası, namazın eyni dildə qılınması islamın cahanşümulluğundan irəli gəlir, institutlaşmış ibadət aktını xarakterizə edir, ilahi kəlamın orijinallığına göstərilən etinanı bildirir, nəhayət, Müsəlman ümmətinin birliyini simvolizə edir.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)