vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
RƏY, REPLİKA  
11:55 | 13 fevral 2018 | Çərşənbə axşamı Məqaləyə 31098 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Boykotu boykot edənlərin qazancı

Yaxud 1998-ci ildən başlayan seriyalın ssenarisi...

Xalid KAZIMLI

MÖVZU İLƏ ƏLAQƏLİ

Sonu 8-lə bitən illərdə müxalifətin seçkini boykot etməsi artıq ənənə şəklini alıb. Bu ilk dəfə 1998-ci ildə baş verib, ikinci dəfə 2008-də olub, bir də indi, 2018-də olur.

Təbii ki, müxalifət yekcins təşkilat, vahid orqanizm olmadığı üçün boykot heç vaxt total səciyyə daşımayıb.

Məsələn, 1998-ci ildə ana müxalifət partiyalarının (Müsavat və AXCP) birləşdiyi Demokratik Konqres seçkini boykot qərarı versə də, AMİP bu boykot qərarına uymadı, seçkiyə getdi və gözlənilməz bir şəkildə xeyli səs topladı.

2008-də aparıcı müxalifət partiyaları seçkiyə qatılmasalar da, hər halda müxalifət adıyla seçkidə iştirak edənlər oldu.

Bu il artıq Müsavat Partiyası və AXCP seçkini boykot taktikası seçib, amma digər partiyalar hər halda seçkidə iştirak edəcəklər.

Bu cür ölkələrdə total boykot taktikası da işə yaramır. Mütləq kimlərsə axına qarşı üzür və boykotun özünü boykot edir.

Hələ 27 il öncəyə ekskurs edərək, Ayaz Mütəllibovun ümumxalq səsverməsi ilə prezident seçildiyi dönəmi xatırlayaq.

O zaman ölkədə cəmi iki güclü siyasi təşkilat vardı: kompartiya və AXC. Mərhum Elçibəyin rəhbərlik etdiyi AXC o dövrün konyukturasını, rus hərbi tırtılının basqısını, demokratik seçki mühitinin olmamasını əsas gətirərək seçkidə iştirakdan imtina etdi.

Əvəzində yenicə yaranmış ASDP-nin sədri Zərdüşt Əlizadə seçkiyə qatıldı, televiziyada etdiyi silsilə çıxışlarla özünə xeyli populyarlıq, müxalifətin boykotunu boykot etdiyinə görə isə qardaşı Araz Əlizadəyə isə deputat mandatı qazandı.

Amma 1998-ci il boykotunu pozan AMİP seçkidən o qədər uduşla çıxmadı. Düzdür, partiya seçkidə ciddi uğur qazanmışdı, xalqın böyük bir hissəsinin səsini almışdı, amma buna qədər güclü, təminatlı partiya olan AMİP-in çöküşü başlandı.

1998-ci ilin payızına qədər loyal müxalifət qüvvəsi sayılan partiya seçkidə göstərdiyi performansla artıq ana müxalifət partiyalarından çox da fərqlənmədiyini ortaya qoydu və iqtidar komandasından eyni boz sifəti gördü.

2008-ci il seçkisinin boykotçuları heç nə qazanmasa da, seçkidə iştirak edənlərin müəyyən qazancları oldu. Onların arasında deputat seçilənlər, özlərini tanıdanlar, ana müxalifət partiyaları ilə birlikdə olmadıqlarını göstərərək fərqli münasibət əldə edənlər vardı.

Bu il də, belə görünür ki, tanınmış siyasətçilər, xalq hərəkatının liderləri seçkiyə qatılmasalar da, onların yerini yeni, şöhrətə və təcrübəyə ehtiyacı olan gənc qüvvələr alacaq. Artıq bir neçəsi namizədliyini irəli sürüb.

Bəs bu dəfəki boykot umulan nəticəni verəcəkmi?

Mümkün görünmür. Özünü könüllü şəkildə ölkə tarixinin ən mühüm prosesindən kənarda qoymaqla siyasi uğur qazanmaq mümkün deyil.

Eyni fikri seçkidə iştirakla bağlı da söyləmək olar. Yəni elə çıxmasın ki, hansısa partiya, yaxud tanınmış siyasətçi seçkiyə qatılmaqla dərhal siyasi uğur qazanacaqdı.

Ölkənin reallığı elədir ki, hər iki halda uduş yoxdur, hər iki riyazi tənliyin həlli boş çoxluqla bitəcək.

Sadəcə, onun üzərində düşünmək olar ki, bir partiya seçkidə iştirak edib uduzmaqla öz mövcudluğunu daha yaxşı qoruyub saxlaya bilər, yoxsa seçkiyə qatılmamaqla.

Təcrübə göstərir ki, birinci halda güclü və hökmran rəqib tərəfindən iddialı partiyanın sarsıdılmasına yönəlmiş addımlar şiddətlənir və partiya istər-istəməz itkilər verir, daha da zəifləyir.

İkinci halda isə partiya sadəcə başını salamat saxlayır, amma ətrafına yeni qüvvələr cəlb edə, özünü yeni təmərküzləşmə nöqtəsi kimi göstərə bilmir.

Bundan başqa, prezident seçkisi kimi böyük və mühüm bir siyasi prosesdə iştirak etmək üçün böyük maliyyə resursları lazımdır. Bu isə ölkədə fəaliyyət göstərən heç bir siyasi qüvvədə yoxdur. Hər kəs bilir ki, üzvlük haqlarından və xırda-para ianələrdən əmələ gələn büdcə seçkidə iştirak etmək üçün yetərli deyil.

Azərbaycanın hazırkı siyasi sisteminə dair təşbeh işlətmək vacibdirsə, bunu iki variantda etmək olar: iqtidarınkı təkqapıya oyundur, bütün qolları özü eyni qapıya vuracaq. Müxalifətin durumu  isə beli üstünə çevrilmiş tısbağanın vəziyyətinə bənzəyir, tam məhv etməyiblər, amma heç bir prosesə qarışa bilmir.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)