vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
TÜRK DÜNYASI  
10:42 | 4 iyun 2013 | Çərşənbə axşamı Məqaləyə 1990 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Türkiyə qaynayan qazana bənzəyir”

“AKP-nin 49,5 faizlik elektoratı hazırda 30-32 faizə düşüb”

NEMƏT

Türkiyədə beş gündür davam edən etirazlar bitmək bilmir. Artıq İstanbulla yanaşı İzmir, Ankara, Bursa və digər şəhərlərdə də aksiyalar davam edir. Qardaş ölkəni bürüyən etiraz mitinqlərinə səbəb İstanbulun Taksim meydanında yerləşən Gəzi Parkının sökülərək yerində Ticarət Mərkəzinin tikilməsi və ərazidə 600-ə yaxın ağacın kəsilməsi, habelə Atatürk Mədəniyyət Mərkəzini söküb yerində Opera Teatrının tikilməsi olub.

Qeyd edək ki, mayın 25-dən başlayan aksiyalar sönük keçsə də, ayın 29-da kütləviləşib. İstanbulun Taksim meydanı, Bakirköy, Beşiktaş  və  Fateh rayonlarında aksiyalar başlayıb. İlk günlər hüquq-mühafizə orqanları aksiyaya sərt müdaxilə edib. Bu isə insanları bir qədər də radikallaşdırıb və aksiyaçıların sayı durmadan artıb. İyunun 1-də isə hökumət geri çəkilib və polis mitinqlərin keçirildiyi meydanları tərk edib. Bununla belə baş nazir Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, hökumət aldığı qərarları yerinə yetirəcək. Bu isə etirazçıları bir qədər də hiddətləndirib. CHP, MHP, BDP kimi partiyalar aksiyaçılara dəstək verir və insanlara qarşı aşırı güc tətbiqini pisləyir.

Minlərlə insan yaralanıb, bir o qədər də etirazçı həbs edilib

Bu günə qədər davam edən aksiyalarda çoxlu sayda həbs edilən və yaralanan var. Hətta iyunun 1-də polisin Taksim meydanında aksiyanı dağıdarkən bir nəfərin öldüyü bildirilir. Təkcə İstanbulda mindən çox aksiyaçı saxlanılıb, polislə qarşıdurma zamanı yaralananların sayı isə minə yaxındır. Ankarada isə 450 nəfər saxlanılıb. Burada da qarşıdurma zamanı yüzə yaxın şəxs xəsarət alıb. İzmirdə isə aksiya ara vermir və polis aksiyanı dağıtmaq üçün neçə gündür ayaqdadır.

Ərdoğanın açıqlamaları, polisin bibər qazı və Taksim meydanının ləğvi, etirazları sərhədsiz edir

İnsanların etirazına səbəb olan birinci məqam Atatürk Kültür Mərkəzinin və Gəzi Parkının dağıdılıb yerində fərqli obyektlərin tikilməsidirsə, ikinci narahatlıq Taksim meydanını siyasi tədbirlərin üzünə bağlamaqdır. Hökumətin iki ay əvvəl qəbul etdiyi qərara əsasən Taksim meydanında siyasi tədbirlər keçirmək qadağandır. Adıçəkilən obyektlərin sökülərək yerinə yeni və daha iri obyektlərin tikilməsi faktiki olaraq Taksim meydanının ləğv edilməsi mənasını verir.
İkinci əsas narazılıq isə polisin aksiya iştirakçılarına bibər və portağal qazı tətbiq etməsidir. Hətta bir çox evlərə, Taksim metrostansiyasının içinə belə bibər qazı atılıb. Amma bütün bunlara baxmayaraq insanlar aksiyanı davam etdirir. Artıq aksiya siyasiləşir və Ərdoğanın istefası tələb edilir.
Bir qrup hüquqşünasın şikayətindən sonra İstanbul Məhkəməsinin Gəzi Parkının və Atatürk Kültür Mərkəzinin sökülməməsinə dair qərar verməsindən sonra da, baş nazirin “aldığımız qərarlar yerinə yetiriləcək” deməsi narazılığı artıran “adrenalin” hesab oluna bilər.   

Baş verənlər ümumxalq etirazlarıdır

Qardaş ölkədə baş verən prosesləri sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli şərh edib.  O deyib ki, Türkiyədə baş verənlər ümumxalq etirazı, hədəf isə iqtidardır. Onun sözlərinə görə, əslində AKP iqtidarından narazılıq neçə müddət idi yığılırdı və indi  özünü büruzə verir: “Bu gün Türkiyəni qaynayan qazana bənzətmək olar. Hələlik qazanın qapağının bir hissəsi qalxıb. Yəni, ölkənin yalnız müəyyən hissələrində etirazlar sinxron şəkildə özünü büruzə verir. Əslində Gəzi Parkının sökülüb yerinə ticarət mərkəzinin tikilməsi qəzəbdən alışıb yanan insanlar üçün səbəb rolunu oynayıb. Ümumxalq etirazlarının əsas səbəbləri ölkədə illərdən bəri yığılıb qalan və bilavasitə AKP siyasətinin nəticəsində yaranan problemlərdir”.

Dünyəviliyə qarşı mübarizə və şəriətin ayrı-ayrı elementləri Türkiyə həyatında

Politoloq hesab edir ki, insanlarda narazılıq yaradan səbəblər az deyil: “Bu səbəbləri sıralamaq da mümkündür. Birincisi, ölkədə dini oriyentasiyanın daha da güclənməsidir. Yəni, din əvvəllər məscidlərin simasında özünü büruzə verirdisə, indi artıq ictimai yerlərə ayaq açır. Üstəlik, dinin diktəsi ilə hökumət qanunlar qəbul edir, Atatürk dövrü təftiş olunur, idarəçilik sistemini dəyişdirməyə çalışırlar. Ərdoğan açıq şəkildə bəyan edir ki, milli içkimiz ayrandır və  vaxtı ilə kimlərsə milli içki kimi pivəni qeyd edənlər yanlışlığa yol veriblər. Nəzərə alın ki, milli içkimiz pivədir deyən şəxs Mustafa Kamal Atatürk olub. İstanbulda, Ankarada, İzmirdə və başqa şəhərlərdə AKP-nin bələdiyyələri mövcuddursa, o ərazilərdə içki verilməyən iaşə obyektərinin sayı çoxdur. Son günlərdə isə içkinin bəlli bir yerlərdə satılması haqda qərar qəbul edilib. Eləcə də, ölkənin ali ziyafət tədbirlərinə qadınların baş örtüyü ilə qatılması, televiziya ekranlarında dini geyimlərin manikenlərin ifasında reklam edilməsi kimi hallar da var. Bütün bunlar göstərir ki, ölkədə dünyəvilik prinsipinə qarşı real mübarizə gedir və tədricən şəriətin ayrı-ayrı elementləri Türkiyə həyatına daxil olur. Son zamanlar baş nazirin kürdlərlə bağlı siyasəti də əhali arasında ciddi etiraz doğurub. Yəni, qəzəb dalğasının geniş yayılmasının bir səbəbi də Abdulla Öcalan, PKK ilə bağlı hökumətin apardığı gizli danışıqlardır. Ən qəribəsi odur ki, kürd partiyası olan BDP-nin bu məxfi danışıqlardan məlumatı olsa da, CHP və MHP kimi ana müxalifət partiyalarının bundan xəbəri yoxdur”.

Hadisələrin xaricdən hazırlanması  iddiası AKP-nin ideoloji uydurmasıdır

Qabil Hüseynli Türkiyənin regionda əsas oyunçuya çevrildiyi, neft və qaz mərkəzi statusuna yiyələndiyi və nəhayət, Ərdoğanın ABŞ səfərində hansısa məsələlərdə razılığa gəlməməsindən sonra Türkiyədə belə ssenarilər həyata keçirildiyi, məqsədin  Ərdoğanı gözdən salmaq, Türkiyəni zəiflətmək olduğu haqda iddiaları da əsassız hesab edib: “Bu iddiaların çoxu AKP-nin ideoloji uydurmasıdır. Türkiyə hansı enerji dəhlizinə çevrilib? Yalnız Azərbaycanla bağlanan qaz müqaviləsi və Bakı-Tbilisi-Ceyhan boru xətti var. Həm də Azərbaycanla qaz müqaviləsinin imzalanmasına ciddi mane olmaq istəyən Rusiya var. Rusiyanın isə Türkiyədə belə qarmaqarışıq yaratmasına mən zərrə qədər də inanmıram. Məsələn, İzmir elə bir şəhərdir ki, orada dünyəvi dövlətçilik və müasirlik adət-ənənələri, Avropa mədəniyyəti oturuşub. Əgər burada da böyük aksiyalar keçirilirsə, Ərdoğana qarşı çıxılırsa, orada kiminsə barmağının olduğunu qətiyyətlə inkar etmək lazım gəlir. Xarici faktor Türkiyəni belə ayağa qaldırmaq imkanına malik olsaydı, inanın ki, bunu çoxdan edərdilər. Bu məsələdə AKP iqtidarı günahını etiraf etmək istəmir. Onlar ordunu sıradan çıxarıblar. Başqa sözlə, ölkə həyatında türk ordusunun nüfuzunu məhv ediblər. Orduya ayrılan vəsaitlərin azaldılmasını nəzərə alanda belə məlum olur ki, Türkiyənin özü kimlərsə tərəfindən qəsdlə zəiflədilir, dünyəvi siyasi rejimin dayaqları sarsıdılaraq sıradan çıxarılır. Beləcə təkbaşına hökmranlıq üçün şərait yaradılır”.

Türkiyədə qiyam və üsyanlarla hakimiyyətə gəlmək təcrübəsi yoxdur

Müsahibimiz hesab edir ki, Türkiyədə baş verən bu proseslər müəyyən nəticələrə gətirib çıxaracaq. O, meydanlarda baş nazir Ərdoğanın istefa şüarlarının səsləndirilməsini artıq aksiyanın nəticəsi hesab edir: “Proseslər yeni başlayıb və şüarlar sırasında Ərdoğanın istefası da səsləndirilir. Amma bütün partiyalar bu prosesə qatılmır. Milliyyətçi Hərəkat Partiyası yaxasını bu proseslərdən kənara çəkir. Ortada təkcə Cümhuriyyət Xalq Partiyası var. Hələ siyasi proseslərin qızışması dövrü yenicə başlayır. Siyasi partiyalar siyasi proseslərə müdaxilə etməsə ortaya fəal gənclik çıxacaq. Hazırda gənclər və ayrı-ayrı həmkarlar ittifaqları kifayət qədər fəaldır. Siyasi partiyalar kənarda dursalar qeyri-siyasi təşkilatlanma formasında iş gedəcək və siyasi partiyalar öz elektoratlarının bir hissəsindən məhrum olacaq. Amma son 5 gündə baş verənlər göstərir ki, ölkədə siyasi rejimə qarşı nifrət güclüdür. Sadəcə, siyasi partiyalar və onların yerli təşkilatları əhali ilə iş aparmır. Türkiyədə isə qiyam və üsyanlarla hakimiyyətə gəlmək təcrübəsi yoxdur.  Hamı bu narazılıqları toplayaraq seçkilərə daşımaq istəyir”.

AKP-nin 49,5 faizlik elektoratı hazırda 30-32 faizə düşüb

Qabil Hüseynli deyir ki, baş verən son olaylar Ərdoğan fenomenini ciddi surətdə zəiflədəcək: “Ərdoğan və AKP artıq cəmiyyətdə nüfuzdan düşüb. Ərdoğanın bir üstünlüyü ondadır ki, islami dəyərlərə böyük əhəmiyyət verir. Türk cəmiyyətində də islami dəyərlər hegemonluq edir. Ərdoğan hakimiyyətə gəldikdən sonra islamlaşma yolunda böyük işlər həyata keçirib. Yəni, cəmiyyətdə bir növ cəmaətləşmə prosesinə rəvac verdi. Vaxtı ilə hakimiyyətlər tərəfindən qadağan olunan fətullahçılar, zamançılar və digər təriqətlər, cəmaətlər baş nazirin qayğısı və himayəsi sayəsində siyasi həyatda böyük rol oynamağa başlayıb. Onlar həm də, zəngin insanlara çevriliblər. Çünki dövlət sifarişlərinin çoxu tenderdə məhz belə dini yönümlü şirkətlərə verilir. Beləliklə, cəmiyyətdə həm dini yönümlü, həm də maliyyə baxımından güclü olan bir elektoral baza formalaşıb. Düzdür, bu baza ölkədə əhalinin yarıdan çoxunu təmsil etmir. AKP sözün həqiqi mənasında regionçuluğu əldən buraxmır, onun cəmaətçiliyi, təriqətçiliyi, məzhəbçiliyi müxtəlif adlar altında pərdələyib ictimai şüura yeridə bilir. Bu sarıdan da özünə kifayət qədər tərəfdar toplaya bilib. Amma son hadisələr sanki cəmiyyətdə sınma nöqtəsi idi. Buna qədər Ərdoğana fenomen kimi baxırdılar. İndi cəmiyyət həm Ərdoğan, həm də AKP fenomenini anlamağa başlayıblar. AKP-nin yeritdiyi siyasətin haraya gedib çıxacağı, indiyə qədər yeridilən siyasətin necə böyük ziddiyyətlər yaratdığını görənlərin və anlayanların sayı sürətlə artır. Son parlament seçkilərində 50 faizə yaxın səs toplayan AKP-nin reytinqi hazırda 30-32 faiz civarındadır. Bu rəqəmi yerli sosioloji sorğu şirkətləri keçirdikləri rəy sorğusunun nəticəsi olaraq deyirlər”.