vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
CƏMİYYƏT  
13:38 | 26 iyul 2017 | Çərşənbə Məqaləyə 2633 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

110 milyard dollar hara, 10 manat hara?

Hacı İbrahim Nehrəmlinin təzə biznesi

F.MƏMMƏDOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Hacı İbrahim Nehrəmli kimi tanınan məşhur və qalmaqallı iş adamı İbrahim İbrahimov təzə şirkət təsis edib. Daha doğrusu şirkət təzə qeydiyyatdan keçib, ancaq adı bir qədər köhnədir, yaxud Hacı İbrahim «ən yaxşı təzə elə yaxşıca unudulmuş köhnədir» prinsipindən çıxış edərək təzə şirkətinin adını köhnəsinə uyğunlaşdırıb.

Belə ki, Vergilər Nazirliyi «Avesta Group of Companies» MMC adlı şirkəti dövlət qeydiyyata alıb. Bu barədə «Vergilər» qəzetinin xüsusi buraxılışında yer alan elanda göstərilir. Şirkət bu l mayın 12-də qeydiyyatdan keçib, təsisçsi İbrahim İbrahimovdur, nizamnamə kapitalı 10 manatdır.

Hacı İbrahimin adında zərdüştiliyin, yəni atəşpərəstliyin müqəddəs kitabının adının həkk olunduğu şirkəti deyəsən təzə deyil axı? Onun «Avesta Concern» adlı şirkəti hələ ötən əsrin 90-cı illərinin ortalarında təsis olunmuşdu. Konsern deyəndə ağla ilk növbədə dünyanın iri sənayeçilərinin çoxprofilli nəhəngləri gəlir, lakin bizim hacının və onun «Avesta» konserninin fəaliyyəti ancaq tikinti ilə məhdudlaşırdı, tərkibinə tikinti ilə məşğul olan bir neçə MMC-lər daxil idi.

«Avesta» konserni bəlkə də o qədər məşhurlaşmazdı, əgər Hacı İbrahimin fantastik «Xəzər adaları» layihəsi olmasaydı. Bu fantastik layihənin geniş reklamı sayəsində bir vaxtlar Hacı İbrahim özü və konserni az qala dünya ulduzuna çevrilmişdi. Nehrəmli İbrahim Xəzərdə süni adalar yaradıb onların üzərində 1 milyon adamın yaşadığı şəhər salmağı qarşısına məqsəd qoymuşdu. Və onu da qarşıya məqsəd qoymuşdu ki, bu adalardan birinin üzərində hündürlüyü 1 kilometrdən də çox olan «Azərbaycan Tower»i tikib onun penthausunda, yəni buludlardan da yuxarıda ömrünün qalan günlərini keçirəcək. Cəmi layihəyə xərclənəcək pullar isə doğrudan da fantastik idi, 110-130 milyard dollarlıq investisiyadan söhbət gedirdi.

Amma sonradan bizim Hacının və «Xəzər adaları»nın başına nələr gəldiyi hamıya məlumdur. Mister İbrahimov bu layihəyə doğrudan da böyük pullar xərclədi, hətta ilk süni adanın üzərində yarımçıq da olsa bir neçə bina tikdi. Bu işlərə onun 1.2 milyard dollardan çox xərclədiyi məlumdur.

Axırda isə bəlli oldu ki, Hacı İbrahim Beynəlxalq Banka yüz milyonlarla dollar borcludur, bankın pullarını batıranlardan da biri odur və bu ekstravaqant iş adamı Xəzərdəki süni adanın üzərində ucaltmağı planlaşdırdığı göydələnin penthausuna qalxmaq əvəzinə qaytarılmayan kreditlərə görə «Bandotdel»in zirzəmisinə enməli oldu. Orada Hacını xeyli incitdilər, amma pulları qaytarmaq mümkün oldumu? Axı pullar çoxdan Xəzərin dibindəydi...

«Bandotdel» müstəntiqlərinin apardıqları «profilaktik söhbətlər»dən sonra Hacı dəbdəbəli maşınlarını və mülklərini satıb borclarını qismən də olsa ödəməyə çalışdı, ancaq Bakıda tikinti bumunun səngidiyi bir vaxtda onun biznesi də geriləmişdi. Borclar isə altından çıxılacaq həddə deyildi.

İndi isə İbrahim İbrahimov biznesini deyəsən yenidən təşkil etməyə çalışır. Çünki ötən ilin sentyabrında ona məxsus «Avesta Construction» MMC «Avesta Konserni» MMC-yə qoşulduğu üçün ləğv edildi. İbrahimovun «L.M.T.» MMC adlı şirkəti isə «Avesta Konserni» MMC-yə daxil olan «Həsən 96» MMC-yə qoşulduğu üçün ikinci şirkət yenidən təşkil olundu. İndi isə İbrahimov «Avesta Group of Companies» MMC-ni təsis edib. Axı adında «Avesta» olan bir neçə şirkət Hacının nəyinə lazımdır? Özü də 10 manat nizamnamə kapitalı ilə...