vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
QƏZA, FACİƏ  
20:36 | 8 avqust 2017 | Çərşənbə axşamı Məqaləyə 2667 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Oğlumu geri qaytarsınlar»

Qəzada ölən sürücünün anası: «Mənə Əli Həsənovun heç nəyi lazım deyil...»

MÖVZU İLƏ ƏLAQƏLİ

Avqustun 3-də paytaxtın Heydər Əliyev prospektində ağır qəza törətmiş Baş nazirin müavini, «Qaçqınkom»un sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevə məxsus «Mercedes Gelandewagen» markalı avtomobilin həmin qəzada həlak olan sürücüsü Mehdi Əliyevin anası Nazilə Əliyeva ölkə.az-a müsahibə verib. Həmin müsahibəni təqdim edirik:


«Hadisə baş verən iki gün ərzində yazıq övladımı günahkar bilirdim»


– Hadisədən necə xəbər tutdunuz?

– Gəlinim xəbər verdi. İnternetdə yazılanda ki, qəzaya uğrayan avtomobili Mehdi Əliyev idarə edirmiş, ölümü görüb qayıtdım. Ancaq əmin idim ki, Mehdi heç zaman maşını elə sürətlə sürməz. Oğlum harın uşaq deyildi, o zəhmətlə böyümüşdü, ali təhsilli idi, hərbi xidmətdə olmuşdu. Oğlumu tanıyan adamlar onun qanacağından bəhs edərdilər.

Digər tərəfdən isə maşın oğlumun deyildi. O heç zaman əmanət edilən maşını sürətlə sürməzdi. Hadisə baş verən iki gün ərzində yazıq övladımı günahkar bilirdim. Onu, özümü qınayıb deyirdim ki, axı nə üçün bərk sürmüsən? Utandığımdan insanların üzünə baxa bilmirdim. Ancaq iki gün sonra məlum oldu ki, sükan arxasında oturan adam oğlum olmayıb, bir az ürəyim toxtadı. Düşündüm ki, mənim balam təqsirkar deyil.


«Nə Əli Həsənov, nə də həyat yoldaşı əlaqə saxlayıb bizə başsağlığı verməyib»


– Əli Həsənov və ailəsindən kimlər sizə başsağlığı verib?

– Doğrudur, hadisə baş verən günün səhərisi Nail Allahverdiyevin atası və ya qohumları maraqlanmışdı. Oğlumun cənazə işlərinə də köməklik göstərirlər. Ancaq bütün bunlar mənə təsəlli verə bilməz. Mən anayam və sağ-salamat igid oğlumu itirmişəm. Cəmi bir oğlum var idi, ailəmizi o dolandırırdı. Mən oğlumu istəyirəm. Nə Əli Həsənov, nə də həyat yoldaşı əlaqə saxlayıb bizə başsağlığı verməyib. Çox istəyirdim ki, Nailin anası gəlib mənimlə görüşsün. Çox istəyirdim ki, anası gəlib görsün mən nə əzablar çəkirəm. Mənə onların heç nəyi lazım deyil, oğlumu geri qaytarsınlar. Mənə Əli Həsənovun heç nəyi lazım deyil, Nail Allahverdiyevə hansı cəzanın verilməsi mənim üçün əhəmiyyətli deyil, mənə oğlum lazımdır. Lap istəyirlər, sabah Naili azadlığa buraxsınlar, bu məni zərrə qədər də maraqlandırmır. Mən oğlumu istəyirəm. Guya sabah onu azadlığa buraxmayacaqlar? Lap indi açıb buraxsınlar, amma mənim oğlumu qaytarsınlar. Onların mənə heç nəyi lazım deyil. Onun körpə balası yetim qalıb. Bir oğlum var idi, onu min zəhmətlə atasız, müəllimə maaşımla böyütmüşəm. Ailədə bizə baxan yeganə adam idi.


«Mehdi 3 yaşlı körpə oğlunu yetim qoydu»


– Oğlunuz Nail Allahverdiyevlə necə tanış olmuşdu?

– Oğlum onların yanında sürücü kimi işə düzəlmişdi. Oğlumun birdən-birə varlı bir ailə ilə tanışlığı da sırf işlə bağlı olub. Daha harın həyat tərzi yaşamaq üçün getməmişdi. Oğlum hərdən mənimlə söhbətində də deyirdi ki, mən ora sırf işə üçün getmişəm, ailəmizi dolandırmaq lazımdır. Təqribən bir ilə yaxın idi ki, onların yanında sürücü kimi işə düzəlmişdi.

Oğlum ağıllı, qanacaqlı övlad idi. Rəhmətlik haqqında heç kəs bir kəlmə də pis söz deyə bilməz. Bütün məhəllə onun qanacağına bələd idi. Oğlumun yoxluğuna hələ də inana bilmirəm. Mehdi 3 yaşlı körpə oğlunu yetim qoydu. Heç körpə balasını doyunca görə bilmədi. Onun bütün amalı ailəsi və körpə balası ilə bağlı idi. Oğlum ancaq bunun üçün yaşayırdı. Özü əziyyətlə böyümüşdü deyə, istəyirdi ki, balası əziyyət çəkməsin. Oğlum atasız böyümüşdü, indi onun da balası atasız böyüyəcək. Atasını itirəndə Mehdinin 15 yaşı vardı. Həyat yoldaşım xəstə olduğu üçün onun ölümünü birtəhər qəbul etmişdik. Ancaq sağ-sağlam oğlumun ölümünü qəbul edə bilmərəm. Mən Cəmşid Naxçıvanski adına Hərbi Liseydə dərs deyirəm, aldığım maaş çox azdır. Oğlum işləyib qazanıb bizi dolandırırdı. Evin kişisi o idi. Ona görə də özünü oda-gözə vururdu. Evə qazanc gətirmək üçün bütün zəhmətə qatlaşırdı.


«Astan Şahverdiyev yalan danışdığına görə utanıb yerə girsin!»


– Hadisə törədilən vaxtı deputat Astan Şahverdiyev oğlunuzu təqsirli bilərək, sükan arxasında rəhmətlik Mehdi Əliyevin olduğunu iddia etmişdi. Bütün bunlardan xəbəriniz var idimi?

– Gərək o deputat yalan danışdığına görə utanıb yerə girsin! Heç nədən utanmırsa, heç olmasa yalan danışmasın. Yalan danışmaqdan qorxmursa, Allahın qəzəbindən qorxsun. Mən o iki gündə nə əzablar çəkmişəm, bunu Allah bilir.