Elza Seyidcahana «dur!» deyənlər tapıldı
«Onu ciddiyə almaq «şeir», «söz» anlayışına qarşı təhqirdir»
Günay RƏSULQIZI
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Seyidcahanın poetik cərəyanı
Yaxud Lorkanın, Nazım Hikmətin, Mayakovskinin, Əli Kərimin gorunu çatladanlar
-
Bakıda daha bir jurnalist qarət olundu
Pul və qızıl aparan oğrular başqa bahalı əşyalara toxunmayıb
-
Sosial şəbəkələrdəki müzakirələr göstərir ki, bəstəkar-müğənni Elza Seyidcahanın özünü şairə kimi təqdim etməsini və yazdığı şeirləri ictimaiyyət birmənalı qarşılamır. Bu ətrafda müxtəlif fikirlər mövcuddur. Buna baxmayaraq əməkdar artist mətbuatda dəfələrlə onun əleyhinə çıxanların acığına şeir yazmaqda davam edəcəyini bildirib.
Şairəlik iddiası olan bəstəkar-müğənninin «Tikim sizin ağzınızı qırxayaq kimi» adlı ən son yazdığı şeir xüsusilə lağlağı obyekti olub.
Maraqlıdır, gənc yazarlar, şairlər bu şeir haqqında nə düşünürlər?
Modern.az saytı bu sualla bir neçə gəncə müraciət edib.
«Elza nəinki ciddi şeir yaza, o, nə ciddi musiqi ifa edə, nə də bəstələyə bilər...»
Gənc yazar Elmin Nuri bildirib ki, qeyd edilən şeirin müəllifini ciddiyə almaq «şeir», «söz» anlayışına qarşı təhqirdir:
«Birinci problem Elza Seyidcahanın cızma-qaralarının qarşısında «şeir» sözünün yazılmasıdır. İnanın ki, hər şey mətbuatın, xüsusən də xəbər portallarının və sosial şəbəkə istifadəçilərinin buraxdığı bu səhvdən sonra başlayır. «Oranı qaşı, buranı qaşı», «Tikim sizin ağzınızı» kimi «şedevr» misralarla başlanan cızma-qaraların qarşısında şeir yazmaq bu «yazıları», onun müəllifini ciddiyə almaq «şeir», «söz» anlayışına qarşı təhqirdir. Biz hər şeyi bu təhqirlə başladıq. Əvəzində isə ardı gəldi.
Elza yazdıqca yazdı və hələlik bu seriyanı tikinti prosesi ilə bitirib. Elza nəinki ciddi şeir yaza, o, ümumiyyətlə, nə ciddi musiqi ifa edə, nə də bəstələyə bilər... Amma mən heç zaman onda zərrə qədər də günah görməmişəm: nə yazdığından asılı olmayaraq, o, özünü ifadə edib. Yazdıqlarına verilən reaksiya isə bizim cəmiyyətin özünü ifadə etmə mexanizmidir. Elza Seyidcahanın əlində məhz bu cür çoxluğun sarı simi cəmləşib».
E.Nuri deyib ki, əməkdar artistin son şeiri yazmaqda məqsədi iradçılara cavab verməkdir:
«Elza Seyidcahan istənilən an, istənilən şeyi yazsa, son «şeir»indəki tikinti sexindən çıxıb, biçinti sexinə girsə, yenə eyni rezonansı yaradacaq. Bu səbəbdən, telekanalların birində təşkil olunan «Xalqın şairi» adlı müsabiqəyə də münsif kimi dəvət edildi. Peşəkar televiziyaçılar üçün Elza o müsabiqənin reklam tərəfi idi ki, buna da çox gözəl nail oldular. Xatırlayırsınızsa, sonuncu cızma-qaranı da Elza onun müsabiqədə münsif olmasına hədyanla yanaşanlara cavab olaraq yazmışdı. Hər halda mən bu fikirdəyəm.
Əgər o cızma-qara yazılmasaydı, Elza yenə də gündəmdə olacaqdı, amma fərqli şəkildə; münsif kimi.... O, bu cızma-qarayla iradçılara cavab verməklə yanaşı, həm də özünü bir münsif kimi (guya) növbəti replikalardan qorudu... Əgər Elzanın yazdıqlarına yenə də «şeir» deyəcəyiksə və bunu ictimai müzakirəyə çevirəcəyiksə, o zaman Elza özünün «inşaat sektorunda» yeni şeir hasil edəcək...»
«İnsanlara tamaşa lazımdır, o da bunu edə bilir»
Gənc şair Emin Piri qeyd edib ki, Elza Seyidcahan gündəmdə qalmağın yolunu bilir:
«Deməzdim Elza xanım nə etdiyini bilmir. Çox yaxşı bilir və bizim kimi cəmiyyətdə gündəmdə qalmağın yolunu ona öyrədən hər kimsə, çox ağıllıdır. Elza ədəbiyyat «dəcəlliyi» edir. Onu bir çox şairdən üstün tuturam. Bu xanımın düşdüyü şans onlara düşsə, görün nə həngamə qoparardılar. İnsanlara tamaşa lazımdır, o da bunu verə bilir. Belə şeirlərin gündəm olması Elzanın deyil, Elzanı baş tacı edən şairciklərin və cəmiyyətin günahıdır».
«Elza xanım fərqlilik edir, yazır, ədəbiyyatı gündəmə gətirir»
Gənc yazar Tural İsmayılov düşünür ki, əməkdar artistin yaxşı şeir yazmaq kimi bir öhdəliyi yoxdur:
«Mən bunu daha öncə də qeyd etdim ki, bizim Elza Seyidcahandan mükəmməl şeir gözləmək deyə gümanımız olmamalıdır. Ədəbiyyat aləmində özünə gənc yazar-şair deyib, biabırçı, səliqəsiz mətnlər yazan o qədər sima var ki. Bu baxımdan, Elza xanım müğənnidir, bəstəkardır, onun yaxşı şeir yazmaq kimi bir öhdəliyi yoxdur.
Əlbəttə, hər iki tərəflə razılaşmaq olar. Yəni həm Elza Seyidcahanın şeir yazmağına aqressiv olanları, həm də dəstəkləyənləri anlamağa çalışıram. İstənilən halda, Elza xanım fərqlilik edir, yazır, ədəbiyyatı gündəmə gətirir, mən məsələyə bu prizmadan yanaşıram. Sonuncu şeirini isə ümumi cavab xarakterində görürəm. Repçilər «diss» atmaq deyir buna, yəni Elza xanım tənqidçilərinə «tikim ağzınızı» «diss»i göndərdi».