vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
ƏDƏBİYYAT  
18:09 | 30 sentyabr 2017 | Şənbə Məqaləyə 3475 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Həqiqət, düzlük, səmimiyyət aşiqi

Mir Cəlal Paşayev Azərbaycan ədəbi-bədii fikir və elm tarixində özünəməxsus yer tutur

Təranə MƏHƏRRƏMOVA

MÖVZU İLƏ ƏLAQƏLİ

Onun adı Azərbaycan ədəbi-bədii fikir və elm tarixində özünəməxsus yer tutur. Hər il sentyabrın 28-də onu yaxından tanıyanlar, doğma və yaxınları bu nurlu insanın məzarını ziyarət edir, onun haqqında xatirələrini bölüşürlər. Mir Cəlal Paşayev bu xatirələrdən böyük alim, Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətləri olan pedaqoq, görkəmli yazıçı, ən əsası xeyirxah insan kimi boylanır.

Mir Cəlal Paşayev Cənubi Azərbaycanın Ərdəbil şəhərində doğulub. Kiçik yaşlarında atası dolanışıq dalınca Gəncəyə köçdüyündən Mir Cəlal da uşaqlığını bu şəhərdə keçirib. 1918-ci ildə atasının vəfat etməsi səbəbindən o, böyük qardaşının himayəsində yaşayıb. Mir Cəlal 1918-1919-cu illərdə Xeyriyyə Cəmiyyətinin köməyi ilə ibtidai təhsil alıb və Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Gəncə Darülmüəlliminə daxil olub. Əvvəlcə tələbə təşkilatının, sonra isə şəhər tələbə həmkarlar təşkilatının sədri seçilib. Mir Cəlal Paşayevin XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafındakı xidmətləri əvəzsizdir. O, Kazan Şərq Pedaqoji İnstitutunun ədəbiyyat şöbəsində, Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun aspiranturasında təhsilini davam etdirməklə yanaşı, müəllimlik edib və xalqının övladlarına ölkəmizin tarixini, mədəniyyətini, ədəbiyyatını öyrədib. Mir Cəlal 1928-ci ildə ilk qələm təcrübəsi ilə ədəbiyyat aləmində özünü sınayıb. Sonralar hamımızın yaddaşına iz salan «Bir gəncin manifesti» əsəri, həyati əhəmiyyətli hekayələri klassik bədii nümunələr kimi müəllifinə ədəbiyyat tariximizdə əbədiyaşarlıq qazandırıb. Görkəmli tədqiqatçının yuxusuz gecələrinin, gərgin zəhmətinin bəhrəsi olan «Füzuli sənətkarlığı», «XX əsr Azərbaycan ədəbiyyatı», «Azərbaycanda ədəbi məktəblər (1905-1917)», «Ədəbiyyatşünaslığın əsasları» adlı fundamental əsərləri ədəbiyyatşünaslıq elminə sanballı töhfələrdir. Azərbaycan ədəbiyyatına füzulişünaslığı gətirən məhz Mir Cəlal Paşayev olub. Ərəb, fars və rus dillərini mükəmməl bilən bu görkəmli şəxsiyyətin Azərbaycanın ictimai fikir tarixində özünəməxsus yeri var.

Ötən əsrin 20-30-cu illərində ədəbi aləmdə əvvəlcə şeir, sonra isə oçerk və hekayələri ilə yer alan Mir Cəlal, az sonra orijinal yaradıcılıq üslubu olan yazıçı kimi tanınıb. Yaradıcılığı dövründə isə görkəmli nasir kimi Azərbaycan ədəbiyyatında öz layiqli yerini tutub.

 

Şeirdən romanadək

 

1928-ci ildə Mir Cəlalın mətbuatda ilk şeirləri («Dənizin cinayəti», «Ananın vəsiyyəti», «Müxbir») çap olunub. Daha sonra o, hekayə yaradıcılığına yer ayırıb. Yaradıcılığında 300-dən artıq hekayə var. O dövrün «Şərq qadını», «Gənc işçi», «İnqilab və mədəniyyət», «Ədəbiyyat qəzeti» kimi nüfuzlu nəşrlərində «Doktor Cinayətov», «İfşa», «Mərkəz adamı», «Naxələf», «Bostan oğrusu», «Qüdrət nümayişi», «İstifadə», «Heyrət»... hekayələrini çap etdirib. Yazıçının 1932-ci ildə «Sağlam yollarda», 1935-ci ildə «Boy» adlı ilk oçerklər və novellalar kitabları çap olunub.

Mir Cəlalın ilk irihəcmli əsəri - «Dirilən adam» romanı 1935-ci ildə ayrıca kitab kimi nəşr edilib. Ümumilikdə isə görkəmli ədibin nəşr olunmuş altı romanı - «Dirilən adam», «Bir gəncin manifesti», «Yolumuz hayanadır» romanlarında keçmiş, «Açıq kitab», «Yaşıdlarım», «Təzə şəhər» romanlarında müasir həyat lövhələrinin bədii təsviri ustalıqla qələmə alınıb.

«Bir gəncin manifesti» əsəri çapdan çıxanda Mir Cəlalın heç 30 yaşı yox idi. İlk dəfə 1937-39-cu illərdə hissə-hissə  «Revolyusiya və kultura» jurnalında nəşr olunan əsər yazıçının həyatında böyük bir dönüş yaradıb və müəllifə böyük oxucu auditoriyası qazandırıb. 1940-cı ildə «Uşaqgəncnəşr»də kitab halında kütləvi tirajla buraxılan bu əsər oxucu tələbatına görə sonrakı illərdə də dəfələrlə təkrar nəşr edilib. Doqquz dəfə müxtəlif illərdə ayrıca kitab halında nəşr olunmuş «Bir gəncin manifesti» Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda da sevilib. İndiyədək yazıçının 70-dən çox kitabı nəşr olunub. Akademik Məmməd Cəfər bu böyük sənətkarın şəxsiyyətini və yaradıcılığını yüksək qiymətləndirərək yazırdı: «Mir Cəlal sakit və təmkinli bir yazıçıdır: o, boş və artıq gurultudan, təbiiliyi poza biləcək bir cizgi belə işlətməkdən çəkinən yazıçıdır».

 

O tələbələrinə arxa idi

 

Mir Cəlal Paşayevin pedaqoji fəaliyyəti onun ömrünün ən yaddaqalan və mənalı illərini təşkil edir. Bakı Dövlət Universitetinin nüfuzlu professoru tələbələrinin və həmkarlarının yaddaşında xeyirxah və qayğıkeş müəllim kimi qalıb. O, universitetdə Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdiri idi. Bütün tələbələrinə böyük qayğı ilə, nəvazişlə yanaşardı. Həyat yollarında da tələbələrin yaxın məsləkdaşına çevrilmişdi. Hamı onu çox sevirdi, tələbələri onun mühazirələrinə olduqca həvəslə gəlirdi. Onun qapısı hamının üzünə açıq idi. Mir Cəlal istedadlı tələbələrini öz övladları qədər istəyirdi. Onların qayğısını öz qayğısı bilirdi.

Mir Cəlal Paşayev haqqında ən maraqlı xatirələr bu gün onun tələbələrinin yaddaşında toplanıb. Xalq şairi Nəriman Həsənzadə deyir ki, Mir Cəlalı tanımaq, ünsiyyətdə olmaq onun dövrünün tələbə və aspirantları üçün böyük xoşbəxtlik idi. «Məni elmə yönəldən də elə Mir Cəlal Paşayev olub. Bu xoşbəxtliyi yaşamış insan kimi indi də həmin günlər kino lenti kimi gözümün önündə canlanır...» Mir Cəlal müəllimlə tanışlığının 1954-cü ildən başladığını deyən Xalq şairi xatırlayır: «Məni Bakıdan Sovet ordusunda hərbi xidmətə aparmışdılar. «Salyanski kazarma» deyilən yerdə hərbi hissədə idim. Gəncə Pedaqoji İnstitutunun filologiya fakültəsini bitirmişdim. Şeirlər yazırdım. Bakıya yenicə gəlmişdim. Şəhərdən bir az aralıda Balaxanı qəsəbəsində dərs deyirdim. İcazə alıb, Yazıçılar İttifaqına «Gənclər günü»nə getmişdim. Təzə şeirlərim var idi, oxumaq istəyirdim. Əsgər paltarımı dəyişməmişdim, eləcə paqonda, şineldə gəlmişdim. Şeirlərimi oxuyandan sonra qabaq cərgədə oturan Mir Cəlal müəllim məni təbrik edib, əlimi sıxdı. Hörmətli yazıçımız Əyyub Abbasova dedi ki, yaxşı şeirləri var, kitabını buraxmaq olar. Hərbi xidmətdən sonra Azərbaycan Yazıçılar İttifaqı tərəfindən Moskvadakı ikiillik ədəbiyyat kursuna göndərildim. O ali məktəbi bitirdikdən sonra Maksim Qorki adına Ədəbiyyat İnstitutuna qəbul olundum. 1961-ci ildə institutu bitirib böyük ümidlərlə Bakıya qayıtdım. Bir gün şəhərdə böyük yazıçımız Mir Cəlal müəllimlə rastlaşmağım bütün həyatımı dəyişdi. «Nə axtarırsan?» - deyə soruşanda  «İş axtarıram, Mir Cəlal müəllim», - deyə cavab verdim. «İş axtarma, adam axtar. Adam da mən. Gəl universitetə, aspiranturaya» dedi.

N.Həsənzadə danışır ki, Azərbaycan Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının aspirantı olaraq Mir Cəlalın elmi rəhbərliyi altında «Azərbaycan- Ukrayna ədəbi əlaqələri» mövzusunda dissertasiya müdafiə edir və filologiya elmləri namizədi alimlik dərəcəsini alır. Mir Cəlal onun universitetdə qalıb işləməsinə də kömək edir. «Mir Cəlal müəllim mənim üçün tarixi bir simadır. Aspirantı olduğum illərdə və ondan sonra da Mir Cəlal mənəvi dayağım oldu, məni oğlanlarından ayırmadı. Mənə rəğbəti çox idi. Bunu ailəsi də görürdü, aspirantları da», - deyə N.Həsənzadə xatırlayır: «Mən Mir Cəlal müəllimin ömrünün sonuna qədər Bakı Dövlət Universitetində rəhbərlik etdiyi kafedranı «universitet içərisində universitet» adlandırmışam. Çünki məhz Azərbaycan filologiyasının bir çox problemləri onun kafedrasında yalnız praktiki müəllimlik fəaliyyəti ilə auditoriyalarda təhlil edilmir, həm də elmi-nəzəri axtarışlar aparmaq üçün geniş tədqiqata cəlb olunurdu. Bu gün filologiya sahəsində fəaliyyət göstərən alimlərin əksəriyyətinin elmi rəhbəri xeyirxah insan Mir Cəlal Paşayev olub. Təsadüfi deyil ki, onun kafedrasının üzvləri əsasən hazırlıqlı gənclərdən ibarət idi. O, ailəsini sevdiyi kimi, tələbələrini də sevirdi. Bütün dissertasiyaları özü oxuyur, qeydlərini, düzəlişlərini edir, son günə - müdafiəyə qədər, hətta ondan sonra da tələbəsini unutmurdu. İstədiyi tələbələr onun halal süfrəsində çörək kəsiblər. Mən deyərdim ki, indi də onun çörəyini yeyirlər».

N.Həsənzadə müəlliminin ona sözün həqiqi mənasında atalıq etdiyini deyir: «Mir Cəlal mənə «şairliyini heç vaxt unutma» – deyir və ədəbi yaradıcılığımı yüksək qiymətləndirirdi. Mən onun aspirantı ola-ola özünəxas böyüklük eləyib özüm və şeirlərim haqqında bir neçə məqalə də yazdı. Mir Cəlal olmasaydı bəlkə də həyatda əldə etdiklərimin heç biri olmazdı».

Mir Cəlal həmçinin tələbəsinin mənzillə təmin olunmasına kömək edib. O vaxt Yazıçılar İttifaqı gənc yazarlar üçün yaşayış binası tikmişdi. Ev şəraiti acınacaqlı olsa da həmin binadan N.Həsənzadəyə mənzil çatmamışdı: «Bir gün adəti üzrə axşam Mir Cəlal müəllimgilə getmişdim. Bu qayğıkeş insan məni də götürüb həyat yoldaşı Püstə xanımla birlikdə Yazıçılar İttifaqının birinci katibi, dostu Mehdi Hüseynin evinə getdik. Sözün düzü, özüm də bilmirəm məni niyə aparırdılar. Mehdi Hüseyn Mir Cəlal müəllimin xətrini çox istəyirdi. Mir Cəlal « bir xahişə gəlmişəm» dedi: «Nəriman Həsənzadəni yəqin ki, tanıyırsan. Gənc istedadlı, şairdir. Nərimanın ev şəraiti olduqca acınacaqlıdır. Ona da ev lazımdır». Mehdi Hüseyn: «Nərimana da ev verəcəyik. İndi yox, gələn dəfə. Qoy poemasını yazıb qurtarsın. İndi boş mənzil yoxdur» - söylədi. Mir Cəlal müəllim «Arifin (Mir Cəlal müəllimin oğlu) adını siyahıdan çıxart, Nərimanın adını yaz», - deyə təkid etdi. Mehdi Hüseyn eynəyini düzəldib Mir Cəlalın üzünə baxdı. Mənim mənəvi atam olan Mir Cəlal müəllim: «Mən bu xahiş üçün sənin yanına gəlmişəm, Mehdi», - dedi. Həmin vaxt əslində Mir Cəlal müəllimin ailəsinə də ev lazım idi. Oğlu Arifi evləndirəcəkdi. Amma Mir Cəlalın və Püstə xanımın alicənablığı, ürəkgenişliyi sayəsində Arif müəllim üçün nəzərdə tutulan ev mənə verildi. Mən «Baksovet» ərazisində yerləşən həmin evdə ailəmlə, övladlarımla yaddaqalan, xoş günlərimi keçirmişəm».

Mir Cəlaldan soruşanda «şah əsəri» hansıdır, o da iftixarla «həyatımda yaratdığım ən böyük əsər - ailəmdir» - deyərdi. Mir Cəlalın ailəsinin «şah əsər» statusu qazanmasında ona ən böyük dayaq isə həyat yoldaşı Püstə xanım olub. Onlar  övladlarına yüksək təhsil və tərbiyə veriblər. Övladları da valideynlərinin adını həmişə ləyaqətlə yaşadıblar.

Görkəmli yazıçı, alim-pedaqoq Mir Cəlal Paşayevin hər doğum və xatirə günündə yaxınları onun 1920-1940-cı illərdə İçərişəhərdə yaşadığı məkana - «Ədibin evi» nə yığışır. Onlar həqiqət, düzlük, səmimiyyət aşiqi, ailəsini, övladlarını sevən və  qoruyan şəxsiyyətdən söz açırlar…