vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 3 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
MƏHKƏMƏ, İSTİNTAQ  
18:24 | 6 oktyabr 2017 | Cümə Məqaləyə 2764 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Şeyxin qudası ilə deputat arasında məhkəmə başladı

Keçmiş deputat hazırlıq iclasına gəlmədi

MÖVZU İLƏ ƏLAQƏLİ

Oktyabrın 6-da deputat Çingiz Qənizadə ilə keçmiş həmkarı Qalib Salahzadə arasında məhkəmə çəkişməsi başlayıb. Keçmiş və indiki deputatlar arasındakı qalmaqalı Sabunçu Rayon Məhkəməsində hakim Ziya Şirinov araşdırır.

Keçmiş həmkarının CM-nin 147-ci (böhtan) maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasını istəyən Qənizadə xüsusi ittiham qaydasında iddia qaldırıb. Oktyabrın 6-da həmin iddia üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Cavabdeh Q.Salahzadə məhkəməyə gəlməyib. Hakim deyib ki, o, öncədən məhkəməyə ərizə göndərərək, prosesdə iştirak edə bilməyəcəyini bildirib.

«Möhkəm qrip olmuşam, özümü də yaxşı hiss etmirəm, ona görə məhkəmənin hazırlıq iclasına gedə bilmədim», - Q.Salahzadə sonradan mediaya bildirib.

Amma iddiaçı tərəf məhkəmənin cavabdehin şəxsən özünün iştirakı ilə keçirilməsini istəyib. Ç.Qənizadənin vəkili Raqif Mustafayev deyib ki, Q.Salahzadə özü gəlib müəyyən məsələlərə aydınlıq gətirməli, sualları cavablandırmalıdır.

Hakim də cavabdehin iştirakı olmadan məhkəməni davam etdirməyi məqbul saymayıb. Bu üzdən keçmiş və indiki deputatlar arasında məhkəmə oktyabrın 12-nə qalıb.

R.Mustafayev bildirib ki, əgər Salahzadə gələn dəfə də məhkəməyə gəlməsə, onun məcburi gətirilməsi haqda vəsatət qaldıracaqlar.

«Biz iddiaçı tərəf olaraq, məhkəmədə bir neçə vəsatət qaldıracaqdıq. Amma bunun üçün cavabdeh özü də iştirak etməli idi. Gəlmədiyinə görə gələn dəfəyə saxladıq», – Ç.Qənizadənin vəkili belə deyib.

Xatırladaq ki, məhkəmə çəkişməsinə səbəb Salahzadənin mətbuata müsahibəsində Qənizadə haqqında söylədiyi fikirlərdir. Mübahisə Q.Salahzadənin oğlunun həbsinə görə Baş prokuror Zakir Qaralovu günahlandırmasından başlayıb. Keçmiş deputat deyib ki, vaxtilə Z.Qaralov Sabunçu rayonunun prokuroru olanda, ondan Binə qəsəbəsində torpaq sahəsini istəyib, amma o, verməkdən imtina edib. Salahzadənin sözlərinə görə, bundan sonra Qaralovun onunla ədavəti başlayıb və oğlu da bu düşmənçiliyin güdazına gedib.

Ardınca deputat Ç.Qənizadə mediaya açıqlamasında səsləndirdiyi fikirlərə görə keçmiş həmkarını tənqid edib. Deyib ki, bu adam hər zaman məntiqə uyğun oldu-olmadı, ağlına nə gəlirsə, onu danışır. Qaralov baş prokuror təyin olunandan sonra prokurorluq orqanlarında neqativ halların tam aradan qaldırıldığını iddia edən Qənizadə deyib ki, onun sıravi adamla ədavət aparmasını söyləmək gülüncdür.

Bundan sonra Q.Salahzadə yenidən müsahibə verib və Ç.Qənizadəni «dəfələrlə siyasi əqidəsini dəyişmiş, satılmış adam» adlandırıb. Onun Baş prokuroru müdafiə etməsini isə Qənizadənin oğlunun hazırda Binəqədi rayon prokurorunun müavini olmasıyla əlaqələndirib: «Çingiz Qənizadə mənim əleyhimə danışmaqla oğlunun vəzifəsini böyütməyə çalışır. Azərbaycan xalqı kimin kim olduğunu yaxşı bilir. Onu tanıyan hamı bilir ki, Çingiz Qənizadənin necə utancverici keçmişi var. Onu dilə gətirmək belə ayıbdır. Onu desəm, inanın ki, heç kəs ona salam verməz».

Salahzadə həmçinin iddia edib ki, Qənizadə vaxtilə Bakı şəhər prokuroru işləyəndə, ondan 30 min dollar rüşvət alıb.

Q.Salahzadə Milli Məclisin keçmiş üzvü olmaqla yanaşı, həm də Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin qudasıdır. Onun oğlu Əlihüseyn Salahzadə sentyabrın 13-də həbs olunub. Sabiq deputatın oğlu CM-nin 315-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) maddəsi ilə ittiham olunur.