vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
SOSİAL  
17:29 | 27 fevral 2014 | Cümə axşamı Məqaləyə 2824 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

15 illik həsrətin sonu?

Bu sahədə aydın və şəffaf mexanizmlərin tətbiqinə ciddi ehtiyac var

Dr. Vüqar BAYRAMOV, İqtisadçı-alim

MÖVZU İLƏ ƏLAQƏLİ

Gələn ildən Azərbaycanda icbari tibbi sığortanın tətbiqi planlaşdırılır. Bununla da, 1999-cu ildən səhiyyə gündəminin bir hissəsini zəbt etmiş bir problemin həll ediləcəyi güman edilir. Bu sığorta növünün tətbiqinin yalnız səhiyyə deyil, eyni zamanda digər sektorlara o cümlədən əhalinin xərclərinin strukturuna da müsbət təsirləri var. İcbari sığortanın tətbiq edilməsi səhiyyənin maliyyələşdirmə bazasını dəyişməklə bu sahədəki neqativ halların azaldılmasına səbəb olacaq. Bu sisteminin tətbiqi sığorta şirkətlərinin gəlirlərinin artmasına gətirib çıxaracaq. Eləcə də sözügedən islahat vətəndaşların səhiyyə xərclərinin azalması səbəbindən pullarına qənaət etməsinə və o cümlədən az təminatlı və ya işsiz statusu olan insanların səhiyyə xidmətindən yararlanmasına imkan yaradacaq.

Qısaca qeyd edək ki, icbari tibbi sığorta bütün vətəndaşların məcburi olaraq sığorta olunması deməkdir. Bu zaman işsiz statusu olan və ya ünvanlı sosial yardım alan ailələr üçün sığorta haqları dövlət tərəfindən alınır. Vətəndaş isə səhiyyə xidmətinə ehtiyacı olan, daha aydın desək xəstələnən zaman sığorta sənədini göstərməklə pulsuz olaraq müalicə oluna biləcək.

Bəs, icbari tibbi sığortanın gələn ildən tətbiqi və daha dəqiq desək, səmərəli tətbiqi üçün nələrin edilməsinə ehtiyac var?

Əvvəla, qanunvericiliyin o cümlədən normativ hüquqi aktların uyğunlaşdırılmasına ehtiyac var. Belə ki, Səhiyyə Nazirinin 1 fevral 2008-ci il tarixli qərarına əsasən dövlət xəstəxanalarında tibbi xidmət pulsuzdur. Təbii sual yaranır: əgər səhiyyə xidməti pulsuzdursa, nə üçün icbari tibbi sığortanın tətbiqinə ehtiyac var? Səhiyyə Nazirliyinin qərarlarının Azərbaycanın bu sahədəki qanunvericiliyinə uyğunlaşdırılması olduqca vacibdir;

İkincisi, sığorta ödənişlərinin işə götürən ilə işçi arasında bölüşdürülməsi mexanizmlərinin aydın formalaşdırılmasına ehtiyac var. Sığortanın yalnız işçinin üzərinə düşməsi işçi üçün sosial ağırlıq yarada bilər. İşəgötürənin icbari tibbi sığortanın ödənilməsinə məsul edilməsi isə, işçilərlə müqavilə bağlanması məsələsini xeyli yubandıracaq. İşəgötürənlər işçilərlə müqavilə bağlamaqda maraqlı olmayacaqlar. Buna görə də bir sıra Avropa ölkələrində olduğu kimi, icbari tibbi sığortanın işəgötürən və işçi arasında bölüşdürülməsi məqsədəuyğun hesab olunur;

Üçüncüsü, icbari tibbi sığortanın tətbiqi zamanı digər əhəmiyyətli məqamlardan biri xəstəxanaların bu prosesə hazır olmasıdır. Təəssüf ki, bu gün xüsusilə dövlət xəstəxanaları sığorta şirkətləri ilə işləmək təcrübəsinə tam malik deyillər. Hətta vətəndaşın sığortası olduqda belə, bəzi xəstəxanalarda vətəndaşdan əlavə ödənişlər tələb olunur. Xəstəxanaların bu prosesə hazırlanması, onların sığorta şirkətləri ilə işləmə ənənəsi formalaşmalıdır;

Dördüncüsü, tədqiqatlar göstərir ki, «Tibbi sığorta haqqında» qanun indiki tələbləri tam olaraq ödəmir. Bu baxımdan həmin qanunda bir sıra boşluqlar var ki, onlar icbari tibbi sığortanın tətbiqinə imkan vermir. Qanunvericilikdə icbari tibbi sığortanın tətbiqi mexanizmləri göstərilməlidir. Eləcə də Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Agentliyinin statusunun tam olaraq təkmilləşməsinə ehtiyac var. Çünki bu agentlik icbari tibbi sığortanın tətbiqinə birbaşa məsul olan qurumdur;

Beşincisi, işləməyən və eləcə də ünvanlı sosial yardım alan vətəndaşlar üçün ödənişlərin dövlət tərəfindən və eləcə də hansı icraedici qurum tərəfindən necə ödənilməsi qanunvericilikdə aydın şəkildə öz əksini tapmalıdır. Əmlakın icbari sığortasının tətbiqi praktikası göstərir ki, bu sahədə aydın və şəffaf mexanizmlərin tətbiqinə ciddi ehtiyac var;

Altıncısı, tibbi sığorta sisteminin inkişafı üçün əhalinin gəlirlərinin strukturunun dəyişdirilməsi olduqca vacibdir. Əhalinin tibbi sığortaya yönəldəcəyi vəsaitlər çox azdır. Hazırda Azərbaycanda əhalinin gəlirlərinin 70 faizə qədəri istehlak mallarının alınmasına, 10 faizi vergi və rüsumların ödənilməsinə sərf edilir. Yerdə qalan vəsait az olduğundan əhali sığortalanmasında çətinlik var. Avropa və Amerikada sığortalanmanın yüksək olması əhalinin gəlirləri ilə bağlıdır. Bu səbəbdən əhali gəlirlərinin 1/3-ni sığorta və digər bu kimi məsələlərə sərf edə bilir. ABŞ-da hazırda ÜDM-in 8 faizini, Avropada 11 faizini sığorta ödənişləri təşkil etsə də, Azərbaycanda bu rəqəm hələlik 1 faiz intervalındadır.

Yeddincisi, səhiyyənin maliyyələşdirmə mexanizminin dəyişdirilməsinə ehtiyac var. Azərbaycanda hər min nəfərə 7,6 xəstəxana çarpayısı düşür: Bu göstərici Almaniyada 3,8, Türkiyədə isə 2,3-dür. Ölkəmizdə çarpayıların sayının çox olmasına baxmayaraq ondan istifadə göstəricisi başqa dövlətlərlə müqayisədə xeyli aşağıdır. Çarpayıların cəmi 26,1 faizi istifadə edilir. Bu göstərici Almaniyada 89,5, Rusiyada 86,0, Türkiyədə 61,9 faizdir. Avropa Birliyi üzrə həmin göstərici 76,9, MDB üzrə isə 85,9 faizdir. Buna görə də, icbari tibbi sığortanın tətbiqi ilə yanaşı səhiyyənin maliyyələşdirilməsi sisteminin təkmilləşdirilməsi olduqca vacibdir;

Nəhayət, nəzər almaq lazımdır ki, icbari tibbi sığortada üç tərəf var; sığorta şirkətləri, xəstəxanalar və vətəndaşlar. Bu gün praktiki olaraq bu üç tərəfin sığorta münasibətlərinin tam formalaşdığını demək çətindir. Sığorta edənlə sığorta olunanların tibbi sığortanın əhəmiyyəti ilə bağlı məlumatlılıq səviyyəsi olduqca aşağıdır. Bu o deməkdir ki, ölkədə tibbi sığorta mədəniyyəti nə qədər acı olsa da zəifdir Təbii ki, bu münasibətlərin yaxşılaşdırılması və ya sivil müstəviyə keçməsi üçün sığortalıların maarifləndirməsinə ehtiyac var. Sığorta şirkətləri ilə dövlət xəstəxanaları arasında da münasibətlərin qurulmasında müəyyən problemlər var: Hələ də sığorta şirkətləri ilə dövlət xəstəxanalarının əksəriyyəti arasında münasibətlər sivil səviyyədə qurulmayıb. Sığorta sənədlərinin xəstəxanalarda qəbulu ilə bağlı problemlər qalmaqdadır. Bütövlükdə tibbi sığorta ilə bağlı biliklərin aşağı olması icbari tibbi sığortanın inkişafını tormozlayan faktorlardan biridir.

Hər halda, ölkəmiz uzun müddətdən sonra icbari tibbi sığortanın gələn ildən tətbiqi qərarın verdi. Xeyirli olsun!