vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
ANALİZ  
12:47 | 2 sentyabr 2014 | Çərşənbə axşamı Məqaləyə 3147 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Erməniləri neçə dəfə üstələyirik?

Azərbaycan orduya 8 faiz, Ermənistansa 20 faiz pul ayırır, amma hərbi büdcəmiz düşməndən azı 5 dəfə çoxdur

MÖVZU İLƏ ƏLAQƏLİ

Avqustun 28-də Beyləqan rayonunda Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanda iqtisadi vəziyyətin ağır olması və insanların bu ölkəni tərk etdiyini bəyan etdi. Bir müddət öncə, İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının yaydığı hesabatda qeyd edilir ki, iqtisadi inkişaf münaqişələrin həllində artıq əsas vasitəyə çevrilir. Müharibələrin xalqların iqtisadi inkişafına mənfi təsir etdiyini bir daha təsdiq edən təşkilat ekspertlərinin rəyinə əsasən, münaqişə zonalarındakı inkişaf probleminin həlli üçün əsas baza rolunu oynaya bilər. Bu əslində, bir daha təsdiq edir ki, işğalçı siyasəti davam edənədək Ermənistanın sıxışdırılması siyasəti strateji əsaslandırılmış bir yanaşma idi.

İqtisadçı-alim Vüqar Bayramov bildirib ki, ittifaq dövründə uzun müddət Moskvanın maliyyə dəstəyindən faydalanan Ermənistanda iqtisadi-sosial durum keçmiş SSRİ dağılan zaman Azərbaycandan heç də ciddi fərqlənmirdi. O zaman müharibəyə iqtisadi baxımdan üstün mövqe ilə başlayan düşmən qonşumuz 22 il sonra məhz öz işğalçı siyasətinin nəticəsində regional inkişafdan geri qaldı.

Onun sözlərinə görə, sadəcə rəsmi rəqəmlərə istinad göstərir ki, Azərbaycanın dövlət gəlirləri düşmən qonşumuzun qazancından 10 dəfə çoxdur. Dövlət büdcəmizin gəlirləri 25 milyard dollar çatdığı halda bu göstərici Ermənistanda cəmi 2.5 milyard dollardır. Kiçik büdcəyə malik olan Ermənistan il ərzində hərbi məqsədlə 451 milyon dollar xərcləyir. İllik 2.1 milyard dollar müdafiə xərcinə malik olan Azərbaycan bu kateqoriya üzrə düşmən ölkəni 5 dəfəyə yaxın üstələyir. Digər tərəfdən, Ermənistan ümumi büdcə xərclərini 20 faizini hərbi sektora ayırmaqla Avropa Birliyinin bu xərclərinin büdcədəki payı ilə bağlı standartlarına məhəl qoymasa da Azərbaycan müdafiə xərclərinin dəyər ifadəsində çox olmasına baxmayaraq bu xərc maddəsinin ümumi büdcə xərclərində payı 8 faizə yaxındır. Bu baxımdan, hərbi xərclərinin dəyər ifadəsində Azərbaycana kəskin uduzan Ermənistan əslində hərbi xərclər ilə bağlı Avropa faiz kvotasına məhəl qoymasa da reallıq bundan ibarətdir ki, ölkəmizin müdafiə xərcləri təxminən düşmən qonşumuzun ümumi büdcəsi həcmindədir.

Vüqar Bayramov deyib ki, 10 milyard dollar Ümumi Daxili Məhsula malik olan Ermənistanda iqtisadiyyatın formalaşmasına lobbi yardımlar və ianələr xüsusi rol oynadığı üçün bu düşmən ölkənin iqtisadi inkişafı üçün dayanıqlı zəmin yaratmır. 74 milyard dollar ÜDM-ə malik olan ölkəmizin iqtisadi potensialı düşmən ölkə ilə müqayisədə 7.4 dəfə çoxdur. Praktik olaraq, dövlət gəlirlərində ciddi müqayisəli üstünlüyə malik olan Azərbaycan iqtisadiyyatı miqyasına görə də düşmən ölkəni kəskin üstələyir.

Vüqar Bayramov əlavə edib ki, Ermənistan iqtisadiyyatı ilə bağlı digər diqqəti çəkən məqam iqtisadi artımın real olmamasıdır. Belə ki, ötən ilin yekunlarında 3.5 faiz iqtisadi artıma malik olan işğalçı ölkədə inflyasiya səviyyəsi 5.9 faiz olub. Bu isə o deməkdir ki, inflyasiya iqtisadi artımı 60 faiz üstələyib və bu da artım real deyil nominal olmasına gətirib çıxarıb. Qeyd edək ki, 2013-cü ildə ölkəmizdə iqtisadi artım 5.8, inflyasiya səviyyəsi isə 2.4 faiz olub.

Onun sözlərinə görə, Ermənistan yoxsulluq səviyyəsinə görə, MDB ölkələri arasında ən pis göstəriciyə malik olan dövlətlərdəndir. Bu ölkənin Milli Statistika Komitəsinin məlumatına görə, ölkə əhalisinin 32.4 faizi yoxsulluq həddində yaşayır. Mərkəzi Bankının hesablamalarına görə isə, təqaüdçülərin 60 faizindən çoxu yoxsulluq həddində yaşayır. Rəsmi statistikada ölkə əhalisinin 32.4 faizinin yoxsulluq həddində yaşadığı öz əksini tapsa da, BMT-nin İnkişaf Proqramının hesabatına əsasən bu göstərici 48 faizə bərabərdir. Hətta rəsmi statistika belə Ermənistanda hər 4 nəfərindən 1-nin yoxsul həddə yaşadığını göstərir. Digər tərəfdən, söhbət sadəcə Dünya Bankının qiymətləndirmələrinə əsasən gündəlik gəliri 2 dollardan az olan insanlardan gedir. Halbuki, BMT-nin son metodologiyası Ermənistan əhalisinin yarıdan çoxunun yoxsulluq həddində yaşadığından xəbər verir. Azərbaycan Statistika Komitəsinin məlumatına görə, ölkəmizdə yoxsulluq səviyyəsi 5.7 faizdir. Bu isə ondan xəbər verir ki, yoxsulluq səviyyəsinə görə, ölkəmizdə vəziyyət mənfur qonşumuz ilə müqayisədə ən azı 7 dəfə yaxşıdır.

Vüqar Bayramov deyib ki, Ermənistan Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkədə işsizlik səviyyəsi 17.9 faizdir. Beynəlxalq hesabatlarda isə bu göstərici 36 faizə yaxın göstərilir. Həm rəsmi, həm də beynəlxalq hesabatlar sözügedən ölkədə işsizliyin əsas sosial problemlərdən olduğunu göstərir. İşsizlik problemi eyni zamanda Ermənistanda ölkəni tərk edənlərin sayındakı artımda özünü göstərir. Bu isə düşmən ölkədə demoqrafik vəziyyətin heç də yaxşı olmadığından xəbər verir. Göründüyü kimi, Ermənistan hakimiyyəti bu ölkə üçün heç də yaxşı vəziyyətə gətirib çıxarmayıb: xarici borc asılılığı artır, yoxsulluq dərinləşir, insanlar iş tapa bilmir. Müqayisə üçün qeyd edək ki, ölkəmizdə işsizlik səviyyəsi cəmi 5.2 faizdir. Yoxsulluq əhalinin Ermənistanı tərk etməsinə və eləcə də təbii artımın səviyyəsinin neqativ olmasına gətirib çıxarıb. Ermənistan Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ölkədə təbii artım mənfi 6 faizdir. Deməli, əhalidə artım deyil, azalma və qocalma müşahidə edilir. Qeyd edək ki, ölkəmizdə təbii artım 13 faizdir.

İqtisadçı alim onu da deyib ki, Ermənistanın xarici borcu artıq 6 milyard dollara çatıb və ümumi daxili məhsulun (ÜDM) 56 faizi deməkdir. 2013-cü ildə sözügedən ölkədə ÜDM-də artım 3.5 faiz olduğu halda xarici borc 5 faizdən çox artıb. Bu ölkənin xarici borcunun 85.2 faizi dövlət borcudur ki, bu da düşmən dövlətinin xarici asılılığının daha da dərinləşməsinə gətirib çıxarır. Azərbaycanın xarici borc məbləğində diqqəti çəkən əsas müsbət məqam ondan ibarətdir ki, ölkə xarici borcun Ümumi Daxili Məhsuldakı payına görə, MDB-də ən yaxşı göstəriciyə malikdir. Belə ki, bu göstərici Azərbaycanda 8.2 faiz olmaqla regionda bu sahədə ən yaxşı mövqeyi malik olan Özbəkistan (11,2 faiz) və Rusiyanı (14.1 faiz) qabaqlayır. Ermənistan isə MDB-də ən pis göstəriciyə malik ölkələrdən hesab edilir.