“Xarici İşlər Nazirliyi ilə birgə çalışırıq”
Əbülfəz Qarayev: “Danışıqlar aparılır, treninqlər keçirilir”
“Azərbaycana gələn turistlər elektron formada viza ala bilirlər. Ola bilər ki, bu haradasa gec, haradasa tez, haradasa çətin olsun, amma fakt və reallıq odur ki, bu proses Azərbaycanda var və daha yaxşı işləməsi üçün səy göstəririk. Tənzimlənmə üçün danışıqlar aparılır, treninqlər keçirilir. Biz bu işdə Xarici İşlər Nazirliyi ilə birgə çalışırıq”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev verib.
Nazir Azərbaycanın turizm şirkətlərinin Ümumdünya Turizm Təşkilatına daxil olması üçün də səy göstərdiklərini deyib: “Azərbaycan 2001-ci ildən Ümumdünya Turizm Təşkilatının üzvüdür. Həmin vaxtdan etibarən Azərbaycanın təşkilatda 3 assosiativ üzvü təmsil olunur. Bu qurumlar Azərbaycan Turizm Təşkilatı, Azərbaycan Turizm İnstitutu və Bakı Turizm İnformasiya Mərkəzidir. Son məlumata görə, bu il Belqradda keçirilən konfransda Azərbaycanın daha 17 şirkəti üzvlük üçün müraciət edib və bu təkliflər təşkilat tərəfindən müsbət qarşılanıb. Yay aylarında Zambiyada keçiriləcək Baş Assambleyanın iclasında onların təsdiqlənməsi gözlənilir”.