4 ölkə arasında saziş
Azərbaycan Avropaya elektrik enerjisinin nəqli üçün Qara dəniz vasitəsilə sualtı kabel çəkiləcək
Bu gün Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş imzalanıb. Bu regionda yaşıl enerjinin inkişafı və ixracı ilə bağlı yeni imkandır.
Sazişi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rumıniyanın Baş naziri Nikolae Çuke, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Macarıstanın Baş naziri Viktor Orban imzalayıblar. İmzalanma mərasimində Rumıniya Prezidenti Klaus Yohannis və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen iştirak ediblər.
Avropa Komisiyası artıq anlaşma ilə bağlı açıqlama yayaraq bunu “Aİ-nin Cənubi Qafqazdakı tərəfdaşlığını inkişaf etdirəcəyini və hər iki regiona təmiz enerji keçidində kömək edəcəyini, eyni zamanda təchizat təhlükəsizliyini artıracağını bəyan edib. Brüssel etibarlı tərəfdaşlarla əməkdaşlığın getdikcə daha çox əhəmiyyət kəsb etdiyini bildirib”.
Qeyd edək ki, bu anlaşma Qara dəniz hövzəsində milli və regional enerji təhlükəsizliyinin güclənməsi, təchizat mənbələrinin şaxələndirilməsi, Xəzərdə bərpa olunan enerji istehsalı potensialının kapitallaşdırılması ilə bağlı dörd ölkə arasında əməkdaşlığın əsasını qoyacaq. Dördtərəfli hökumətlərarası saziş Rumıniya ilə Azərbaycan arasında bərpa olunan mənbələrdən elektrik enerjisinin nəqli üçün Gürcüstan və Qara dəniz vasitəsilə sualtı kabelin çəkilməsini nəzərdə tutur.