vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
REGİON  
12:51 | 9 iyul 2022 | Şənbə Məqaləyə 765 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Putinin səssiz qaldığı təklif...

Kreml sahibi SSRİ-ni bərpası istəyindən imtina etməyib

Elxan ŞAHİNOĞLU

Rusiya Dövlət Duması tətilə çıxmadan öncə prezident Vladimir Putin iyulun 7-də parlamentdəki fraksiya liderlərini Kremldə qəbul etdi. Putinin bu görüş vasitəsi ilə Rusiya və dünya ictimaiyyətinə mesajlar göndərməsinə ehtiyacı var idi. Görüşü “ölkədə partiyaların sayı çoxdur, vətən isə təkdir” cümləsiylə başlayan Putin bəri başdan partiya liderlərinin Ukraynaya qarşı işğalçı müharibəyə dəstəklərini təkrarlamalarını eşitmək istədiyinə eyham vurdu. Elə də oldu, çıxış edənlərin hamısı Ukraynaya qarşı işğalçı müharibəni dəstəklədi.

Vladimir Putin çıxışında 2000-ci illərin başında NATO-ya üzvlük barədə düşündüyü fikrini bir daha təkrarladı: “Onlar buna imkan verə bilməzdilər. Əksinə onlar Rusiyanın dağılmasını istəyir və bu məqsədlə ölkəmizdə terrorizmə, separatizmə və “beşinci kolona” dəstək verirdilər”. Putin “kollektiv Qərbin” (Rusiya prezidenti Ukraynaya qarşı müharibəyə başladıqdan sonra ona qarşı sanksiyalar tətbiq edən ABŞ və Avropa ölkələrini cəm şəklində “kollektiv Qərb” adlandırır) bu günə qədər Rusiyadakı “beşinci kolonu” maliyyələşdirdiyini bildirir. Halbuki, Putinin “beşinci kolon” adlandırdığı bir qrup qeyri-hökumət təşkilatı kənar maliyyədən məhrumdur. Rusiyada kənardan maliyyə alan təşkilatlara qarşı sərt qanunlar qəbul olunub.

Vladimir Putinin çıxışında iki etirafı da diqqət çəkdi. Birincisi, Rusiya prezidenti bildirdi ki, Donbasda müharibəni Rusiya deyil Qərb başladıb: “Kollektiv Qərb 2014-cü ildə Ukraynada çevriliş həyata keçirtdi, Donbas əhalisinə qarşı genosid başladı”. Putinin bu cümlələrində yeni heç nə yoxdur. Putinin etirafı müharibə ifadəsi işlətməsiylə bağlıdır, halbuki Kreml sahibi və onun əsabələri Ukraynadakı müharibəni “xüsusi əməliyyat” adlandırırlar. Putin ilk dəfə müharibəni məhz müharibə kimi qiymətləndirdi. Putinin ikinci etirafı “kollektiv Qərbin” hədəfi ilə bağlı ifadə etdiyi cümlələr idi: “Kollektiv Qərb Rusiyanı zəiflətmək üçün fürsət axtarırdı və bu onlara nəsib oldu, bizə qarşı müharibəyə başladılar, sanksiyalar tətbiq olundu”. Putin bununla etiraf etmiş oldu ki, “kollektiv Qərb” Rusiyanı Ukraynada tələyə salıb. Bunun nəticəsidir ki, Putinin təbiri ilə desək “kollektiv Qərbin” Rusiyaya qarşı nə az, nə çox 11 min 160 sanksiya qərarı mövcuddur.

Bu arada, Kremldə çıxış edən Rusiya Kommunist Partiyasının lideri Gennadiy Züqanov Putindən xahiş etdi ki, o SSRİ-nin quruluşunun 100 illiyi ilə bağlı Dövlət Dumasında müvafiq qanunun qəbuluna və ümumxalq bayramı kimi qeyd edilməsinə dəstək versin. Putinin Züqanovun bu təklifinə reaksiya verməməsi onu göstərir ki, Kreml sahibi SSRİ-nin təsisinin 100 illiyinin qeyd edilməsinin müsbət və mənfi tərəflərini götür-qoy edir. Putin bu təklifin reallığı əks etdirmədiyini və qonşu dövlətlərlə münasibətlərə zərər verəcəyini düşünsəydi Züqanova elə yerindəcə mənfi cavab verərdi. Demək, Vladimir Putin imperiyanı bərpası istəyindən imtina etməyib. “Rusiya nədən Qazaxıstanı cəzalandırmaq istəyir” və ya “Rusiya nədən Ermənistanın Azərbaycana sərhədinə yaxın hissəsində hərbi baza qurur” sualları üzərində düşünərkən Züqanovun təklifi və Putinin bu təklifə səssiz qalmasını unutmamalıyıq.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)