Moskva və Pekin Londona qonşu olmaq istəyir
Böyük Britaniya da oxşar ssenari üzərində düşünür
Şotlandiyada müstəqillik haqqında referendum 2014-cü ilin sentyabr ayında keçirilib. Referendumun nəticəsinə görə şotlandiyalıların yarıdan çoxu müstəqilliyə deyil, Böyük Britaniyanın tərkibində qalmağa səs veriblər. Buna baxmayaraq, Şotlandiyada millətçi qruplar müstəqillik ideyasından imtina etməyiblər. Böyük Britaniyanın Avropa İttifaqından ayrılması bir qrup şotlandiyalının xoşuna gəlməyib.
Şotlandiya millətçiləri yeni referendum tələb edirlər. Böyük Britaniyada ehtiyat edirlər ki, yeni referendumda nəticə fərqli ola bilər və Şotlandiya əhalisinin yarıdan çoxu bu dəfə müstəqilliyə səs verə bilər. London başqa bir amildən də ehtiyat edir.
Şotlandiya müstəqillik qazanarsa, Rusiya və Çin bundan öz məqsədləri üçün istifadə edəcəklər. Bəzi ingilis ekspertlərin sözlərinə görə, Şotlandiya müstəqillik qazandıqdan sonra böyük şirkətlər Şotlandiyanı tərk edəcəklər. Bu halda Şotlandiyanın iqtisadi dəstəyə və kreditlərə ehtiyacı olacaq. Rusiya və Çin Avropada yeni tərəfdaş qazanmaq üçün Şotlandiyaya iqtisadi dəstək vədi verəcəklər. Moskva və Pekin Qərbin müxtəlif sanksiyaları ilə üz-üzədirlər. Buna baxmayaraq, həm Rusiyanın, həm də Çinin kifayət qədər maliyyə resursları var və onlar bu resurslarla tərəfdaşlarının sayını artırmaq istəyirlər. Buna görə də Moskva və Pekin diqqətlərini müstəqil Şotlandiyaya yönəldəcəklər.
London Şotlandiyanın müstəqilliyinin əleyhinədir və yeni referendum istəmir. Ancaq Böyük Britaniyada müxtəlif ssenarilər barədə düşünür və təhlükələrlə üzləşməməyə çalışırlar. Belə bir təhlükədən biri Putin Rusiyası və kommunist Çinin tərəfdaşı ilə qonşu olmaqdır.