vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
KİNO-TEATR  
09:41 | 30 noyabr 2022 | Çərşənbə Məqaləyə 905 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Payızın həzin mizanları...

“4.4” Qısa Tamaşalar Festivalı səhnə sənəti ilə yaşayanlar üçün özünüifadə meydanıdır

Həmidə NİZAMİQIZI

Teatr, səhnə, sənət özünü dünyada qərib hiss edib həyata bambaşqa pəncərədən baxanların təmas yerinə çevrilir yavaş-yavaş. Bilmirəm, pisdir, yoxsa yaxşı, amma reallıq budur. Ölkəmizdə sənət və həyat haqqında təsəvvürlərdə haçalanmalar olunca teatr adamları öz qütblərinə çəkilir və iç-içə bir dünya yaradırlar.

Məlum olduğu kimi, 25-30 noyabr tarixlərində ölkəmizdə ikinci dəfə “4.4” Qısa Tamaşalar Festivalı keçirilir. Mədəniyyət Nazirliyi və “Teatro.az” sənət portalının təşkilatçılığı ilə keçirilən, “Şuşa İli”nə həsr olunmuş festival bu dəfə daha zəngin proqramla teatrsevərləri bir aya gətirib.

Festivalın müsabiqə proqramına daxil edilən 12 səhnə əsəri təşkilat komitəsinə göndərilən 20 tamaşa arasından seçilib. Bu tamaşaların 5-i Bakıda, 5-i rayonlarda fəaliyyət göstərən dövlət teatrlarının, 2-si isə müstəqil teatrların payına düşür.

Bundan əlavə, festivalın proqramında ölkə teatrlarının repertuarındakı ən maraqlı əsərlərin sırasından seçilmiş 6 müsabiqədənkənar tamaşa da yer alıb. Builki sənət bayramına xüsusi rəng qatan özəlliklərdən biri də müsabiqədənkənar proqrama daxil edilmiş xarici tamaşadır. Belə ki, festival günlərində seyrçilər K.Marcanişvili adına Tbilisi Dövlət Akademik Teatrının Lev Tolstoyun eyniadlı povesti əsasında hazırladığı “Kreyser sonatası” tamaşasına baxa bildilər. Bundan başqa, teatr, sənət təhsili alan gənclər ustad dərsləri, performans müzakirələrinin iştirakçısı oldular.

Qayıdaq festival gündəliyinə. Festival çərçivəsində noyabrın 24-də Xalq artisti, Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının (Türkiyə) professoru Cahangir Novruzovun iştirakı ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “A.P.Çexovun “Ayı” və “Təklif” qısa pyesləri əsasında əməli təhlil üsulunun tətbiqi” mövzusunda treninq keçirildi. Üç saata yaxın davam edən treninqdə tələbələr, elə müəllimlər də sənətkardan əsl pedaqoq və rejissor dəqiqliyi ilə sonrakı fəaliyyətləri üçün önəm kəsb edən detalları öyrənə bildilər.

C.Novruzovun treninqi noyabrın 25-də daha geniş auditoriya qarşısında davam etdi. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq artisti ilə görüş oldu.

Başqa dinləyicilər kimi mənim üçün də bu görüş unudulmaz məqamlarla yadda qaldı. Müasir sənət, aktyor və zaman, sənətkar və şəxsiyyət, teatr və onun hazırkı çətin durumu haqqında fərqli rakurslardan baxış sərgiləyən C.Novruzov bir çoxlarımız üçün yeni həqiqətlər həlqəsi də yarada bildi. Həmin gün Akademik Milli Dram Teatrının rejissoru Nigar Güləhmədovanın quruluşunda Goderdzi Çoxelinin eyniadlı povesti əsasında hazırlanan “Küknarlara məktub”, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında rejissor Elşad Rəhimzadənin Ülviyyə Heydərovanın eyniadlı monopyesi əsasında hazırladığı “İnanıram” tamaşalarını izlədik.

Onu da qeyd edim ki, bu iki və ümumən festivalda diqqəti cəlb edən tamaşalar haqqında ayrıca yazacağıq.

***

Azərbaycan Dövlət Xor Kapellasının Dövlət Himnimizi (a kapella) səsləndirməsi və Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbir maraqlı bədii proqramı ilə yadda qaldı.

Mərasimdə çıxış edən Mədəniyyət Nazirliyi İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Fərəh Acalova “4.4” Qısa Tamaşalar Festivalının nazirliyin pandemiyadan sonra dəstəklədiyi ilk böyük layihələrdən olduğunu vurğuladı. Bildirdi ki, festivalın təşkilində əsas məram pandemiya dövründə durğunlaşmış teatr mühitini yenidən canlandırmaqla ona yeni nəfəs verməkdir: “Yaradı üfüqlərin genişliyi, sənətçilərə öz ideyalarının səhnədə azad şəkildə ifadəsi bizim üçün vacib amildir. Buna görə də budəfəki festivalda biz janr, üslub baxımından heç bir məhdudiyyət qoymadıq. Festivalda dövlət teatrları ilə yanaşı, özəl teatr kollektivləri və hətta kollektivi olmayan bütün yaradıcı şəxslərə öz işlərini təqdim etmək şəraiti yaradıldı. Beləcə, bu geniş meydan sayəsində onlar həm fərqli ölkələrin teatr mütəxəssisləri, həm də ənənəvi auditoriya qarşısında özlərinin yaradıcılıq imkanlarını sərgiləmək imkanı qazandılar”.

Festivala peşəkarlardan ibarət münsiflər heyətinin dəvət edildiyini diqqətə çatdıran F.Acalova layihənin davamlı olacağına inamını dilə gətirdi: “Budəfəki festival zəngin proqramlı və daha geniş formatlıdır. Əminik ki, ötən il olduğu kimi, bu il də festival teatr mühitinə öz töhfəsini verəcək və ətrafına topladığı yeni fikirli yaradıcı insanların sırasını genişləndirəcək”.

Gənc teatrşünas, Azərbaycan Teatr Xadimləri İttifaqının əməkdaşı Dağlar Yusifli Vətən müharibəsi qaziləri adından çıxış edərək festivalın Azərbaycanda əhəmiyyətli mədəniyyət hadisələrindən olduğunu dedi və bunu teatr, səhnə sənəti ilə məşğul olanlar üçün əsl özünüifadə meydanı adlandırdı.

Layihə barədə geniş məlumat verən festivalın art direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Cəfərov sənət bayramına maraqdan söz açdı. Dedi ki, festivalın proqramında müxtəlif ölkə teatrlarının repertuarındakı ən maraqlı əsərlərin sırasından seçilmiş 6 müsabiqədənkənar tamaşanın yer alıb.

Proqramın yalnız tamaşalarla bitmədiyini deyən E.Cəfərov 50-yə yaxın xarici qonağın qatıldığı festivalda teatrsevərlərin tanınmış teatr mütəxəssislərinin ustad dərslərində və panel müzakirədə iştirak edə biləcəklərini də diqqətə çatdırdı. Festivalın münsiflər heyətinin sədri sənətşünaslıq doktoru, professor İsrafil İsrafilov festivalın əhəmiyyətindən danışdı. Dedi ki, ötənilki tamaşalarla müqayisədə builki tamaşalar arasında xeyli dərəcədə fərq, irəliləyiş var. Festivalın əsas məqsədi yeni adların və istedadların ortaya çıxarılmasına xidmətdir.

Keçənilki festivalın qalibi olan ƏSA Teatrının təsisçisi və rəhbəri Nihad Qulamzadə layihənin əhəmiyyətindən danışaraq bütün yaradıcı insanları, həmçinin teatrsevərləri sənət bayramı münasibətilə təbrik etdi.

Açılış mərasiminin bədii proqramında Azərbaycan Dövlət Akademik Musiqili Teatrı balet truppasının təqdimatı və Xor Kapellasının müşayiətində maraqlı və baxımlı nömrələr maraqla qarşılandı.

***

Festivalın ikinci günü, noyabrın 26-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında münsiflərin – professor İsrafil İsrafilov, Xalq artisti, Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzov, teatrşünas, professor Aydın Talıbzadə, Əməkdar incəsənət xadimi, rejissor Mehriban Ələkbərzadə, yazıçı-dramaturq, professor Əli Əmirlinin ötən gün təqdim olunmuş “Küknarlara məktub” və “İnanıram” tamaşalarının müzakirəsi ilə başladı. Münsiflər heyəti və teatr mütəxəssisləri hər iki səhnə işi ilə bağlı təklif və iradlarını dilə gətirdilər.

Ardınca elə həmin məkanda Qusar Dövlət Ləzgi Dram Teatrının qazax dramaturqu Murat Kolqanatın “Poni” əsəri əsasında hazırlanan (rejissoru Əliyar Əliyev) eyniadlı tamaşa nümayiş olundu. Sonra “Movement” teatrının (Tbilisi) rejissoru İoseb Bakuradzenin “İmprovizə” mövzusunda treninqi reallaşdı. Gənc aktyorlara və bu sahədə təhsil alan tələbələrə səhnədə improvizənin ilkin elementləri barədə praktiki ştrixlərlə istiqamətlər verən teatr mütəxəssisinin treninqi gənclərin marağına səbəb oldu.

Həmin gün Lənkəran Dövlət Dram Teatrının “Qanlı namə” (müəllif İlqar Fəhmi, rejissor Tərlan Abdullayev) tamaşası da nümayiş olundu. Anşlaqla keçən tamaşanı izləyənlənlər arasında Prezident Administrasiyası Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva və mədəniyyət naziri Anar Kərimov da var idi. Tamaşadan sonra səhnə arxasına keçən Fərəh Əliyeva və nazir yaradıcı heyətə təbriklərini çatdırılar, festivalın işinə uğurlar arzuladılar.

İkinci günün sonunda – axşam saatlarında Azərbaycan Dövlət Yuğ Teatrının “Kloun Bizzz” (müəllif Matey Vişnek, rejissor Mikayıl Mikayılov) və Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin “Püstə ağacı” (müəllif Maqsud İbrahimbəyov, rejissor Vaqif Əsədov) müsabiqədənkənar tamaşaları da nümayiş olundu.

Üçüncü gün də ənənəvi olaraq öncəki günün tamaşalarının müzakirəsi ilə başladı.

Ardınca Akademik Musiqili Teatrda Füzuli Dövlət Dram Teatrının festivala təqdim etdiyi “Tənhalığın evi” tamaşası izlənildi. Səhnə əsəri Abdulla Elşadlının pyesi əsasında rejissor Nicat Mirzəzadənin quruluşunda ərsəyə gəlib.

Həmin gün Azərbaycan Dövlət Pantomima Teatrında rejissor Ceyhun Dadaşovun N.Qoqolun eyniadlı hekayəsi əsasında hazırladığı “Şinel”, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında rejissor Raulya Türkkanın quruluşunda “Maneken” (müəllif Firuz Mustafa) tamaşaları göstərildi.

Günün müsabiqədənkənar tamaşası isə Akademik Musiqili Teatrda İradə Gözəlovanın Cəlil Məmmədquluzadənin eyniadlı əsəri əsasında səhnələşdirdiyi “Anamın kitabı” oldu.

Festivalın sonuncu gün (30 noyabr) üçün proqramı da zəngindir. Tamaşaların müzakirəsinin ardınca gürcüstanlı teatr mütəxəssisləri – Yekaterina Mazmişvili, Nutsa Burcanadze və Levan Tsuladzenin təqdimatında “Festivalın strukturu: çağırışlar, vəzifələr və perspektivlər” və “Qafqaz tabaşir dairəsi” mövzularında ustad dərsləri olacaq.

Axşam festivalın bağlanmış mərasimi olacaq, qaliblər elan ediləcək.